AŞ PA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri
Azərbaycanda məhkəmə-hüquq sistemində həyata
keçirilən islahatları yüksək qiymətləndirmişlər
Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Avropa Şurasına üzv Dövlətlər Tərəfindən Öhdəliklərin Yerinə Yetirilməsi üzrə Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex, Pedro Aqramunt Fond de Mora iyunun 12-də baş prokuror Zakir Qaralov ilə görüşmüşlər.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Zakir Qaralov Azərbaycan Respublikasının Avropa Şurası ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirmiş, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması barədə ətraflı məlumat vermişdir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran baş prokuror, respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini xüsusi vurğulamışdır.
AŞ PA ilə Azərbaycan
arasında sıx əməkdaşlıqdan və bu əlaqələrin daha
da inkişaf etdirilməsindən
məmnunluğunu ifadə edən həmməruzəçilər
ölkəmizdə məhkəmə-hüquq sistemində həyata
keçirilən islahatları, xüsusilə, insan
hüquq və azadlıqlarının
daha etibarlı müdafiəsinə xidmət
edən öhdəliklərin yerinə yetirilməsi ilə
bağlı görülmüş işləri
yüksək qiymətləndirmişlər. Azərbaycanda gedən
demokratik prosesləri dəstəklədiklərini
və bu sahədə zəruri kömək
göstərməyə hazır olduqlarını
vurğulamışlar. Görüşdə səmərəli
fikir mübadiləsi aparılmış və
maraq doğuran suallar cavablandırılmışdır.
Azərbaycan.- 2012.- 13 iyun.- S. 5.