Süqut təhlükəsindən inkişafa doğru
Hər hansı bir xalqın öz etnik xüsusiyyətlərini, milli adət-ənənələrini, mənəvi dəyərlərini qoruyub saxlaması, bəşəriyyətin siyasi ailəsində layiqli yerini tutması, monolit bir xalq kimi formalaşaraq qarşıya qoyulmuş milli strateji hədəflərə daha asanlıqla nail olması, dünyada gedən mürəkkəb siyasi proseslərdə milli mənafelərinin daha etibarlı müdafiəsi üçün müstəqil, suveren dövlətə sahibliyi ən vacib şərtlərdəndir. Azərbaycan xalqı XX əsrin əvvəllərində mövcud tarixi fürsəti layiqincə dəyərləndirərək müsəlman Şərqində ilk demokratik, hüquqi dövləti qurdu. Böyük çətinliklə də olsa dünyanın ən qüdərtli ölkələri tərəfindən tanınmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. AXC-nin süquta uğraması tarixi ibrət dərsi səciyyəsi daşımaqla müstəqilliyin qorunub saxlanılmasının onun əldə edilməsindən daha çətin olması reallığını bir daha təsdiqlədi.
Cümhuriyyətin süqutundan sonra 70 il imperiya əsarətində yaşamaq məcburiyyətində qalmış Azərbaycan xalqı daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, obyektiv səbəblərdən bu niyyətini yalnız ötən əsrin sonlarına doğru gerçəkləşdirmək imkanı qazanmışdır. 1991-ci il oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini elan etməsinə baxmayaraq, respublikanın müstəqilliyi deklorativ xarakter daşıyırdı. Dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz müstəqilliyin bu səciyyəvi cəhəti üzündən meydana çıxmışdı. De-yure müstəqilliyini bəyan etmiş Azərbaycanın de-fakto müstəqil dövlət kimi yaşamasında və siyasət yeritməsində ciddi problemlər mövcud idi. Bu həm də hakimiyyətdə yüksək vəzifə tutan bəzi məmurların müəyyən xarici dövlətlərin diktəsi və təsiri altında hərəkət etməsi, antimilli mövqe tutması ilə şərtlənirdi.
Azərbaycanın iqtisadiyyatı dağıdılmışdı. Respublikada xaos və anarxiya hökm sürürdü. Hakimiyyət böhranı gündən-günə dərinləşir və ayrı-ayrı siyasi partiyalar, habelə xalqın əmlakını talan etmək hesabına varlanmış bir çox insanlar arasında dövlət hakimiyyətini ələ keçirmək uğrunda əsl "müharibə" gedirdi. Gənclər faktiki olaraq, parçalanmış və müxtəlif qanunsuz hərbi birləşmələrə cəlb edilərək üz-üzə qoyulmuşdular. Dağlıq Qarabağda torpaqlarımızın müdafiəsi taleyin ümidinə buraxılmışdı. 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün silahlı çevrilişlə hakimiyyətə gəlməsi respublikada hökm sürən xaos, anarxiya və hakimiyyətsizliyin məntiqi nəticəsi olmaqla, nəinki bu vəziyyətə son qoymadı, əksinə, hakimiyyət böhranını daha da dərinləşdirdi.
