Azərbaycanda
aparılan islahatlar digər ölkələrə
nümunə göstərilir
İyunun 13-də parlamentdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşdülər.
Parlamentin komitə sədri Əli Hüseynli qonaqlara ölkəmizin AŞ PA ilə səmərəli əməkdaşlıq etdiyini və gələcəkdə bu əlaqələri daha da möhkəmləndirmək niyyətində olduğunu bildirdi. Qonaqların diqqətinə çatdırıldı ki, məqsədyönlü siyasət nəticəsində ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, demokratiyanın inkişafı istiqamətində əməli addımlar atılır. Bu sahədə həyata keçirilən islahatların hüquqi bazasını təşkil edən qanunvericilik aktları qəbul edilir. Təqdirəlayiq haldır ki, Azərbaycanın məhkəmə sistemi sahəsində apardığı islahatlar AŞ PA tərəfindən digər ölkələrə nümunə göstərilir.
Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda aparılan islahatlar və insan haqlarının qorunması sahəsində görülən işlər barədə fikirlərini açıqladılar. Onlar təmsil etdikləri qurumun ölkəmizdə gedən demokratik proseslərə dəstək vermək niyyətində olduğunu söylədilər.
Sonra görüşdə Azərbaycanın AŞ PA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi, ikitərəfli əlaqələrin inkişafı, Avropaya inteqrasiya və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev və digər rəsmi şəxslər iştirak edirdilər.
Azərbaycan.- 2012.-
14 iyun.- S. 2.