Azərbaycanda məhkəmə
prosesində ən yeni informasiya
texnologiyalarından istifadə olunur
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Avropa Şurasına üzv Dövlətlər Tərəfindən Öhdəliklərin Yerinə Yetirilməsi üzrə Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex, Pedro Aqramunt Fond de Mora və Monitorinq Komitəsi katibliyi rəhbərinin müavini xanım Aqnieşka Naçilo iyunun 12-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.
Görüşdə R.Rzayev demişdir ki, Azərbaycan məhkəmə sistemi Avropa məhkəmə sistemi olaraq fəaliyyət göstərir. Ali Məhkəmədə mütəmadi keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının presedent hüququ öyrənilir. Həmçinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın yerinə yetirilməsi ilə əlaqədar konkret tədbirlər görülür. Çalışırıq ki, qəbul edilən qərarlar ədalətli olsun, vahid təcrübəyə əsaslansın. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
Görüşdə Ali Məhkəmənin sədri həmməruzəçilərin suallarını ətraflı cavablandırmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 13 iyun.- S. 5.