Avropa
Şurası Parlament Assambleyasının Azərbaycan üzrə
həmməruzəçiləri Qafqaz Müsəlmanları
İdarəsində olmuşlar
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt iyunun 12-də Qafqaz Müsəlmanları İdarəsində olmuşlar.
AzərTAc xəbər verir ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşeinin, Dağ Yəhudiləri İcmasının başçısı Milix Yevdayevin, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviçin, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin iştirakı ilə keçirilən görüşdə tolerantlıq, dini dözümlülük, dinlərarası əlaqələr və digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə din və dövlət münasibətləri barədə məlumat vermiş, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələrinin dostluq şəraitində yaşadığını vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, ölkəmizdə dini dözümlülük və tolerantlıq ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq təcəssüm tapmışdır. Hazırda Prezident İlham Əliyev bu kursu uğurla davam etdirir.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Şeyxülislam demişdir ki, problem ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmalıdır. Bu, Azərbaycanın dəyişməz mövqeyidir.
Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərləri də çıxış edərək ölkəmizdə mövcud olan tolerantlığın, beynəlxalq aləmdə nümunəyə çevrildiyini vurğulamışlar. Diqqətə çatdırmışlar ki, ölkədə müxtəlif dini konfessiyaların nümayəndələri dostluq, mehribançılıq şəraitində birgə yaşayırlar.
Müxtəlif dini konfessiyaların rəhbərlərinin
bu görüşdə bir araya gəlməsindən məmnunluğunu
bildirən AŞ PA-nın həmməruzəçiləri Azərbaycanın
tolerantlıq mühitini yüksək qiymətləndirmişlər.
Azərbaycan.- 2012.- 13 iyun.- S. 6.