Goranboydan gəlirəm...

 

Goranboydan gəlirəm yuxulu, səksəkəli,

Yatammıram yuxumu səngər ərşə çəkəli.

Tarixlərdə qalmasın vicdanımız ləkəli,

İşığı sönmüşlərə Ulduz verin, Ay verin,

Goranboydan gəlirəm, Goranboya hay verin!

 

Çalbayır əsir düşüb, Qarabağ əsir qalıb,

Tülkülər caynağında Laçın kimi şir qalıb,

Şuşanın verilməyi millət üçün sirr qalıb,

Düşmənin tapdağında görün neçə pir qalıb,

Anamı ağladanın anasına vay verin,

Goranboydan gəlirəm, Goranboya hay verin!

 

Goranboydan gəlirəm... Yol boyu vaxtilə Goranboyun o ağır günlərində xalq şairi Zəlimxan Yaqubun yazdığı  bu misralar yadıma düşür, bir də Goranboyun neçə-neçə kitaba sığmayan igidlik, cəsarət, qəhrəmanlıq dolu tarixi.

Bu tarixi əslən Goranboydan olan jurnalist həmkarım Vəsimə İsmayılqızının kitabından oxuyuram. Kürək, Goran və Korçay vadisində yerləşən Goranboy Bakıdan 327 kilometr məsafədə, şimal-şərqdə Yevlax, cənub və cənub-qərbdə Tərtər, cənub-qərbdə Kəlbəcər, şimal-qərbdə Samux rayonları ilə həmsərhəddir. Goranboy adı ilə 1930-cu ildə yaradılıb. Həmin vaxt Goranboyun tarixi torpaqları hesabına Aşağı Ağcakənd rayonu da yaradılıb. 1938-ci ildə Goranboyun adı dəyişdirilərək Qasım İsmayılov, Aşağı Ağcakənd rayonunun adı Şaumyan (kənd) rayonu adlandırılıb. Qarabağ hadisələrinin vüsət aldığı 1991-ci il 12 fevralda tarixi ədalətsizliyə son qoyuldu - Şaumyan (kənd) rayonu ləğv edilərək Goranboya birləşdirildi. Həmin dövrün məlumatlarına əsasən, Goranboyun sahəsi 1791 kv.km, əhalisi 91,5 min nəfər olub. Dünya şöhrətli Naftalan şəhəri də bu rayonun ərazisindədir.

Bu qədim türk torpaqlarındakı abidələr tarixin ən qədim dövrlərindən xəbər verməkdədir. Azərbaycan tarixinin iki mühüm hadisəsi də bu ərazilərdə qeydə alınıb - xalqımızın parçalanmasına yönəlmiş "Gülüstan" müqaviləsi və Qarabağ xanı ilə rus canişini arasında imzalanan məşhur "Kürəkçay" müqaviləsi. Həmin Gülüstan qalası yenə yaşamağında, Kürəkçay çayı isə ilin fəsillərindən asılı olmayaraq Arana doğru yenə axıb getməyindədir.

Qarabağdan Gəncəyə, ordan da Azərbaycanın digər bölgələrinə uzanan, vaxtilə Kərəmin də Əslisinin dalınca getdiyi qədim Qarabağ yolu da bu ərazidən keçir. İndi dağların ətəyindən keçən magistral yollar onun əhəmiyyətini azaltsa da, xalqın yaddaşı o yolu hələ də qoruyub saxlamaqdadır.

O illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olmuş İrşad Əliyev hakimiyyət strukturlarındakı hərc-mərcliyi yada salır. O vaxt belə gərgin bir dövrdə Milli Məclisdə ümummilli liderin Qarabağ münaqişəsinin həlli ilə bağlı çıxışını bəzi deputatların dinləmək istəməməsini, ancaq onun həmin iclasda israrla öz fikirlərini söylədiyini xatırlayır: "Bəlkə o vaxt onu dinləyən olsaydı, bu qədər fəlakətlə üz-üzə qalmazdıq." Milli Məclisin həmin sessiyasında ən axırda çıxış edən İrşad Əliyev həmişəki kimi hamını birliyə və problemin kökünü görməyə çağırdı. Ordan qayıtdıqda artıq bilirdi ki, "yuxarılar"dan kömək olmayacaq. Bircə yol qalır: əhalini bir yerə yığıb ermənilərə qarşı mübarizə aparmaq. Uzun müddət ermənilərin arasında çalışdığı üçün onların məkrli planlarını yaxşı anlayırdı. Artıq rayonun azərbaycanlılar yaşayan Başqışlaq və Ballıqaya kəndləri yandırılmış, ermənilərin arxasında azərbaycanlı kəndi qalmamışdı. Artıq söhbət strateji əhəmiyyətli Todan kəndindən gedirdi. Azərbaycanlıların yaşadığı, ermənilərin əhatəsində olan bu kənd alınsa, Gəncəyə birbaşa yol açılmış olurdu. Bir yandan da Şəfəq, Zeyvə, Gürzalılar təhlükə altında idi.

 

 Ermənilərin planı məlum idi

 

 Ermənistan ərazisindən əvvəlcə azərbaycanlılar qovulmalı, Dağlıq Qarabağdan azərbaycanlılar çıxarılmalı, Goranboy ərazisi boşaldılmalı və Kürün sağ sahilinə qədər olan torpaqlar işğal olunmalı idi. Ermənilərin bu sonuncu planı Qarabağın bir hissəsi olan Goranboyda iflasa uğradı, bir arzu olaraq ürəklərində qaldı. Tarixə həm "Goranboy", həm də "Gülüstan əməliyyatı" kimi  daxil olan bu möhtəşəm qələbədən 20 il ötür. 1991-ci ilin əvvəllərindən müəyyən fasilələrlə davam edən bu əməliyyat 1992-ci ilin iyun ayının 12-13-də uğurla başa çatdı. Qarabağ hadisələrinin başlanması ilə ölkə rəhbərliyindəki hərc-mərcliyin davam etdiyi, ictimai-siyasi gərginliyin gündən-günə artdığı, sadə xalqın özünü müdafiədən başqa bir yol tapmadığı bir dövrdə Goranboy əməliyyatı baş tutdu.

 

"Goranboy əməliyyatı" xatırlayarkən

 

Bəyaz ƏLİYEVA:

 

- Ermənilərin bizə qarşı nifrətini həmişə hiss etmişik. Hələ 1974-cü il idi. Aşağı Ağcakənddə yaşayırdıq. Körpə oğlum Vüqarla evdə idik. Gecə idi. İrəvandan gələn ermənilər evimizdə işıq yanmadığını görüb elə güman etdilər ki, biz burda yoxuq. Ona görə xalqımızın, millətimizin ünvanına ağızlarına gələni danışdılar. Uşağımın kolyaskasını da sındırmışdılar. Mən onda bir daha hiss elədim ki, onlar heç vaxt bizimlə barışmayacaqlar.

 

 

Rafiq QORÇİYEV:

 

- Mən o vaxtlar burda kolxoz sədri idim. 1991-ci  ilin avqustunda ermənilər pusqu qurub işə gedəndə məni tutmaq istəyirdilər. Atışdıq, güclə xilas ola bildik. O döyüşdə yaralandım da. Hara şikayət edirdik baxan yox idi. Hamı başını itirmişdi. Hamımız Heydər Əliyevin hakimiyyətə gələcəyini, bu qanların dayanacağını gözləyirdik, amma elə olmadı... Ümid bir özümüzə qalmışdı...