Hakimiyyətə "8 xarici dövlətin dəstəyi ilə gəldiyini" iddia edən AXC-Müsavat cütlüyünün naşı və yarıtmaz fəaliyyəti nəticəsində ölkədə vəziyyət daha da pisləşmişdi. Hüquq-mühafizə orqanlarının öz üzərlərinə düşən qanuni vəzifələri həyata keçirə bilməmələri ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətin yaranmasına səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsi, ayrı-ayrı siyasətçilərin "könüllü döyüşçü" adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən ayrı-ayrı məmurların özbaşınalıqları və dövlətin o zamankı rəhbərinə tabe olmamaları nəticəsində hakimiyyət böhranının dərinləşməsi, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərlə baş qaldırması ölkədə gərgin vəziyyət yaratmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin acı taleyi Azərbaycan Respublikasını da gözləyirdi. Ölkənin bütün cənub bölgəsini əhatə edən qondarma "Talış-Muğan Respublikası" yaradılmış, separatçı "Sadval" hərəkatı şimal bölgəsini respublikadan ayırmaq uğrunda mütəşəkkil fəaliyyətini daha da genişləndirmişdi. Dağlıq Qarabağda erməni silahlı birləşmələri torpaqlarımızın işğalını davam etdirirdilər. Yüksək dövlət vəzifəsi tutan insanlar məsuliyyətsiz bəyanatları ilə Azərbaycanı qonşu dövlətlərlə az qala müharibə həddinə gətirib çıxarmışdılar. Supergüclərin maraqlarının toqquşduğu bu geosiyasi məkanda müstəqil, suveren dövlətin olması "heç kimin işinə yaramırdı". Azərbaycan Respublikası de-yure Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınsa da, dövlətin əsas şərtlərindən biri olan ərazisi de-fakto parçalanaraq hakimiyyətin yurisdiksiyasından çıxarılmış və bu ərazilərdə qondarma "dövlət"lər və "nüfuz dairə"ləri yaradılmışdı. Xalq vətəndaş müharibəsinin astanasında, Azərbaycan dövləti isə süqutun ərəfəsində idi.
Belə bir böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də müdrik rəhbərin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bu obyektiv reallıqlarla şərtlənirdi. Xalq başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırtmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə, alternativsiz lider məhz Heydər Əliyevdir! Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını dolayısı ilə etiraf etmək məcburiyyətində qalan AXC-Müsavat cütlüyünün Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etməsi də məhz bu reallıqla şərtlənirdi. AXC-Müsavat cütlüyü onu da yaxşı başa düşürdü ki, Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini Azərbaycan Respublikası yaşasa, müstəqillyin itirilməsini və ya respublikanın hansısa güclü bir dövlətin for-postuna çevrilməsini xalqımız onlara bağışlamayacaq.
Ümummilli liderin 1993-cü il iyunun 9-da xalqın təkidli istəyinə səs verərək Bakıya qayıtması isə onun nə qədər qətiyyətli, prinsipial, hər hansı riskdən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqlədi. Respublikada hərc-mərcliyin, xaos və anarxiyanın hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərimizin işğalının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycanın süqutunu arzuladığı, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi, Azərbaycanın dövlət müstəqillyinin real təhlükə qarşısında olduğu bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişmək, normal məcrasına salmaq böyük siyasi bacarıq və müdriklik tələb edirdi. Ulu öndər müstəqilliyi kövrək, mövcudluğu isə real təhlükə qarşısında olan Azərbaycan dövlətini çoxlu sayda daxili və xarici qəsdlərdən qorudu. Bir sıra xarici dövlətlərin maliyyə dəstəyi, diktəsi, habelə planlaşdırması ilə hazırlanıb həyata keçirilən qəsdlərin qarşısı qətiyyətlə alındı. Bu qəsdlərdə "hakimiyyət xəstəliyi"nə tutulmuş, şəxsi ambisiyaları xalqa məhəbbət hissindən müqayisə edilməz dərəcədə böyük olan, xalqın maraqlarını düşünmədən şəxsi mənafeyinə qurban verməyə hazır olan Azərbaycanın bəzi "siyasiləri" ilə yanaşı, xarici ölkələrin vətəndaşları, habelə diplomatik toxunulmazlıq hüququ ilə respublikamızda çalışan bəzi xarici ölkələrin vətəndaşları da həlledici rol oynayırdılar. Heydər Əliyevi fiziki cəhətdən məhv etmək məqsədilə peşəkarlıqla hazırlanmış qəsdlər də nəticəsiz qaldı. Azərbaycan əleyhinə çirkin məqsəd birliyinə malik olan bu qüvvələr yüksək dövlət vəzifələri tutan insanları öldürməkdən, kütləvi qırğına səbəb olan müxtəlif partlayış və terror hadisələri törətməkdən də çəkinmədilər. Azərbaycan dövləti əleyhinə hazırlanmış bütün qəsdlərin qarşısı Heydər Əliyev və xalqın birgə səyi ilə alındı. Bu qəsdləri peşəkarlıqla hazırlayanlar və bu istiqamətdə böyük maliyyə vəsaiti xərcləyənlər Heydər Əliyev və xalq birliyinin hansı gücə malik olduğunu nəzərdən qaçırmışdılar. Hadisələrin sonrakı gedişatında bu gücün nəyə qadir olduğunu tarix dönə-dönə təsdiqlədi.
