Heydər Əliyevin ali məqsədi insan hüquqlarının müdafiəsi idi

 

 Dövlətimizin tarixində həlledici məqamlar çox olub. 15 iyun 1993-cü il isə çox fərqli bir məqam, şərəfli bir tarixdir. Həmin gün Azərbaycanın siyasət tarixinə ən məsul, ən önəmli hadisə kimi həkk olub. Böyük qurbanlar bahasına qazanılmış azadlığımızın, dövlət müstəqilliyinin müqəddəratının müəyyən edildiyi ən gərgin və ağır günlərdə Heydər Əliyev xalqın iradəsi ilə ölkə rəhbərliyinə qayıdaraq tarixi xilaskarlıq  missiyasına başladı. Bu hadisə şanlı tarixə malik müstəqil dövlətimizin qurtuluşunun başlanğıcı kimi dəyərləndirilərək Milli Qurtuluş Günü elan edilmişdir. Bu günün ölkəmizdə əlamətdar bayramlardan biri kimi qeyd olunması artıq ənənəyə çevrilmişdir.

Müasir tariximizin yaradıcısı olan ulu öndər  Heydər Əliyev təkcə özünün ölməz əməlləri, ictimai-siyasi fəaliyyəti ilə deyil, həm də xalqa, dövlətə əmanət etdiyi böyük arzuları, düşüncələri və əsrlərə nümunə olacaq ideyaları ilə həmişəyaşardır.

Heydər Əliyevin dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycanın tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Onun ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində dövlət quruculuğu istiqamətində düşünülmüş, məqsədyönlü, ardıcıl, çevik həyata keçirilən dövlət siyasəti respublikanı geridə qalmış sovet respublikaları siyahısından çıxararaq, öz inkişaf sürəti ilə bütün dünyanın diqqətini cəlb edən bir ölkəyə çevirdi.

Xalqımızın əbədiyaşar oğlu Heydər Əliyevin XX əsrin və ümumiyyətlə bütün tarixin önəmli şəxsləri sırasında ilk yerlərdən birini tutması heç də təsadüfi deyildir. Birmənalı olaraq etiraf etmək lazımdır ki, ulu öndər həyatın sərt imtahanlarından, böyük və amansız mübarizələrdən mətanətlə keçmiş, həmişə də öz müdrikliyi ilə qalib gəlmişdir. Bu o dahi insanın xalqa tükənməz sevgisinin,  Azərbaycana bağlılığının və birtarixin ona verdiyi böyük istedadın nəticəsidir.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin istər birinci dəfə, istərsə də ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldiyi dövrdə dövlət idarəçiliyində müəyyən bir zəiflik, bəsitlik mövcud olub. Ulu öndər böyük təşkilatçılıq bacarığı, zəngin idarəçilik səriştəsi ilə bunlara son qoyub. Onun rəhbərliyə qayıdışı ilə başlıca olaraq  müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılma konsepsiyasını işləyib hazırladı və həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim-azərbaycançılıq ideologiyasını yaratdı.

Heydər Əliyevin dövlət quruculuğu proqramında güclü dövlət anlayışı xüsusi yer tuturdu. O hesab edirdi ki, cəmiyyətin və dövlətin bütün sferalarını bürümüş dərin böhran şəraitindən çıxış yolu  yalnız dövlət hakimiyyətinin radikal şəkildə gücləndirilməsindən, sosial, iqtisadisiyasi proseslərin dövlət tənzimlənməsinin genişləndirilməsindən ibarətdir.

1996-1998-ci illərdə Azərbaycanda iqtisadi islahatların, dövlətin iqtisadi siyasətinin aparıcı istiqamətləri müəyyən edilməklə yanaşı, islahatların hüquqi bazası da genişləndirildi. Bu illər ərzində 20-dən çox idarəetmə orqanı ləğv olunmuş, maliyyə, bank, vergi və sığorta sistemində institusional dəyişikliklər aparılmışdı.

