Kulturoloqların II Beynəlxalq Bakı forumunda 10 ölkədən mütəxəssislər iştirak edirlər

 

İyunun 12-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu" mövzusunda kulturoloqların II Beynəlxalq Bakı forumu işə başlamışdır. AzərTAc xəbər verir ki, forumda yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniya, Türkiyə, Rusiya, Gürcüstan, Macarıstan, Ukrayna, Qazaxıstan, Belarus, Qırğızıstan və Özbəkistandan nümayəndələr iştirak edirlər.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirmişdir ki, mədəniyyət siyasəti sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsində elmin iştirakının təmin edilməsi, xarici ölkələrdə fəaliyyət göstərən müvafiq elmi qurumlarla sıx əməkdaşlıq əlaqələrinin yaradılması, kulturologiya elminin populyarlaşması, habelə mədəniyyət sahəsinin dövlətin və cəmiyyətin inkişafında əhəmiyyətinin artırılmasına xidmət edən elmi tədqiqatların dəstəklənməsi məsələləri forumun əsas müzakirə mövzusu olacaqdır.

 Tədbirin əhəmiyyətindən və forumun ölkəmizin həyatında mühüm hadisə olmasından danışan Ə.Qarayev demişdir ki, Prezident İlham Əliyevin mədəniyyətimizə diqqət və qayğısının nəticəsi olaraq son vaxtlar respublikamızda mədəniyyət siyasətinin aktuallığı xeyli artmışdır.

Nazir Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin təbliği, inkişafı istiqamətində görülmüş işləri yüksək qiymətləndirmişdir.

Qloballaşma dövründə kulturologiya elminin əhəmiyyətindən söz açan Əbülfəs Qarayev diqqətə çatdırmışdır ki, Azərbaycan dövləti yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də mədəniyyətlərarası dialoq siyasəti aparır.

Tədbirdə nazirliyin sektor müdiri Asif Usubəliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov qloballaşma dövründə elmin səviyyəsindən, nüfuzundan, ölkəmizdə elmin inkişafına göstərilən diqqət və qayğıdan danışmış, kulturologiyanın digər ictimai elmlərlə əlaqəsinin vacibliyini vurğulamışlar.

Azərbaycanın son illərdə kulturoloji sahədə qazandığı nailiyyətlərdən söz açan çıxışçılar bildirmişlər ki, müstəqillik illərində ölkəmizdə bu sahədə çox işlər görülmüş, böyük tərəqqiyə nail olunmuşdur.

Forumda Rusiya Federasiyasının Prezidenti yanında Kənd Təsərrüfatı və Dövlət Qulluğu üzrə Akademiyanın professoru Olqa Astafyeva, Gürcüstan Siyasi Tədqiqatlar İnstitutunun əməkdaşı Malxas Matsabiridze, Macarıstanın Eötvöş Lorand Universitetinin nümayəndəsi Cudit Bartoli və başqaları çıxış edərək tədbirin böyük əhəmiyyət daşıdığını vurğulamışlar.

Qeyd edilmişdir ki, Azərbaycan son illər humanitar sahədə mühüm tədbirlərə ev sahibliyi etməklə, sanki mədəni sivilizasiyaların qovuşduğu bir məkana çevrilmişdir.

Tədbirdə mədəniyyətin tədqiqi, habelə beynəlxalq mədəni əlaqələrin yaradılması sahəsində səmərəli fəaliyyətinə görə bir qrup forum iştirakçısına Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomları təqdim edilmişdir.

Foruma iyunun 13-də yekun vurulacaqdır.

 

 

Azərbaycan.- 2012.- 13 iyun.- S. 6.