Nəğmələr gülüstanının Sarası

 

Sara Qədimova - 90

 

Sənətdə şöhrəti təsdiqləyən və şərtləndirən müxtəlif meyarlar var. Buna bəzən sənət zirvəsi, xalq sevgisi, dövlət qayğısı və dəyəri kimi müxtəlif adlar deyirlər. İllər ərzində gəldiyimiz nəticə bu oldu ki, əslində, sənətdə şahlıq taxtı deyilən bir ünvan da var. Ora elə bir yerdir ki, hər kəsə müyəssər olmaz. Amma səsi, avazı, məharəti, ustadlığı ilə sənətin şahlıq taxtında - öz halal yerində qürurla əyləşərək haqq dünyasına elə oradaca qovuşmuş Sara xanım Qədimova yaşadığı 83 illik ömrünün 60 ilini milli musiqimizin inkişafına, tərəqqisinə, yüksəlişinə, gözəlliyinə və əbədiyaşarlığına bağladı. Təbii ki, dərin məhəbbətlə sevilən xalq artisti haqqında keçmiş zamanda danışmaq bu gün çox ağırdır. Etiraf edək ki, bu ustad sənətkarın varlığında yaşamaq həvəsi, həyat eşqi elə lövbər salmışdı ki, ilk nəğməsindən son segahına kimi bütün ifaları eyni məlahətdə, avazda və təsirdə oldu.

Sara Qədimova "Qatar", "Bayatı-Şiraz", "Mahur hindi", "Xaric segah", "Şur", "Şahnaz" və başqa muğamların, xalq, eləcə də bəstəkar mahnılarının ilahi ifaçısı idi. Yeganə qadın xanəndədir ki, bütün muğamları ifa edib. Sənətkarlar, musiqişünaslar təsdiqləyirlər ki, muğam dəstgahlarını indiyə qədər Sara Qədimova kimi bənzərsiz və xüsusi ustalıqla oxuyan ikinci xanım xanəndəmiz yoxdur. Doğrudur, yanıqlı səsi ilə muğamlarımıza öz möhürünü vuran Rübabə Muradova, ahəngində Azərbaycan təbiətinin rəng çalarlarını hiss etdirən Şövkət Ələkbərova, məlahətli səsi ilə könülləri oxşayan Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, eləcə də səhnəyə, sözün həqiqi mənasında, şuxluq, gözəllik gətirən Zeynəb Xanlarova kimi ifaçılarımız var. Bu sənətkarların Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri əvəzsizdir. Sara xanımı isə öz sənət rəfiqələrindən fərqləndirən bütün muğamları ifa etmək məharətinə malik olması idi. Səhnədə zahiri zərifliklə səs məlahətini birləşdirərək tamaşaçını gözəllik önündə heyrətə salan məhz ilk dəfə Sara Qədimova olub. Bu fakt danılmazdır.

Onu xanəndə görmək atası Bəbiş kişinin arzusu olub. Lakin atası dünyasını vaxtsız dəyişdiyindən ailənin bir çox qayğılarını çəkmək də Saranın zəif və zərif çiyinlərinə düşüb. Səkkizinci sinfi bitirən kimi tibb məktəbinə daxil olub. 16 yaşlı Saranın hələ xəbəri yox idi ki, Allah vergisi olan səsi onu haralara aparacaq, kimlərlə görüşdürəcək. Oxuduğu məktəbin özfəaliyyət dərnəyinə yazıldı. Əbilov adına klubda məşqlərə getdi. Əhməd Bakıxanov, Xan Şuşinski, Ağabala Abdullayev, Zülfü Adıgözəlov kimi sənətkarlar qızcığazın qolundan tutaraq muğam dünyasına apardılar. Sara bir də onda gözünü açdı ki, respublika özfəaliyyət kollektivlərinin filarmoniyada keçirilən baxış müsabiqəsinin iştirakçısıdır. Adı elan edildi: "Qatar". Oxuyur Əbilov adına klubun özfəaliyyət dərnəyinin üzvü Sara Qədimova". Mahnılar da, alqışlar da bir-birini əvəz etdi. Qaragözlü qızın sinəsindən qopan dağ havalı səs, qeyri-adi cazibə gücü Üzeyir Hacıbəyli kimi bəstəkarı, korifeyi səhnəyə - 16 yaşlı qızcığazı təbrikə çəkdi. Hüseynqulu Sarabski Saranı alqışlayaraq "Operamıza gələcəyin Leylisi gəlir" fikrini dilinə gətirdi. Bu ehtiram, etiraf və inamlı münasibət, əslində, Qarabağ gözəlinin gələcək həyat yolunu müəyyənləşdirdi.

