Böyük azərbaycanlı

 

 Tarixdə şəxsiyyətin önəmli rolu hər zaman etiraf olunmuşdur. Şəxsiyyəti tarix yetişdirir, dahi şəxsiyyətlər isə öz əməlləri ilə tarix yaradırlar. Böyük şəxsiyyətlər xalqın sərvətidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi, mədəni-mənəvi intibahımızın təminatçısı Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir tarixi şəxsiyyət, tariximizin canlı əfsanəsidir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərə, SSRİ rəhbərliyində təmsil olunduğu 1982-1987-ci illərə, nəhayət, 1993-cü ilin 15 iyununda müstəqil Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonrakı tarixi mərhələyə nəzər salsaq, bu gerçəkliyi aydın şəkildə görərik: Heydər Əliyev hər zaman xalqla birgə olub, hər addımında xalqa arxalanıb. Xalqımız da hər zaman böyük oğlunun müdrikliyinə inanıb, onun liderliyinə, uzaqgörənliyinə etibar edib.

Məhz bu inamla Azərbaycan xalqı 1993-cü ilin böhranlı dövründə, vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya durduğu günlərdə üzünü Heydər Əliyevə tutdu, onun müdrikliyinə güvəndi. Ümumxalq etimadı ulu öndərin dövlətçilik fəaliyyətində hər zaman ona güc, qüdrət verib. "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib" - müstəqil Azərbaycanın çətin vaxtlarında, dövlətçiliyimizin ağır günlərində Heydər Əliyevin göstərdiyi əzm və qətiyyət bu sözlərdəki həqiqəti dəfələrlə təsdiqləyib.

1993-cü ildə Azərbaycan xalqını qardaş qırğınından, Azərbaycan dövlətini parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev 10 il sonra bizə möhkəm özüllü, sabit inkişafı təmin edilmiş bir dövlət qoydu. Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıtması tarixi zərurətin, sabitlik, ədalət intizarında olan milyonlarla insanın çağırışının gerçəkləşməsi idi. "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm" - ümummilli lider hakimiyyətə bu sözlərlə qayıtmışdı və ömrünün sonunadək bu sözlərə sadiq qaldı.

 

*  *  *

 

Heydər Əliyevin zəngin və mənalı həyat yolu elə şərəfli bir tarixdir ki, gələcək nəsillər zaman-zaman bu tarixi öyrənəcək, ondan nümunə götürəcəklər. O, milli şüurun oyanışında, formalaşmasında və möhkəmlənməsində misilsiz xidmətlər göstərmişdir. Böyük azərbaycanlı Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızda milli özünüdərk və milli-mədəni intibahın yüksəlişi başlamışdır. Sovetlər ölkəsinin bəlli siyasi-ideoloji, idarəçilik çərçivələri daxilində Azərbaycanı müttəfiq respublikalar içərisində ön sıralara çıxarmaq, Azərbaycan xalqının şan-şöhrətini - tarix və mədəniyyətini, elm, sənət və ədəbiyyatını tanıtmaq azərbaycanlı adını, azərbaycançılıq məfkurəsini ən yüksək səviyyədə doğrultmaq demək idi. Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmiş, bu proses Heydər Əliyev tərəfindən bilavasitə təşviq edilmiş, dəstəklənmişdir. Keçmiş SSRİ-nin böyük şəhərlərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, onlara abidələrin qoyulması, küçə və meydanlara adlarının verilməsi, Bakının dünyanın müxtəlif şəhərləri ilə qardaşlaşmasını təşviq etmək, bu zəmində xaricdə Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ edən tədbirlərin təşkili - bütün bunlar Heydər Əliyevin azərbaycançılıq yolunda xidmətlərinin, yalnız, bir hissəsidir.

Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Buna görə də o, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün nəinki mümkün olanları, hətta mümkün olmayanları da edirdi. Odur ki, tarixən zəngin olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəsi ulu öndərimizin adı ilə birbaşa bağlıdır.

