15 iyun - Milli Qurtuluş
Gününün quruculuq
ərməğanları
Naxçıvan şəhərində
1 nömrəli uşaq bağçasının yeni binası
istifadəyə verilmişdir
15
iyun - Milli Qurtuluş Günündən başlanan Heydər Əliyev
xilaskarlıq missiyası dövlətçilik tariximizə
şanlı bir səhifə kimi daxil olmuş, müstəqil
Azərbaycan sürətli inkişaf və tərəqqi yoluna
çıxmışdır.
Hər
il Naxçıvan Muxtar Respublikasında Milli Qurtuluş
Günü ərəfəsində ulu öndər Heydər Əliyevin
siyasi xəttinin bəhrəsi olan yeni inzibati binalar, istehsal sahələri
və sosial obyektlər istifadəyə verilir,
Naxçıvan Milli Qurtuluş Gününü yeni sosial
obyektlərin açılışı ilə qeyd edir.
AzərTAc
xəbər verir ki, iyunun 12-də Naxçıvan şəhərində
1 nömrəli uşaq bağçasının yeni binası
istifadəyə verilmişdir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov açılış mərasimində
iştirak etmişdir.
Açılış
tədbirində çıxış edən Naxçıvan
Şəhər İcra Hakimiyyətinin
başçısı Vüqar Səfərov bildirmişdir
ki, muxtar respublikamızda uşaqların yüksək sosial-mənəvi
mühitdə böyüməsi, onların təlim-tərbiyəsinin,
təhsilinin müasir səviyyədə təşkil
olunması istiqamətində ardıcıl tədbirlər
görülür, məktəbəqədər, məktəbdənkənar
tərbiyə müəssisələri üçün yeni
binalar tikilərək istifadəyə verilir. Bu gün istifadəyə
verilən 1 nömrəli uşaq bağçasının
binası ən müasir tələblərə cavab verir.
Bütün bunlar muxtar respublikada uğurla həyata
keçirilən dövlət uşaq-gənclər siyasətinin
daha bir göstəricisidir. Vüqar Səfərov yaradılan
şəraitə və göstərilən qayğıya
görə minnətdarlığını bildirmişdir.
Ali Məclisin
sədri Vasif Talıbov Naxçıvan şəhər 1
nömrəli uşaq bağçasının istifadəyə
verilməsi və Milli Qurtuluş Günü münasibətilə kollektivi və
valideynləri təbrik edərək demişdir: "Bu gün
Azərbaycanın, eləcə də Naxçıvan Muxtar
Respublikasının inkişafının əsas hərəkətverici
qüvvəsi ulu öndər Heydər Əliyevin ideyaları,
onun siyasi xəttidir. 15 İyun -
Milli Qurtuluş Günündən başlanan Heydər Əliyev
quruculuq və inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Bu yol Azərbaycanı iqtisadi inkişafına görə
dünyanın lider dövlətləri sırasına
çıxarmışdır. Ölkəmizin bugünkü
inkişafı, yeni sosial obyektlərin, məktəb
binalarının, səhiyyə, mədəniyyət
ocaqlarının tikilməsi Milli Qurtuluş Gününün
bəhrəsidir."
"Ölkənin
gələcək inkişafını təmin etmək
üçün, ilk növbədə, uşaqlara yüksək
qayğı göstərilməli, onlar sağlam mühitdə
böyüməlidirlər" - deyən Ali Məclisin sədri
bildirmişdir ki, bu işləri həyata keçirmək
üçün uşaq bağçaları və məktəblər
üçün müasir binalar tikilməli, onların
maddi-texniki bazası gücləndirilməlidir. Muxtar
respublikada bu işə xüsusi diqqət göstərilir, uşaq bağçaları
üçün tikilən yeni binalarda hərtərəfli
şərait yaradılır. Hazırda muxtar respublikada fəaliyyət
göstərən 15 uşaq bağçasından 12-si
müasir şəraiti olan yeni binalarda yerləşir. 1928-ci
ildə bir qrup və iki nəfərlik heyətlə fəaliyyətə
başlayan Naxçıvan şəhər 1 nömrəli
uşaq bağçası üçün bu gün 280 yerlik
müasir bina istifadəyə verilir. Muxtar respublikada bu istiqamətdə
həyata keçirilən tədbirlər hazırda da davam
etdirilir. Naxçıvan şəhərinin Babək məhəlləsində
və Sədərək rayonunda uşaq bağçaları
üçün müasir binaların tikintisi aparılır.
