Bakıda böyük dərinliklərin neftqaz yataqlarının axtarışına dair beynəlxalq konfrans işə başlamışdır

 

İyunun 12-də Bakıda "Böyük dərinliklərin karbohidrogen potensialı: gələcəyin enerji resursları - reallıq və proqnoz" adlı Birinci Beynəlxalq konfrans işə başlamışdır.

Konfrans AMEA-nın Geologiya İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, Rusiya Elmlər Akademiyasının NeftQaz Problemləri İnstitutuİ.M.Qubkin adına Rusiya Dövlət NeftQaz Universiteti tərəfindən təşkil edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "bp" tərəfindən maliyyələşdirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə konfransın paytaxtımızda təşkil olunmasının səbəblərindən danışmış, Bakının bütün dünyada "Neft Akademiyası" kimi qəbul olunduğunu, alimlərimizin nəzəri və  praktiki elmi nəticələrə  nail olduqlarını qeyd etmişdir.

Tədbirin əhəmiyyətini qeyd edən Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik Səyavuş Qarayev bildirmişdir ki,  konfransın məqsədi dünyadakı hövzələrin, o cümlədən Cənubi Xəzərin daha dərin qatlarında neft yataqlarının axtarışı sahəsində imkanları müzakirə etmək, elmi təcrübəni bölüşməkdir.

Konfransda diqqətə çatdırılmışdır ki, bir neçə il əvvəl "bp" şirkəti tərəfindən Meksika körfəzində 10,5 kilometr dərinlikdə neft aşkar edilməsindən sonra ifrat dəriniklərdə neft-qaz strukturlarnın mövcudluğuna yeni elmi baxış yaranmışdır. Bununla bağlı Cənubi Xəzərdə də ifrat dərinliyin öyrənilməsi, neftqaz yataqlarının aşkar olunması zərurəti meydana çıxmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə "Karbohidrogen resurslarının qiymətləndirilməsi və Cənubi Xəzərin neft-qazlılığının perspektivliyi" mövzusunda çıxış etmişdir. X.Yusifzadə Xəzərdə aparılan geoloji kəşfiyyat, tətbiq edilən texnologiya, elmi nəticələr barədə məlumat vermişdir.

ABŞ, İngiltərə, Rusiya, Fransa, Almaniya və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə "Karbohidrogen resurslarının qiymətləndirilməsi və Cənubi Xəzərin neft-qazlılığının perspektivliliyi", "ABŞ-in Meksika körfəzinin  dərinlik hissəsində kəşfiyyat işlərinin tarixi", "Böyük dərinliklərin karbohidrogenləri: axtariş metodlarının təkmilləşmə yolları" və başqa mövzularda çıxışlar dinlənilmişdir. Məruzələrdə yerin qlobal enerji mənbələri və nəhəng neft-qaz yataqlarının formalaşma mexanizmindən, böyük dərinliklərdə karbohidrogen sistemlərinin formalaşma  xüsusiyyətlərindən, bu sahədə Rusiyada aparılan axtarış və kəşfiyyat işlərindən bəhs edilmişdir. Cənubi Xəzər meqaçökəkliyində böyük dərinliklərin neft-qazlılıq perspektivləri barədə ətraflı məlumat verilmişdir.

Sonra konfrans "Böyük dərinliklərin neft sistemləri", "Böyük dərinliklərdə geofiziki kəşfiyyat", "Hövzənin təkamülü - tektonika, stratioqrafiya, çöküntütorlanma"  mövzularına həsr edilmiş bölmələrdə davam etdirilmişdir.

Bölmələrdə "Cənubi Xəzər hövzəsində ifrat təzyiq altında dərində yatmış çöküntülərin qaz potensialı", "Dərinliyə gömülmüş neft-qazlılıq rezervuarlarının təbiəti", "Mürəkkəb rayonlarda kəşfiyyat işlərinə xüsusi yanaşma", "Qafqazın böyük dərinliklərinin neft-qazlılıq perspektivləri" və sair mövzularda məzuzələr dinlənilmişdir. Çıxışlarda böyük dərinliklərdə karbohidrogenlərin faza şəraiti və generasiya şərtlərinin xüsusiyyətləri, geoloji mühitdə flyüidlərin toplanması və ümumi lokallaşma haqqında ətraflı məlumat verilmişdir.

İyunun 14-dək davam edəcək konfransda dünyadakı hövzələrin, o cümlədən Cənubi Xəzərin daha dərin qatlarında neft yataqlarının axtarışı sahəsində imkanlar müzakirə ediləcək və təcrübə mübadiləsi aparılacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 13 iyun.- S. 4.