 

*  *  *

 

1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycan Respublikasının rəhbərliyinə gələndə, çox az adam bilirdi ki, o isti yay günlərində Azərbaycanda yeni bir tarixin təməli qoyulur. Aydın nitqi, xalqla səmimi ünsiyyəti, tükənməz enerjisi, çıxış və qərarlarındakı qətiyyət hakimiyyətinin ilk illərində onu insanların gözündə əsl rəhbərə çevirdi. Bütün sahələrdə canlanma başladı. O, Azərbaycanın siyasi, iqtisadi, sosial həyatına yeni nəfəs, coşqun ruh gətirdi. Məhz həmin dövrdən başlayaraq, o zamanadək Sovet İttifaqının xammal əlavəsi sayılan neftqazla zəngin Azərbaycan sovet məkanının ən inkişaf etmiş respublikalarından birinə çevrildi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda, digər şəhər və rayonlarda yeni sənaye müəssisələri, ali təhsil ocaqları, muzeylər, teatrlar, kitabxanalar açıldı. Azərbaycanın hər bir bölgəsində onun quruculuq fəaliyyətinin izləri var. Təkcə paytaxtda Heydər Əliyev quruculuğunun nişanəsi olan onlarca nəhəng tikili, sənaye müəssisəsi, mədəniyyət, təhsil və səhiyyə ocağı var. Azərbaycan dövlətinin mədəniyyət sahəsindəki bugünkü siyasətinin əsası da ötən əsrin 70-ci illərinin əvvəllərində dünyamiqyaslı siyasətçi Heydər Əliyev tərəfindən qoyulub.

Respublikamızın iqtisadi bazasının gücləndirilməsi, əhalinin gün-güzəranının yaxşılaşdırılması, elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı ilə paralel aparılırdı. O illər Azərbaycanın tarixinə mədəniyyətin də tərəqqisi dövrü kimi daxil oldu. Mədəniyyətimizin inkişafı ilə bağlı misilsiz işlər görüldü. İstər paytaxtımızda, istərsə də respublikamızın ucqarlarında yüzlərlə kinoteatr, klub, mədəniyyət evi, kitabxana, muzey tikildi, parklar salındı. Kino, musiqi, teatr, təsviri sənət, memarlıq, heykəltəraşlıq və mədəniyyətin digər sahələrində misilsiz uğurlar qazanıldı. Mədəni irsimizin qorunması üçün tarixi əhəmiyyətli qərarlar qəbul olundu. Bütün bunlar - rəhbər və xalq vəhdəti, siyasi fəaliyyətə və xəlqilik prizmasından yanaşma xalq arasında və eləcə də elitar aləmdə canlanma yaratdı.

Azərbaycan dünyaya çox sayda elm və mədəniyyət xadimi bəxş edib. Heydər Əliyev də bu şəxslərin xidmətlərinin xalqdünya birliyinə çatdırılması, onların adlarının əbədiləşdirilməsi üçün əlindən gələni edib. Həmin dövrdən başlayaraq xalqımızın məşhur şəxsiyyətlərinin, elm, mədəniyyət və təhsil ocaqlarının yubileylərinin qeyd olunması ənənəsi yaranıb. Mədəniyyət tariximizdə iz qoyan görkəmli bəstəkar, rəssam, şair, yazıçı, heykəltəraş, müğənni, digər elm, sənət xadimləri yetişdi. Onların Bakıda və Moskvada yubileylərinin keçirilməsi, fəaliyyətlərinin lazımi dərəcədə qiymətləndirilməsi ənənə halını aldı. Bir çox sənət adamlarına Heydər Əliyevin nüfuzu  təşəbbüsü hesabına SSRİ-nin ən yüksək mükafatları və fəxri adları verildi.

Heydər Əliyevin böyük sənətkarlara qayğısı və məhəbbəti Azərbaycana, vətəninə nəhayətsiz sevgisindən qaynaqlanırdı. Məhz onun təqdimatı ilə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.

O, Azərbaycan musiqisinin dünya arenasına çıxması üçün əlindən gələni edirdi. Hələ 1969-1982-ci illərdə SSRİ-nin digər respublikaları ilə müqayisədə böyük teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, simfonikkamera musiqisinin uğurla səsləndirilməsi bilavasitə Heydər Əliyevin dəstəyi ilə həyata keçirilirdi. Məhz onun uzaqgörənliyi, millətinə sonsuz məhəbbəti sayəsində Azərbaycan musiqisi təkcə SSRİ-də deyil, bütün dünyada tanınmışdır.