 

 

Krım ƏMİRASLANOVA:

 

- Bizim Tapqaraqoyunlu kəndini tanımayan olmaz. Bu müharibədə çox əziyyətlər çəkdik, amma kənddən çıxmadıq. Ərimi orta məktəbdə oxuyan oğlumla, bir neçə qohumumla birlikdə ermənilər əsir aparmışdılar. Beş aydan sonra qaytara bildik. Sonra yaşına baxmayaraq həyat yoldaşım əsirlikdən qayıdan kimi cavanları başına yığıb düşmənlərlə axıra qədər vuruşdu, şəhid oldu.   

 

 

Tariyel ABBASOV:

 

- Bizim camaat mərddir, qorxmazdır, döyüşkəndir. Bu balaca kənd 40-dan çox şəhid verib. Aralarında Milli Qəhrəman da var. Bir saat da olsa kəndimizi tərk etməmişik. Elə bir ailə yoxdur ki, şəhid verməsin. Analarımız yaxşı bilirlər ki, o şəhid övladları bir də doğub böyüdə bilərlər,  bu vətəni isə -  yox. Erməni səngərləri düz kəndimizin böyründədir. Amma heç kim qorxmur, çəkinmir. Yollar çəkilir, evlər tikilir. Bu ətrafda ən uca bayraq da bizim kənddədir. Ermənilər onu da yaxşı görürlər.

 

 

Rahilə ABBASOVA:

 

- Bu döyüşdə 4 qardaşım iştirak edib. İkisi yaralanıb, ikisi şəhid olub. İki əmimoğlu da onlarla birlikdə torpaq uğrunda qurban getdi. Həmişə bir yerdə olmağa çalışırdılar ki, bir-birlərinə arxa olsunlar. Hamı görsün ki, bir yerdədirlər. Sonuncu dəfə  Gülüstan meşələrində axıra kimi vuruşublar. Onların meyitini gətirməyə gedən döyüşçü dostları mənə belə dedilər...

 

 

İrşad ƏLİYEV:

 

- O vaxt Şəfəq kəndi getsəydi, Goranboy birbaşa atəş altında qalardı və onu müdafiə etmək mümkün olmazdı. Todan-Erkəc qarşıdurması olan mövqelərdə məğlub olsaydıq, Çaykənd və Hacıkəndin üstü götürülərdi ki, oradan da Gəncəyə 15-16 km-dir. Gürzalılar-Erməni Borisi-Erkəc qarşıdurmasında azərbaycanlılar yaşayan Gürzalılar kəndini itirsəydik, 21 km uzunluğunda Gəncə-Bakı şosesinə ermənilər üçün yol açılardı. Vəziyyət gündən-günə ağırlaşırdı...

 

 

 Tofiq ƏMRAHOV:

 

- Mən o vaxt Todan rotasının komandiri idim. Onda ermənilər kəndimizin bir hissəsini tutub 28 evimizi yandırmışdılar. İyunun 13-də biz erməniləri kənddən geri oturdub Erkəcə doğru irəlilədik. "Qatır Məmməd" filmində göstərilən Çınqıllı Dərədən keçib səhər tezdən Erkəci azad elədik. Xocalıdan, Şuşadan, Laçından sonra gözləri qızmış ermənilər nələri vardı atıb qaçırdılar. Biz elə həmin gün onları Rus Borisindən də vurub çıxartdıq. Sonra yuxarı Ağcakəndi düşmənlərdən təmizləyib Gülüstana doğru irəlilədik.

 

 

Arif CABBAROV:

 

- Mən Todan kəndindəki əməliyyatın iştirakçısıyam. Məni elə o vaxtdan "Todan Arif" deyə çağırırlar. Mən bundan qürur duyuram. Döyüşən oğullarımızın şücaətindən danışdıqca qurtarmaz. Hamı Xocalıdan sonra bunun həm də bir namus davası olduğunu gözəl bilirdi. Ermənilər də artıq qisas vaxtının yetişdiyini dərk edirdilər. Sonra Talış kəndini götürüb Gülüstanı geri qaytardıq. Üzümüz Xankəndiyə, Şuşaya tərəf idi... Heyf, o vaxtkı hakimiyyətsizlik, dərəbəylik, "mənəm-mənəmlik" buna imkan vermədi. Mən indi də döyüşməyə hazıram. Mənim kimi oğulların on mini, yüz mini qurban olsun bu yurdun, torpağın daşına-qayasına... 

