Qazax rayonunda Ədəbiyyat muzeyinin tikintisi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycanın şairlər və aşıqlar yurdu kimi tanınmış qədim Qazax bölgəsi bütün həyatları boyu doğma vətənimizi tərənnüm etmiş, poeziyamıza dəyərli söz sənəti inciləri vermiş Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Səməd Vurğun, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Mirvarid Dilbazi kimi görkəmli şəxsiyyətlər yetişdirmişdir. Qüdrətli sənətkarların Azərbaycanın bədii fikir salnaməsində parlaq səhifələr açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir.

Ölkəmizdə söz-sənət ustadlarının xatirəsi həmişə əziz tutulmuş, onların adına park və xiyabanlar salınmış, abidələr ucaldılmış, ev muzeyləri yaradılmış və bu ənənələr hazırda da davam etdirilir. Qazax rayonunda fəaliyyət göstərən Səməd Vurğun poeziya evində, Molla Vəli Vidadi və Molla Pənah Vaqifin xatirə muzeyində dahi sənətkarların həyat və yaradıcılığının dərindən öyrənilməsi və təbliğ edilməsinə, yaradıcı insanların görüşlərinin, toplantılarının, poeziya gecələrinin keçirilməsinə lazımi şəraitin olmaması müasir ədəbi mərkəzin yaradılmasını zəruri edir.

Gənc yaradıcı nəslin potensialının üzə çıxarılmasının, ədəbiyyatımızın milli istiqamətlərinin və xalqımızın ədəbi-mədəni irsinin qorunmasının və təbliğinin vacibliyini, habelə bölgə yazıçı və şairlərinin Ədəbiyyat muzeyinin yaradılması barədə müraciətlərini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Qazax şəhərində Ədəbiyyat muzeyinin tikintisi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qazax Rayon İcra Hakimiyyətinə 5 (beş) milyon manat  ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 1.