Heydər Əliyev Azərbaycan ərazilərini hakimiyyətin yurisdiksiyasına qaytardı və bu ərazilərdə qondarma "dövlət"lər və "nüfuz dairə"ləri yaratmış qüvvələri tam zərərsizləşdirdi. Bununla da Azərbaycan xalqı vətəndaş müharibəsindən və dövlətimiz isə siyasi xəritədən silinmək təhlükəsindən xilas oldu. Bugünkü prizmadan bir daha aydın görünür ki, Heydər Əliyevin qan içində çalxalanan paytaxta gəlməsinin özü bir qəhrəmanlıq nümunəsi, liderlik örnəyi idi. Başıpozuq bir ölkədə, qardaş qardaşın qanını axıtdığı bir dövlətdə ulu öndərin təhlükəsizliyinə heç kim zəmanət verə bilməzdi. Ölkəyə rəhbərlik edənlər Gəncədə böyük fəlakətlər törətdiklərinə, qanlar axıtdıqlarına baxmayaraq, günahsız olduqlarını, bu qarşıdurmaya sərəncam vermədiklərində israr edir, bir-birini günahlandırır, canlarını təhlükədən qurtarmağa, "sığortalanmağa" çalışırdılar. Belə bir vəziyyətdə Bakıya gəlmək və heç bir təhlükədən çəkinmədən Gəncəyə, hadisələrin cərəyan etdiyi bölgəyə səfər etməyi, hadisələrə düzgün siyasi qiymət verməyi yalnız Heydər Əliyev kimi bir şəxsiyyət bacara bilərdi!
Böyük siyasi liderlər üçün səciyyəvi cəhətlərdən biri də onların tarixi milli irs və ənənə əsasında dövlətin və xalqın bugünkü və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmələri, sabit və tarazlı iqtisadi tərəqqi üçün zəmin hazırlamalarıdır. Bu mənada 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyevin qarşısında ölkəni siyasi və iqtisadi tənəzzüldən, hərc-mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən çıxarmaq, sabit və tarazlı milli inkişaf strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirmək, bütün sahələrdə modernləşməni həyata keçirmək kimi taleyüklü vəzifələr dayanırdı. Şübhəsiz, kommunizm ideologiyasının zehinlərdəki və sosial gerçəklikdəki yaşantılarını aradan qaldırmaq, sürətlə yeni ictimai-iqtisadi münasibətlər sisteminə keçmək, cəmiyyət həyatının müxtəlif sahələrində demokratikləşməyə nail olmaq, yeni mərhələnin tələblərinə uyğun mükəmməl hüquqi baza formalaşdırmaq, qanunun aliliyini bütün səviyyələrdə təmin etmək ardıcıl və davamlı səylər göstərilməsini tələb edirdi. Ulu öndər müdrik siyasi addımları ilə ilk gündən sübuta yetirdi ki, demokratiya heç də hüdudsuz azadlıq deyil, qanunların aliliyinə söykənən siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır.
