Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə jurnalının cari ildə ilk nömrəsi çapdan çıxmışdır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalının cari ildə ilk nömrəsi çapdan çıxmışdır.

AzərTAc xəbər verir ki, jurnalda demokratik cəmiyyətdə dövlət idarəçiliyinin və yerli özünüidarəetmənin nəzəriyyəsi və təcrübəsi üzrə tədqiqatlar cəmlənmişdir.

Jurnalın redaksiya şurasının sədri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

"Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalının ilk səhifələrində Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il bayramı münasibətilə Azərbaycan xalqına təbriki yer almışdır. Həmçinin dövlət başçısının fəaliyyətinin cari ilin ilk üç ayını əhatə edən qısa xronikası, rəsmi qəbulları, bölgələrə və xarici ölkələrə səfərləri haqqında məlumatlar verilmişdir. Eyni zamanda, jurnalda Azərbaycan Prezidentinin nitqləri, çıxışları və müsahibələri dərc edilmişdir. Bütün bu rəsmi materialları dosentlər E.Nəsirov, B.Haqverdiyev, E.Əhmədov və müəllim F.Şammədov AzərTAc-ın materialları əsasında hazırlamışlar.

Tarix üzrə fəlsəfə doktoru, dosent Elman Nəsirovun "Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusudur" məqaləsi rus dilində jurnalın "Siyasət" bölməsində verilmişdir. Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki mərhələdə dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişafı yolunda atdığı misilsiz addımlar tədqiq edilmişdir.

"Tarix" bölməsində isə siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyevanın "Şamaxı soyqırımı: tarixi həqiqətlər şahidlik edir" və tarix elmləri doktoru Musa Quluzadənin "Nəsirəddin Tusinin "Əxlaqi-Nasir" əsərində dövlətçilik məsələləri" məqalələri işıq üzü görmüşdür. Hər iki məqalədə alimlər arxiv sənədləri və tarixi faktların dili ilə oxucuya seçilmiş mövzular üzrə ətraflı və dolğun məlumat verməyə çalışmışlar.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Murtuza Həsənovun "Səmərəli dövlət idarəçiliyi dövlətin dinamik inkişafının həlledici amilidir" mövzusunda elmi məqaləsi isə "İdarəetmə" bölməsində yer almışdır. Məqalədə səmərəli dövlət idarəçiliyi sayəsində Azərbaycanda görülmüş mühüm işlərdən söz açılmışdır.

"Hüquq" bölməsində verilmiş hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Nazənin Hüseynovanın "İnzibati prosesin strukturu və mərhələləri" və hüquq üzrə fəlsəfə doktoru Tural Hacıyevin "Milli dövlətçiliyin möhkəmlənməsində mühüm amil olan cinayət hüququ elminin bəzi inkişaf tendensiyaları" məqalələri müstəqilliyimizin bərpasından sonra ölkədə həyata keçirilən geniş hüquqi islahatlardan bəhs edir.

Psixologiya üzrə fəlsəfə doktoru Şəfahət Abdullayevanın fəlsəfə bölməsində yer almış "Deskriptiv psixologiyadan fenomenoloji fəlsəfəyə" məqaləsində müəllif fenomenologiyanın inkişaf etdiyi bir dövrdə humanist psixologiyanın yaranmasının vaxtının çatdığını vurğulamışdır.

Jurnalın "Təhsil" bölməsində fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Bayram Haqverdiyevin "Təhsildə modernləşmənin sosial-psixoloji əsasları" məqaləsində oxucular müasir təhsilimizin modernləşməsindən, təlim-tərbiyə prosesində müasir informasiya texnologiyalarından səmərəli istifadə edilməsi qaydalarından bəhrələnə biləcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun dosenti Hüsniyyə Babayevanın "PR texnologiyaların milli-konseptual modelinin Azərbaycan cəmiyyətinin dəyərlərə yönəlmiş birliyinin formalaşmasında rolu" mövzusunda məqaləsi rus dilində "Cəmiyyət" bölməsində dərc edilmişdir. Məqalədə PR texnologiyaların ölkənin milli imicinin yaradılması və vətənpərvərliyin tərbiyə olunmasındakı rolu təhlil edilmişdir.

Çinin Azərbaycandakı səfiri Xun Tsyuinin "Əbədi dostluq və etibarlı tərəfdaşlıq", həmçinin Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professorları A.Məhəmmədcanova və Z.Fedotovanın "Qazaxıstan Respublikasında dövlət idarəçilik sisteminin modernləşməsi: təcrübə və perspektivlər" mövzusunda məqalələri "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalının "Beynəlxalq əməkdaşlıq" bölməsində rus dilində dərc edilmişdir.

Bütün bunlarla yanaşı, həmçinin jurnalda cari ilin ilk üç ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilmiş tədbirlər, görüşlər və konfranslar haqqında da məlumatlar yer almışdır.

"Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalının bu nömrəsində işıq üzü görən yazılar maraqlı faktlarla zəngindir.

 

 

Azərbaycan.- 2012.- 13 iyun.- S. 6.