Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin yaradılması haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edilsinonun əsasında Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yaradılsın.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində dövlət xidmətləri göstərən, habelə bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunmasını təşkil edən və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən dövlətə məxsus şirkətdir.

3. Bu fərmanın 1-ci hissəsi ilə ləğv edilmiş Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əmlakı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə verilsin.

4. Şirkətin yenidən təşkili və (və ya) ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Şirkətin Nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq iki ay müddətində müəyyən etsin;

5.2. Şirkətin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Şirkətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlər görsün.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 1.