Heydər Əliyev özünün dövlət idarəçiliyi strateji proqramında mədəni və mənəvi intibahı həmişə iqtisadiyyatda və sənayedəki uğurlarla əlaqələndirərək vahid məcrada həyata keçirmişdir. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası prosesinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.

 

*  *  *

 

1993-cü ilin iyununda xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan mədəniyyətinə yeni nəfəs verdi. Elm, sənət adamları, xalqımızın dəyərli ziyalıları yenə də dövlətin yüksək qayğısı ilə əhatə olundular. Onlarca sənətkara fəxri ad, Prezident təqaüdü, müxtəlif mükafatlar verildi. Unudulmuş mədəniyyət xadimlərinin yubileyləri keçirildi. İşinin çoxluğuna, vaxtının məhdudluğuna baxmayaraq ulu öndər mütəmadi olaraq mədəniyyət xadimləri ilə görüşlərə yer ayırdı. Dünyasını dəyişən görkəmli sənətkarların xatirələrinin əbədiləşdirilməsi üçün ev-muzeylərinin yaradılması, abidələrinin ucaldılması, yubileylərinin təntənəli şəkildə qeyd edilməsi, həmçinin onların adının küçə, məktəb və mədəniyyət ocaqlarına verilməsi məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır.

Dövlət müstəqilliyimizin bərpasının ilk illərində bazar iqtisadiyyatına keçidlə əlaqədar yaranmış sosial problemləri dövlət səviyyəsində uğurla həll edən Heydər Əliyev yaradıcı ziyalıların əməyini yüksək qiymətləndirirdi. Ümummilli liderin 11 iyun 2002-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsini incəsənətimizin inkişafının təmin edilməsində tarixi addım kimi dəyərləndirmək olar. Bu yüksək təqaüdlə təltif olunanlar sırasında görkəmli elm xadimləri, yazıçı və şairlər, bəstəkarlar, teatrkino xadimləri, rəssamlar, musiqiçilər var.

Azərbaycanın xarici ölkələrlə musiqi əlaqələrinin yaranması və inkişafını daim diqqət mərkəzində saxlayan, görkəmli sənətkarları respublikamıza dəvət edən dahi şəxsiyyət Heydər Əliyev musiqimizin dünyada tanınmasına böyük önəm verirdi.

Heydər Əliyev mədəni irsin təbliğinə, xalqın incəsənətə marağının dirçəlişinə xidmət edən sahələrə də xüsusi diqqətlə yanaşırdı. Ötən əsrin 70-ci illərində Bakıda OperaBalet Teatrı, Azərbaycan Milli Dram Teatrı bərpa edilmiş, Musiqili Komediya Teatrı və Gənc Tamaşaçılar Teatrı yenidən tikilmiş, Şəkidə, Sumqayıtda, Ağdamda teatrlar bərpa edilmiş, Lənkəranda yenidən teatr açılmışdı ki, bu da Azərbaycanda səhnə sənətinin, teatr həyatının çiçəklənən dövrü idi.

Heydər Əliyev təsviri sənət ustalarına, bu sahənin inkişafına da böyük diqqət və qayğı göstərirdi. Sosialist iqtisadi sisteminin dağılmasından sonra rəssamların maddi vəziyyətinin çətinləşməsini həssaslıqla duyan dövlət başçısı onların müxtəlif nəsillərinə xüsusi Prezident təqaüdü təyin etdi, əsərlərin satın alınmasına görə müəyyən olunmuş qonorarların həcmini artırdı, yaradıcılıq ezamiyyətlərinin çoxalmasına, xarici ölkələrdə sərgilərin mütəmadi xarakter almasına şərait yaratdı. Təsviri sənətlə məşğul olanlarla bağlı imzalanan hər bir fərman və sərəncam bütünlükdə Azərbaycan incəsənətinin yaşamasına, daha da inkişafına və beynəlxalq aləmdə təbliğinə yönəlmişdi.

Heydər Əliyevin ölkəyə rəhbərliyinin ilk illərdən başlayaraq, onun iştirakı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 600 illiyi,  Azərbaycan Dram Teatrının 100 illiyi, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Aşıq Ələsgər kimi sənətkarların yubileyləri keçirilmişdir. Yubiley tədbirləri ümumittifaq, beynəlxalq miqyasda əks-səda doğurur, Bakıda başlayıb dünyanın mötəbər salonlarında tamamlanırdı.