1940-cı ildə Sara Qədimova tibb məktəbini bitirdi və Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin muğam şöbəsinə daxil oldu. Müəllimi də Hüseynqulu Sarabski idi. Sara Qədimovanın sənətə gələn yolu belə başladı. İlk qastrol səfəri də Moskvadan keçib. Bir qrup incəsənət ustası ilə birlikdə Ümumittifaq müsabiqəsində iştirak edib. Bu, 1941-ci il iyunun 20-də olub. Qəfil başlanan müharibə hər şeyi tar-mar etdi. İkinci dünya savaşı illərində Sara Qədimovanın səsi odlu-alovlu cəbhədən gəlirdi. Gənc müğənni Bülbül, Bəhram Mansurov, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Leyla Bədirbəyli kimi sənətkarlarla birlikdə dəfələrlə 416-cı Taqanroq diviziyasında azərbaycanlı əsgərlərin qarşısında çıxış edərək onları qələbəyə ruhlandırıb. O dövrdə Sara xanımın xüsusi bir şövqlə oxuduğu "Şəfqət bacısı" mahnısı dillər əzbəri idi. Böyük şairimiz Səməd Vurğunun yazdığı bu şeir Sara xanımın nəfəsində yeni bir həyat tapmışdı.

1942-ci ilin fevralında Sara Qədimova ilk dəfə İrana qastrol səfərinə gedib. Ay yarım davam edən bu nəğməli günlər Azərbaycan müğənnisinin ünvanına yaddan çıxmayacaq ehtiramlar gətirdi. Sara xanım İranda elə bir rəğbət qazanmışdı ki, iki il ötməmiş yenidən ora dəvət aldı. Bu dəfə 60 nəfərlik nümayəndə heyəti qonşu ölkəyə yola düşdü. Bu səfər də üç aya kimi davam etdi. Bir fakt da maraqlıdır ki, İrandan qayıdandan sonra Sara Qədimova Tibb İnstitutuna daxil olub, üçüncü kursa kimi oxuyub. Amma institutda axıra qədər davam gətirə bilməyib. Muğam dünyasına bağlılıq onun ağ xalat geyib həkimliklə məşğul olmasına mane olub. İki sənətin arasında çırpınan qız bir də gözünü açıb ki, Azərbaycanın xalq artistidir. Dünyanın xeyli hissəsini nəğmələri ilə dolaşıb. Quş qanadlı illər onu cavanlığından, gəncliyindən, bir çox arzularından ayırsa da, təzə-tər oxuduğu muğamlardan qopara bilmədi. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli, Əsli obrazlarının ustad yaradıcılarından biri oldu. Saranın Leylisi öz şuxluğu və məğrurluğuna görə başqa Leylilərdən seçilirdi. "Mən artıq opera səhnəsində Leyli kimi yanmışdım. Tamaşaçının könlündəki möhtəşəmliyi və qəlbimdəki Leyli duyğularını qorumaq üçün operadan getdim", - deyə fikrini belə dilə gətirmişdi Sara xanım.

1959-cu ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyündə iştirak edən sənətçilər arasında Sara Qədimova da var idi. Xan Şuşinski, Şövkət Ələkbərova və Sara Qədimovanın birlikdə oxuduqları "Qarabağ şikəstəsi" bütün tamaşaçıları heyrətə gətirmişdi. Bu üçlüyün qeyri-adi oxuma tərzi, ilahi ifası o qədər qüdrətli alınmışdı ki, bütün salon ayağa qalxaraq Azərbaycan xanəndələrini alqışlamışdı. Bu cür rəğbətli və sürəkli alqışlar "Bolşoy Teatr"ın həyatında elə də tez-tez baş verməzdi.

Rəhmətlik Yavər Kələntərli həmişə deyərmiş ki, Sara xanım "Qatar" oxuyanda gərək bütün müğənnilər susa. Bu muğamı çox xanəndələr oxuyub, amma "Qatar" öz zirvəsini məhz Sara Qədimovanın ifasında tapıb. Rəhmətlik Ağabala Abdullayev isə deyərmiş ki, heç bir müğənni "Qatar"ı Sara xanım kimi əzəmətlə oxumur. Bəlkə də ona görə böyük Üzeyir bəy dünyasını dəyişəndə "onun evində Sara xanım "Qatar"ı, Yavər xanım Kələntərli isə ağı şəklində çoxlu bayatı oxudular" (S.Rüstəmov). O günlərin şahidləri danışardılar ki, Mir Cəfər Bağırov Üzeyir Hacıbəylinin vəfatından çox mütəəssir olmuşdu. Xanımlar oxuduqca o da hönkür-hönkür ağlayırmış...E 