O ağır günlərdə Şəfəq kəndində ermənilərlə üz-üzə duran Şəmməd Rəcəbov, Teymur Süleymanov, Tahir Məmmədov və Mübariz Pənayev də xalqın birliyindən, mübarizliyindən danışdılar. Danışmaq rahat idi,  çünki  o qələbənin və birliyin nümunəsini görmüşdülər. Bugünkü ordumuzun və dövlətimizin gücü isə onlarda tamam başqa bir əhval-ruhiyyə yaradırdı, qələbənin nə qədər yaxın olduğundan xəbər verirdi. 

 

 

Əməliyyatdan sonra

 

Bu tarixi əməliyyatdan sonra Goranboyun Gülüstan hissəsi düşmənlərdən təmizləndi. Onların dövlətimizin, millətimizin gələcəyi ilə bağlı məkrli planlarının qarşısı alındı. Bölgədə nisbi sakitlik bərqərar oldu. Ermənilərin xaraba qoyduqları yurd yerləri bərpa olunmağa başlandı. Dərdi dünyaya sığmayan Xocalı camaatı da ölkə Prezidentinin tapşırığı ilə bu füsunkar bölgədə müvəqqəti yerləşdi. Onlar üçün gözəl evlər tikildi, qəsəbələr salındı. Xocalının dağılmış məktəbləri indi burada fəaliyyət göstərir.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Goranboyda gördükləri qonaqpərvərlikdən olduqca razıdır. "Biz burda, eləcə də bütün Qarabağda tökülən qanları heç vaxt unutmayacağıq. Bizim şəhidlərin ruhu ancaq o torpaqlara qayıtdıqdan sonra rahatlıq tapacaqdır" - bunu da o deyir.

"1993-cü ildə ümummilli lider hakimiyyətə gəldikdən sonra bütün cəbhə boyu - Füzuli, Ağdam, Kəlbəcər, Tərtər istiqamətində düşmənə sarsıdıcı zərbələr vuruldu. Bundan sonra ermənilər atəşkəsə razılıq verdilər. O atəşkəs razılaşmasına gedən nümayəndə heyətinin tərkibində mən də vardım." Bunu isə indi Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev deyir.

 

 

Goranboydan dönərkən

 

Başıqarlı  Murova, Kəpəzə, dağlardan baş alıb gələn, Ağcakəndin içindən axıb gedən çaya bir daha baxdım. Düşündüm ki, bu dağlar nələri görməyib, bu çay nələri eşitməyib? Bu qayaların yaddaşında daha nələr yoxdu? 20 il əvvəlki tarix bu dağların-daşların, bu çayların, bulaqların yaddaşına başqa cür də yazıla bilərdi. Bu dağlar-daşlar, bu güllü-çiçəkli yamaclar bizim olmaya da bilərdi.  Necə ki, Xocalı, Laçın, Ağdam, Şuşa bizim ola-ola əsirlikdədir...

Onda kimsə bütün bu məğlubiyyətlərdən, mənəvi sarsıntılardan sonra hər hansı bir qələbənin olacağına inanmırdı. Az qala bütün bunlardan sonra hər hansı qələbə, uğur mümkünsüz sayılırdı. Dövr ziddiyyətlərlə dolu idi - hamı danışırdı. Heç kim heç kimi eşitmirdi. Eşitmək istəmirdi. İtirilən torpaqların, yerindən-yurdundan didərgin düşən insanların, düşmən əlində qalan körpələrimizin harayını da eşidən yox idi. Amma  QƏLƏBƏ oldu. Bunu qarşıdakı böyük Qələbənin başlanğıcı da adlandırmaq olar.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 13 iyun.- S. 7.