Azərbaycanda yay turizm mövsümü rəsmən açılmışdır

 

 İyunun 13-də "Jumeirah Bilgah Beach Hotel"də yay turizm mövsümünün açılışına həsr edilmiş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri,  Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, mehmanxanaturizm şirkətlərinin nümayəndələri iştirak etmişlər.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son illər ölkəmizdə turizm sahəsinin inkişafı istiqamətində görülmüş işlərdən danışmışdır.

Ə.Qarayev "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın müvafiq bəndlərinə əsasən, ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırmışdır. Nazir bu sahədə görülmüş mühüm işləri son illər Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ölkəmizdə turizmin inkişafına hər cür münbit şəraitin yaradılması ilə əlaqələndirmişdir.

Dövlət başçısının 2011-ci il 15 fevral tarixli sərəncamı ilə ötən ilin Azərbaycanda "Turizm ili" elan edilməsi bu sahəyə dövlət qayğısının bariz nümunəsi olmaqla yanaşı, turizmin inkişafında yeni mərhələ açmışdır. İl ərzində respublikamızda yeni hotellər, istirahət mərkəzləri, turizm müəssisələri istifadəyə verilmişdir. Bu sahədə işlər indiuğurla davam etdirilir.

Nazir vurğulamışdır ki, ötən il Azərbaycana üz tutan turistlərin sayında 14 faiz artım qeydə alınmış və ilk dəfə olaraq ölkəmizə gələn turistlərin sayı 2 milyonu ötmüşdür.

Son illər respublikamızda fəaliyyət göstərən mehmanxanamehmanxana tipli obyektlərin sayının çoxalmasını yüksək dəyərləndirən nazir bildirmişdir ki, bu gün ölkəmizdə 508 mehmanxana fəaliyyət göstərir. Qeyd edilmişdir ki, Azərbaycanda keçirilmiş "Eurovision - 2012" mahnı müsabiqəsi turizm sahəsində yeni xidmətlərin formalaşmasına təkan vermişdir.

Tədbirdə www.azerbaijan.travel saytının təqdimatı olmuş, "American hotel and lodging education institute" tərəfindən hazırlanmış təlimçilərə sertifikatlar təqdim edilmişdir.

Tədbir iştirakçılarına "Time Out" bələdçi kitabı və "Problemsiz səyahət et" kitabçası paylanmışdır. Mərasim konsert proqramı ilə davam etmişdir.

 

 

Azərbaycan.- 2012.- 14 iyun.- S. 2.