Heydər Əliyev mədəniyyəti, incəsənəti sevən, onun incəliklərini bilən, qədir-qiymətini verən dövlət xadimi idi. O, bu sahəyə böyük töhfələr vermişdir. Milli Azərbaycan kinosunun, eyni zamanda çağdaş Azərbaycan ədəbiyyatının inkişafında da bu əvəzsiz şəxsiyyətin böyük rolu olmuşdur. Sovetlər dönəmində "Uzaq sahillərdə", "Babək", "Nəsimi" və digər maraqlı ekran əsərləri birbaşa Heydər Əliyevin təşəbbüsü ilə çəkilmişdir. O zaman bir sıra milli xüsusiyyətlərinə görə nümayişi qadağan olunmuş filmlərin demək olar ki, hamısı Heydər Əliyevin köməyi və qayğısı sayəsində kinoteatrlaraekranlara yol tapmışdır. Ulu öndər müstəqillik dövründə də digər mədəniyyət sahələri kimi kinonun və ədəbiyyatın inkişafına böyük diqqət göstərmişdir. Dövlət sifarişi ilə çəkilən filmlərin sayının ilbəil artırılması, bir sıra yaradıcı ictimai təşkilatlar kimi Yazıçılar Birliyinin də fəaliyyətinə yaxından kömək göstərməsi və sair faktlar deyilənlərin əyani sübutudur.

 

*  *  *

 

"Xalqımız öz mədəniyyəti, elmi ilə yüksəlibdir. Biz mədəniyyətə nə qədər diqqət yetirsək, qayğı göstərsək, mədəniyyət xadimlərinin yaradıcılığı üçün imkanlar yaratsaq xalqımızı da o qədər yüksəldəcək, xalqımızın mənəviyyatını daha yüksəklərə qaldıracağıq. Müstəqil Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti kimi mənim də siyasətimin böyük bir qolu da bundan ibarətdir. Əmin ola bilərsiniz ki, bu siyasəti mən bundan sonra da davam etdirəcəyəm" - ümummilli lider Heydər Əliyevin 1998-ci il oktyabrın 10-da Musiqili Komediya Teatrının binasının təmir-bərpadan sonra açılışında dediyi bu sözlər, onun xalqın milli-mənəvi dəyərlərinə bəslədiyi hörmətin nəticəsi idi. Bunu, ölkədə hakimiyyətdə olduğu illərdə sırf mədəniyyət sahəsi ilə bağlı verdiyi fərman və sərəncamlar da təsdiq edir. Təsadüfi deyildir ki, onun Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illərdə ölkəmizdə çoxsaylı fundamental mədəniyyət ocaqları, teatrkonsert müəssisələri, mehmanxana obyektləri tikilərək əhalinin istifadəsinə verilmişdir.

1982-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsindən sonra o, iqtisadiyyatın bir sıra sahələri ilə yanaşı, mədəniyyət və təhsil sahələrində görülən işlərə, həyata keçirilən siyasətə nəzarət edirdi. Bu isə Azərbaycan incəsənəti və mədəniyyətinə dəstək və qayğını daha geniş şəkildə davam etdirməyə imkan verirdi.

Təsadüfi deyil ki, bu gün respublikamızın mədəniyyət ictimaiyyəti - yazıçılar, şairlər, rəssamlar, musiqiçilər, teatrkino xadimləri Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış, ondan yadigar qalan mədəniyyət saraylarında, konsert, sərgi salonlarında, tamaşa zallarında xalqla görüşərək ulu öndərə ehtiramlarını yaradıcılığın dili ilə ifadə edirlər.

Çox fərəhlidir ki, xalqımız, o cümlədən yaradıcı insanlar, sənət adamları, turizm ictimaiyyəti milli liderimizin  mədəniyyətin inkişafı naminə gördüyü saysız-hesabsız işləri həmişə böyük minnətdarlıq duyğusu ilə xatırlayır, Heydər Əliyevin ruhu qarşısında hesabat verirlər.

