Vladimir DOROXİN: Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün prioritet məsələ olaraq qalmaqdadır

 

 Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ölkəsinin dövlət bayramı - Rusiya Günü şərəfinə iyunun  12-də  rəsmi qəbul təşkil etmişdir.

Tədbirdə Rusiyanın və Azərbaycanın dövlət himnləri səslənmişdir. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin  təntənəli mərasimdə çıxış edərək vurğulamışdır ki,  Azərbaycan-Rusiya əlaqələri  strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Səfir demişdir: "Həmin əlaqələrin əsasını iki ölkənin prezidenti arasındakı  fəal dialoq təşkil edir".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan  diplomat qeyd etmişdir ki,  Rusiya həmin problemi həll etmək üçün səylər göstərir. Səfir demişdir: "Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün prioritet məsələ olaraq qalmaqdadır".

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov  Rusiyanın dövlət bayramı münasibətilə  Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini  çatdırmışdır.

Azərbaycan-Rusiya münasibətlərinin  möhkəm əsas üzərində qurulduğunu vurğulayan F.Məmmədov qeyd etmişdir ki, xalqlarımızın dostluğu çoxəsrlik tarixə malikdir. Nazir demişdir: "Rusiya ilə  əlaqələrin möhkəm əsası  ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasəti  Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkələrimiz arasında  əlaqələr  bütün sahələrdə  sürətlə və dinamik  şəkildə inkişaf edir".

Qəbulda Milli Məclisin deputatları, dini konfessiyaların  başçıları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, digər rəsmi şəxslər iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 13 iyun.- S. 5.