Azərbaycanda demokratikləşmə və modernləşmənin ilkin mərhələsi üçün xarakterik xüsusiyyətlərdən biri də dünya təsərrüfat sisteminə və ümumilikdə Avratlantik məkana sürətli inteqrasiyanın təmin edilməsi olmuşdur. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir. Avropa Şurası, ATƏT, Avropa Birliyi kimi mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq təkcə siyasi-hüquqi deyil, ictimai həyatın digər sahələrində də kardinal dəyişikliklərə yol açmış, respublikamıza xarici sərmayə qoyuluşlarının həcmi artmış, iqtisadi modernləşmə və siyasi liberallaşma üçün əlverişli zəmin formalaşmışdır.
Müstəqilliyin ilk illərində cəmiyyətdə həllini gözləyən bir sıra problemləri - yeni iqtisadi-siyasi sistemin qaçılmaz reallıqlarının ictimai rəydə hələ yaxşı "həzm olunmadığını", dövlətçilik üçün daxili və xarici təhdidlərin aradan qalxmadığını, sivil siyasi münasibətlər sisteminin formalaşmadığını nəzərə alan ulu öndər Heydər Əliyev bir müddət "dəmir əl" siyasətinə üstünlük vermək məcburiyyətində qalmış, totalitar düşüncə tərzinin ziyanlı komplekslərindən azad olmamış cəmiyyətin liberal demokratik islahatlara tədricən hazırlanmasını haqlı olaraq vacib saymışdır. Bunun üçün dövlət idarəetmə sistemində institusional xarakterli islahatların həyata keçirilməsini təmin edən, iqtisadi inkişaf üçün etibarlı zəmin hazırlayan, qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirən böyük strateq demokratiyanın üstqurum elementi keyfiyyətinə uyğun olaraq davamlı inkişaf etdirilməsi istiqamətində ardıcıl və sistemli addımlar atmışdır.
Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyada əksini tapmış müddəaların təxminən üçdə ikisinin düzünə və ya dolayısı ilə insan hüquq və azadlıqları ilə bağlı olması da ulu öndərin insan hüquqlarına necə böyük həssaslıqla yanaşmasının bariz təcəssümüdür.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası da ulu öndər Heydər Əliyevin necə böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü təsdiqləyir. Bu humanizmin nəticəsidir ki, respublikamızda əfv fərmanlarının imzalanması, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Heydər Əliyevin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.
Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və insan kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də onun yürütdüyü siyasətin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanması olmuşdur. 1995-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3091 məhkuma şamil edilmişdir. Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə amnistiya haqqında 8 qanun qəbul etmiş, 31 mindən artıq məhkum azadlığa buraxılmış və yaxud cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Bu addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımaqla cəmiyyətə pak mənəvi dəyərlər, humanizm hissi aşılamış, ölkədə cinayətkarlığın dinamikasının azalmasını təmin etmişdir.
Azərbaycan cəmi 20 il müddətində inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində böyük uğurlar əldə etmişdir. Demokratiyanın davamlı milli inkişaf baxımından qaçılmazlığı və müstəsna əhəmiyyət daşıması fikri ictimaiyyət tərəfindən də birmənalı qəbul olunmuşdur.
Son 9 ildə ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Dövlət başçısının qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur.
"Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin..." - deyən cənab İlham Əliyev ulu öndərin dövlətçilik irsinə sədaqətini bir daha nümayiş etdirir. Son 9 ilin yekunlarının təhlili deməyə əsas verir ki, dövlət başçısı irəli sürdüyü bu prinsipləri gerçəkliyə çevirmək üçün ardıcıl, məqsədyönlü və uğurlu fəaliyyət göstərmiş, bütün məsələlərdə məhz xalqın mənafeyini əsas götürmüşdür. Azərbaycan Prezidentinin fəaliyyətinin təhlili göstərir ki, ötən illərdə konturları hələ böyük strateq Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2012.- 14 iyun.- S. 4.