Ötən əsrin 90-cı illərinin ikinci yarısında Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin mədəniyyət və turizm siyasətinin hüququ bazası - qanunvericilik təminatı yaradıldı. Azərbaycan Respublikasının birinci çağırış (1995-2000) Milli Məclisinin bu sahə ilə bağlı fəaliyyəti xeyli intensiv oldu. Bu müddət ərzində mədəniyyət və turizm sahəsində 15 əsas qanun qəbul edildi. Onların sırasına mədəniyyət və turizm fəaliyyətinin özülünü təşkil edən "Mədəniyyət haqqında" (1996), "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" (1998), "Kinematoqrafiya haqqında" (1998), "Memarlıq fəaliyyəti haqqında" (1998), "Kitabxana işi haqqında" (1998), "Turizm haqqında" (1999), "Şəhərsalmanın əsasları haqqında" (1999), "Milli arxiv fondu haqqında" (1999), "Muzeylər haqqında" (2000), "Nəşriyyat işi haqqında" (2000) və s. kimi qanunlar daxildir.

Azərbaycan öz müstəqilliyinin ilk illərindən beynəlxalq mədəni əlaqələrə xüsusi diqqət yetirməyə və bunu xarici siyasətinin başlıca alətlərindən birinə çevirməyə çalışmışdır. 1992-ci ildə UNESCO-ya üzv olan Azərbaycan sonrakı illərdə Avropa Şurası, İSESCO, TÜRKSOY, MDB, GUAM kimi beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində sıx əlaqələr qurmuşdur. Respublikamız eyni zamanda dünya ölkələri arasında tam miqyaslı və təhlükəsiz mədəni mübadilə üçün böyük əhəmiyyət kəsb edən və yerinə yetirilməsi yalnız müasir beynəlxalq hüquq normalarına riayət edilməklə mümkün olan bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulmuşdur.

 

*  *  *

 

1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasiiqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli intibah və inkişafının təməl sütunu olan ideyanın - azərbaycançılıq məfkurəsinin banisi oldu. Çünki o, vətənpərvər lider olmaqla bərabər, eyni zamanda, böyük azərbaycanlı idi. Heydər Əliyev Azərbaycanın türk dünyasında layiqli yerini tutması, türk dövlət və toplumları arasında inteqrasiyanın güclənməsində böyük xidmətlər göstərib. Onun tarixi səyləri nəticəsində dahi Məhəmməd Füzulinin 500 illik yubileyi, böyük türk dastanı "Kitabi-Dədə Qorqud"un 1300 illik yaşı  UNESCO səviyyəsində, bütün dünyada qeyd olundu.

Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti sayəsində strateji dövlət siyasətinə, əməli siyasi müstəviyə keçmiş və nəticədə azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilmişdir. Bu gün ölkəmizin bütün yaradıcı şəxslərini, ziyalı insanlarını qürurlandıran budur ki, ulu öndər xalqın yüksəlişində iqtisadi, siyasi, sosial münasibətlərlə bir sırada elm və təhsilin, mədəniyyətin, milli şüuru formalaşdıran bütün digər əsas faktorların rolunu lazımi səviyyədə dəyərləndirmiş, məhz bu yanaşma nəticəsində müstəqil dövlətçilik ideyası intellektual əsaslar  qazanmışdır.

Heydər Əliyevin azərbaycançılıq ideyasını ümummilli məfkurə olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi və dünya azərbaycanlılarının həmrəyliyi naminə göstərdiyi tarixi xidmətdir. Çünki məhz bu ideya Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin qarşısında güclü ideoloji sipər oldu. Bu ideologiya Heydər Əliyevin böyük vətəndaş hünərinin göstəricisidir və dünya azərbaycanlılarının tarixi Vətən - Azərbaycan ətrafında birləşməsinə müstəsna töhfədir. "Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən inteqrasiyasından bəhrələnmək deməkdir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" - ümummilli liderin 2001-ci ildə söylədiyi bu tarixi sözlər, onun müdrik siyasəti kimi, zamanın sınağından uğurla çıxmaqdadır.

Bütün dünyada qloballaşmanın intişar tapdığı indiki zamanda bu inteqrasiya prosesinə öz milli-mənəvi irsi ilə, milli dəyərlərlə ümumbəşəri dəyərləri uğurla sintez edən mütərəqqi ideologiya ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Heydər Əliyevin ümumdövlət, ümummilli ideologiya səviyyəsinə yüksəltdiyi azərbaycançılıq məhz bu qlobal çağırışlara cavab verir, onların optimal həllini təmin edir. Bu nöqteyi-nəzərdən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm bir körpüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün "Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir". Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini, milli identifikasiyasını qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da azərbaycançılıq fəlsəfəsi təmin edir: "Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər".

