Bolqarıstanın İctimai Televiziyasında Azərbaycanın ev sahibliyi etdiyi 57-ci Eurovision mahnı müsabiqəsinə həsr olunmuş film yayımlanmışdır

 

 Bolqarıstanın BNT İctimai Televiziyasında Azərbaycanın ev sahibliyi etdiyi 57-ci "Eurovision" mahnı müsabiqəsinə həsr olunmuş film yayımlanmışdır. AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, "Sofi möcüzələr diyarında" adlı filmdə müsabiqə həyəcanı və şou ilə bağlı unudulmaz anlar Bolqarıstanı "Baku Crystal Hall"da keçirilmiş 57-ci "Eurovision" mahnı müsabiqəsində təmsil etmiş Sofi Marinovanın dilindən nəql edilir.

Bakıya səfər boyu Sofini müşayiət edən kamera müsabiqə zamanı gerçəkləşdirilən maraqlı tədbirlər, partilər, iştirakçılarla müsahibələr və Bakının rəngarəng şou mənzərəsindən görüntüləri də lentə almışdır. Uşaqlıq arzusunu reallaşdıran Sofi Marinova bundan sonra da dəfələrlə bu müsabiqədə iştirak etməyə hazır olduğunu söyləyir. O, Bakıda müvəffəqiyyətlə başa çatmış "Eurovision-2012" mahnı müsabiqəsini özü üçün böyük təcrübə hesab edir. Film iyunun 10-da Bolqarıstan vaxtı ilə saat 15:20-də ölkənin BNT İctimai Televiziyasında yayımlanmışdır.

 

 

Azərbaycan.- 2012.- 13 iyun.- S. 8.