Gələcəkdə də uşaqların sağlam
böyüməsi, cəmiyyət və ölkə
üçün yararlı vətəndaş olması istiqamətində
ardıcıl tədbirlər həyata keçiriləcək,
uşaq bağçaları və məktəb
binalarının tikintisinə diqqət
artırılacaqdır.
"Uşaqlara
qayğı gələcəyimizə qayğıdır. Gələcəyimizin
etibarlı olması isə müstəqilliyimizin əbədi
olması deməkdir" - deyən Ali Məclisin sədri bir
daha kollektivi 15 İyun - Milli Qurtuluş Günü münasibətilə
təbrik etmiş, uşaqların sağlam və təhsilli
böyüməsində onlara uğurlar
arzulamışdır.
Açılışı
bildirən lent kəsildikdən sonra binaya baxış
olmuşdur.
Məlumat
verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən
ibarət olan binada tikinti işləri Naxçıvan Şəhər
Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən
yüksək keyfiyyətlə aparılmışdır. Burada
müxtəlif yaş qrupunda olan uşaqların məktəbəqədər
tərbiyəsinin günün tələbləri səviyyəsində
təşkili üçün lazımi şərait
vardır.
Ümumilikdə
280 yerlik bağçada 14 qrup fəaliyyət göstərir.
Onlardan 4-ü körpə, 4-ü böyük, 3-ü orta,
3-ü isə məktəbə hazırlıq
qruplarıdır. Binanın birinci, ikinci və
üçüncü mərtəbələrində hər
qrup üzrə ayrıca yataq və oyun otaqları, tədbirlər
və şənliklər zalı, tibb otağı, metodiki kabinə,
valideyn və iş otaqları vardır. Müəllim və tərbiyəçilərin
nəzarətində uşaqların tərbiyəsinə,
sağlamlığına və qidalanmasına ciddi diqqət
yetiriləcək, qidalanma həkim-dietoloqlar tərəfindən
müəyyənləşdirilmiş ümumi qrafik üzrə
təşkil olunacaqdır.
Uşaq
bağçasında tədbirlərin keçirilməsi
üçün şənliklər zalı
yaradılmış, pianino qoyulmuş, zala yüksək tərtibat
verilmişdir. Şənliklər zalında uşaqlar Vətənimizə,
ulu öndər Heydər Əliyevə həsr olunmuş
şeirlər söyləmiş, rəqs etmiş, Ali Məclisin
sədri ilə xatirə şəkli çəkdirmişlər.
Bildirilmişdir
ki, yaradılan şəraitin müqabilində uşaqlar
gündəlik keçirilən nitqin inkişafı, bədii ədəbiyyatla
tanışlıq, riyaziyyat, təsviri fəaliyyət, idman və
musiqi məşğələlərində bilik, bacarıq və
vərdişlərə yiyələnə biləcəklər.
Ali Məclisin sədri təlim prosesində əyani vasitələrdən
istifadəyə xüsusi diqqət yetirilməsinin vacibliyini
qeyd etmişdir.
Valideynlər
muxtar respublikada uşaq bağçalarının fəaliyyətinin
müasir tələblər səviyyəsində qurulması,
uşaqların intellektual, fiziki inkişafı və
sağlamlıqlarının qorunması üçün
yaradılan şəraitə görə Ali Məclisin sədrinə
minnətdarlıqlarını bildirmişlər.
Binada
ərzaq anbarı, mətbəx, yeməkxana,
camaşırxana, qazanxana, dərzi və yardımçı
otaqlar da vardır.
Binanın
həyətində də geniş abadlıq işləri
aparılmış, müasir uşaq-əyləncə
meydançaları və istirahət guşələri
yaradılmış, Heydər Əliyev prospektindən
bağçaya qədər olan yola asfalt örtük
salınmışdır.
Ali Məclisin
sədri binada həyata keçirilən inşaat işlərini
yüksək qiymətləndirmiş, tikilənlərin,
qurulanların qorunub saxlanılmasını tövsiyə
etmişdir.
Azərbaycan.- 2012.- 13 iyun.- S. 5.