Azərbaycan
Avropa üçün əhəmiyyətli ölkədir
Azərbaycanda səfərdə olan Almaniyanın "Behörden Spiegel" qəzetinin baş redaktoru Üve Proll və idarə heyətinin üzvü, daxili işlər nazirinin sabiq müavini Auqust Hanninq iyunun 12-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovla görüşmüşlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin əsas məqsədi cari ilin sentyabrında Bonn şəhərində həmin mətbuat orqanının Almaniyanın Daxili İşlər Nazirliyi ilə birgə keçirəcəyi "Fövqəladə halların idarə olunması və mülki müdafiənin təşkili üzrə 8-ci Avropa Konqresi"ndə Azərbaycanın təmsil olunmasına dair məsələləri müzakirə etməkdir.
R.Usubov ötən illərdə Almaniyanın Daxili İşlər Nazirliyi və "Behörden Spiegel" qəzetinin birgə təşəbbüsü ilə Berlində keçirilmiş 10-cu və 11-ci Avropa Polis Konqresində, həmçinin 7-ci Berlin Təhlükəsizlik konfransında iştirakını xatırlamış, Almaniyaya səfəri çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılması məqsədi ilə iki ölkənin daxili işlər nazirlikləri arasında imzalanmış Birgə Niyyət Bəyanatının əhəmiyyətini vurğulamışdır.
Görüşdə Azərbaycanın polis orqanlarının fəaliyyət sahələrinin beynəlxalq standartlara uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni qanunların hazırlanması sahəsində almaniyalı ekspertlərin köməyi razılıqla qeyd edilmişdir.
Auqust Hanninq Avropanın sərhədində yerləşən vacib bir ölkə kimi Azərbaycanın əhəmiyyətini xüsusi qeyd etmiş, "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi günlərdə təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işləri yüksək qiymətləndirmiş, ulu öndər Heydər Əliyev ilə yaddaqalan və maraqlı görüşünü xatırlamışdır.
Üve Proll isə növbəti Polis Konqresi barədə
geniş məlumat vermiş, bölgədə Avropaya
inteqrasiya istiqamətində Azərbaycanın xeyli iş
gördüyünü bildirmişdir. Görüşdə
bir sıra digər məsələlər də müzakirə
olunmuşdur.
Azərbaycan.- 2012.- 13 iyun.- S. 5.