 

*  *  *

 

Ümummilli liderin yüksəliş yolunu böyük uğurla yeni nailiyyətlərə doğru aparan möhtərəm Prezident İlham Əliyevin mədəniyyət və turizm sahəsinin hərtərəfli inkişafı üçün  göstərdiyi  diqqət və qayğı, bu sahədə qəbul etdiyi qərarlar bir daha təsdiqləyir ki, Heydər Əliyevin milli-mədəni intibah amalı bu gün də yaşayır, ümummilli təkamülə təminat yaradır. Ölkəmizin hər guşəsində yüksək keyfiyyət və zövqlə həyata keçirilən tikinti, bərpa işləri, yeni mədəniyyət sarayları, zəngin eksponatlara malik olan muzeylər, müasir tələblərə cavab verən kitabxana-informasiya mərkəzləri, tarixilikmüasirliyin vəhdəti ilə paytaxtımızın gözəlliyinə rəng qatan teatrkonsert salonları dövlət başçısının Azərbaycan mədəniyyətinin tərəqqisi və dünyaya inteqrasiyası istiqamətində gördüyü işlərin bir hissəsidir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə son beş ildə mədəniyyət və turizm sahəsində idarəetmənin təkmilləşdirilməsi də daxil olmaqla, dövlət proqramlarının qəbulunadək əhatəli və kompleks şəkildə həyata keçirilən islahatlar bu vacib sahənin gələcək inkişafına əminlik yaradır.   Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin siyasi, sosial-mədəni və iqtisadi sahələrdə həyata keçirdiyi bu cür köklü islahatlar və əsaslı tədbirlər ölkəmizin iqtisadi cəhətdən günü-gündən güclənməsinə, mədəniyyət və turizm sahələrində böyük uğurlar qazanılmasına münbit şərait yaratmışdır.

Bu gün müstəqil Azərbaycanda siyasisosial-iqtisadi həyatın bütün sahələri kimi mədəniyyət və turizm də davamlı və sürətli inkişaf dövrünü yaşayır. Azərbaycan musiqisi dünyanı fəth edir, tamaşalarımız, filmlərimiz, kitablarımız, təsviri sənət nümunələrimiz nüfuzlu beynəlxalq festival və müsabiqələrdə uğurla nümayiş etdirilir, ölkənin turizm potensialı dünyaya tanıdılır, turizm sənayesinin infrastrukturu durmadan genişləndirilir, mədəniyyət müəssisələrinin maddi-texniki bazası gücləndirilir, müasir standartlara uyğun yeni-yeni mədəniyyət ocaqları və turizm kompleksləri tikilib istifadəyə verilir, köhnələri əsaslı şəkildə yenidən qurulur.

Azərbaycan Respublikası müstəqilliyin bərpasının ikinci onilliyində daha da möhkəmlənmiş, inkişaf tempinə görə dünya ölkələri arasında özünə layiq yer tutmuşdur. Bunun nəticəsi olaraq Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə uğurla inteqrasiya olunmuş, onun ayrılmaz tərkib hissəsi olduğunu əyani şəkildə nümayiş etdirə bilmişdir. Ölkəmizin zəngin turizm potensialı, geniş infrastruktur layihələri bu sahənin inkişafına əhəmiyyətli zəmin yaratmışdır. Bütün bu nailiyyətlər Azərbaycan dövlətinin, ölkə Prezidenti cənab İlham Əliyevin mədəniyyət və turizm sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində əldə edilmişdir.

Ölkəmizin zəngin mədəni irsinin dünyada geniş şəkildə tanıdılması, təbliği istiqamətində həyata keçirdiyimiz işlərdə mədəniyyətimizin hamisi, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti bizə mühüm dəstək olmuşdur. Ulu öndərin xatirəsinə həsr olunmuş məqaləni də mədəniyyətimizin yaxın dostuhamisi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ulu rəhbər haqqında dediyi bu sözlərlə bitirmək istərdim: "Heydər Əliyev ... 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider olmuşdur".

 

 

Əbülfəs QARAYEV,

Azərbaycan Respublikasının

mədəniyyət və turizm naziri

 

Azərbaycan.- 2012.- 14 iyun.- S. 3.