Azərbaycan torpağından ucalan bu səs çox ürəkləri riqqətə gətirirdi. 1997-ci ildə Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl respublikamıza rəsmi səfərdə olarkən onun şərəfinə verilən ziyafətdə Sara xanımın adını böyük ehtiramla çəkmişdi. Çox sevincli xəbərlərlə ürəyi atlanmış Sara xanım üçün bu müjdə əvəzsiz olmuşdu. O öz təşəkkürünü yazılı şəkildə qardaş ölkənin Prezidentinə göndərmişdi. Çox keçməmiş Ankaradan Azərbaycan müğənnisinin ünvanına cavab məktubu gəlmişdi: "Gerçəkdən 1967-ci ildə Azərbaycana ilk dəfə ziyarətim sırasında dinlədiyim şərqilərini hər zaman dəyərli xatirə olaraq hafizəmdə saxladım. Allah türk və Azərbaycan xalqlarının bir-birinə yenidən qovuşmasını qismət etdi, aramızdakı həsrət bitdi. Bu etibarla sizi ən qısa zamanda görmək mənə mutluluq verəcək..."

Azərbaycanın gözəl Sarası Türkiyə Prezidenti Süleyman Dəmirəlin şəxsi dəvəti ilə bir həftəliyə qonaq aparıldı. O zaman bu səfərin sevincini çox dəyərləndirən Sara xanım söhbət əsnasında demişdi: "Keçmiş SSRİ-nin bütün respublikalarını, həm də İran, İndoneziya, Bolqarıstan, Monqolustan, Suriya, Almaniya, Qvineya... necə sayım dəqiq olsun. Dünyanın yarıdan çoxunu gəzmişdim. Türkiyədən başqa. Məni orada necə qarşıladılar? Təsəvvürə gətirə bilməzsiniz özümü necə xoşbəxt sandım". Sara xanımı vəcdə gətirən Türkiyəyə dəvət edilməsi, ona göstərilən ehtiram deyildi. 30 il əvvəl oxuduğu şərqilərin Türkiyə kimi əzəmətli bir ölkə başçısı tərəfindən unudulmaması, yad edilməsi həssas təbiətli müğənnimiz üçün ən ali mükafat idi. Bu həm də Azərbaycan mədəniyyətinə, ifaçısına verilən qiymət kimi dəyərləndirildi.

Sara Qədimovanın sənət fədakarlığı, ifaçılıq ustalığı həm xalq, həm də dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, müstəqil respublikamızın "Şöhrət" ordeni ilə təltif edilmiş ilk sənətkarlarından biri idi. Prezident təqaüdünə layiq görülmüşdü. Dövlət səviyyəsində 60, 70, 80 illik yubileylərinin təntənəsi hələ də onu sevən tamaşaçıların gözlərindən çəkilməyib.

Böyük şairimiz Məmməd Araz Sara xanımın səsinin vurğunu idi. Hələ 60-cı illərdə ona ünvanlanmış gözəl bir şeir də yazmışdı. Sara Qədimovanı Azərbaycan mədəniyyətinin, musiqisinin, daha dəqiq desək, sənət bağının "ağ çiçəyi" adlandırmışdı. Bu çiçəyin nəfəsindən qopan ilahi səsi, nəğməsinin ahəngindəki titrəyişləri, insan ruhunu tərpədən zəngulələrini, dağı-daşı titrədən segahlarını Kürün ədasına, Arazın nidasına bənzətmişdi. Elə bil Sara xanımın sinəsində bütün ovqatına, oxumasına, hərəkətinə eləcə od paylayan köz var idi.

90 illiyini görmək, o günün şərəfinə səhnədə oxumaq Sara xanıma qismət olmadı. Kim tutub dünyanı min il qalacaq? Hər gəlişin bir gedişi mütləq var. Təsəllimiz ondadır ki, Sara Qədimova kimi sənətkarlar heç vədə unudulmurlar. Onların nəğmələri, mahnıları vurğunu olduqları vətənin dağı, dərəsi, çayı kimi həmişəyaşardır. Onun nəfəsindən qopan bütün nəğmələri gözəl idi. Amma Qarabağla bağlı bir nəğməsi var idi. Onu elə şövqlə oxuyardı ki, bu başıbəlalı yurdun bütün gözəllikləri səsdən süzülüb mənzərəyə, abidəyə dönərdi:

 

Cənnətim Qarabağ, zinətim

Qarabağ,

Nəğmələr gülüstanısan, sevgi

dastanısan.

 

Dinlədikcə adamın ruhu dara çəkilirdi: "Gözəl Şuşa - bir tamaşa..." Allah sənə rəhmət eləsin, böyük sənətkar! Sən, həqiqətən də, nəğmələr gülüstanının saralmayan, solmayan Sarası idin!..

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 1 iyun.- S. 10.