Azərbaycan ilə
Yeni Zelandiya arasında əlaqələrin inkişaf perspektivləri
müzakirə olunmuşdur
İyunun 13-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yeni Zelandiyanın iqamətgahı Rusiyanın Moskva şəhərində olmaqla ölkəmizdə akkreditə edilmiş səfiri İan Hill ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, E.Məmmədyarov ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinin, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın vacibliyini vurğulamışdır.
Yeni Zelandiyanın xarici işlər naziri Murray MkCullinin salamlarını E.Məmmədyarova çatdıran səfir ölkəsinin xarici siyasəti və iqtisadiyyatı barədə məlumat vermişdir. Diplomat Azərbaycanın dinamik inkişafından təəssüratlandığını bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə səfirə məlumat verən E.Məmmədyarov vurğulamışdır ki, Azərbaycan məsələnin diplomatik vasitələrlə həll edilməsinin tərəfdarıdır. Nazir azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmaq hüquqlarının bərpa edilməsinin vacibliyini qeyd etmişdir.
Görüşdə həmçinin Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti və prioritetləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 14 iyun.- S. 2.