Heydər Əliyev ötən əsrin  doxsanıncı illərinin sərt burulğanında ölkəmizi xilas etdi, sabitliyə nail oldu. 20 sentyabr 1994-cü ildə Azərbaycan Respublikasının siyasi, iqtisadiinformasiya blokadası şəraitində olduğu bir vaxtda "Əsrin müqaviləsi" imzalandı. Həmin dövrdə Azərbaycan haqqında dünyada təsəvvür ya ümumiyyətlə yox idi, yaxud da  respublikamız barəsində yalnız mənfi rəy formalaşmışdı. Heydər Əliyev belə bir gərgin şəraitdə dünyanın 7 inkişaf etmiş qüdrətli dövlətini təmsil edən 11 neft şirkəti ilə "Əsrin müqaviləsi"ni imzalamağa müvəffəq oldu.

Ulu öndər Heydər Əliyev iqtisadi inkişafı ölkənin və dövlətin ən vacib vəzifəsi hesab edirdi. Məhz buna görə təsadüfi deyildir ki, onun dövlətçilik konsepsiyasında iqtisadiyyatın idarə olunması ilə bağlı iki cəhət başlıca yer tuturdu: Bunlardan biri dövlət tərəfindən ölkənin, ümumilikdə cəmiyyətin iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsi, ikincisi isə, dövlətin  iqtisadi siyasətinin həyata keçirilməsini şərtləndirən mühüm amil kimi ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasıdır. Onun bu kəlamı ümummilli liderin iqtisadi inkişafa verdiyi əhəmiyyəti açıqlayır: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir".

Demokratik təsisatların və qanunun aliliyi prinsiplərinin möhkəmləndirilməsi, hüquqi islahatların ardıcıl və keyfiyyətlə aparılması üçün Heydər Əliyev 1998-ci ilin dekabr ayında "Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" fərman imzaladı ki, bu da səmərəli dövlət idarəetmə sisteminin formalaşdırılması istiqamətində aparılan islahatların başlanğıcını qoydu. Komissiya qısa müddət ərzində Azərbaycanda dövlət idarəetmə sisteminin islahatlarının konsepsiyasının layihəsini işləyib hazırladı. Layihədə islahatların dörd istiqamətdə aparılması nəzərdə tutulurdu:

 

- dövlət xərclərinin idarə olunması sisteminin yenidən qurulması;

- audit sisteminin islahatı;

- dövlət idarəetmə sisteminin (inzibati dövlət qulluğu) islahatı;

- hüquq məhkəmə sisteminin islahatı.

 

Dövlət quruculuğu məsələləri daim ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Onun tərəfindən cəmiyyət dövlət həyatının bütün sahələrində olduğu kimi, hüquqi sahədə köklü islahatlar aparılmışdır.  Bu islahatların həyata keçirilməsinin əsasını "Heydər Əliyev Konstitusiyası" kimi tarixə düşən 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan ilk müstəqil Konstitusiyamız qoydu. Burada dövlət quruculuğunun əsasları müəyyənləşdirilmiş  onun maddələrinin üçdə bir hissəsi insan hüquqlarına onların təminatlarına həsr edilmişdir.

Hüquq məhkəmə sisteminin islahatları dövlət idarəetmə sisteminin mühüm tərkib hissəsidir. Bu sahədə islahatlara hələ 1997-ci ildən "Məhkəmələr hakimlər haqqında" qanunun qəbul olunması ilə başlanmışdır. Ötən müddət ərzində Konstitusiya Məhkəməsi yaradılmış, qanunvericilik yolu ilə hər bir vətəndaşın pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsinə bütün maneələr aradan qaldırılmışdır. Xüsusi mülkiyyətin, seçki hüququnun müdafiəsi, dövlət orqanlarının hərəkətlərindən qərarlarından şikayətlər kimi yeni kateqoriyalı işlər meydana gəlmişdir.

Beləliklə, qısa müddətdə hüquq sisteminin təməlini təşkil edən mühüm qanun məcəllələr qəbul edildi, məhkəmə hüquq-mühafizə orqanlarının funksiya səlahiyyətlərinə yenidən baxıldı. Nəticə etibarilə Azərbaycanda əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni hüquq üçpilləli müstəqil məhkəmə sistemi formalaşdırıldı. İndi biz fəxrlə deyə bilərik ki, ali məqsədi insan haqlarının müdafiəsinə xidmət edən Azərbaycanın yeni hüquq sistemi fəaliyyətdədir. Aparılan islahatlar nəticəsində ölkənin bütün hüquq sistemində köklü dəyişikliklərə səbəb olan yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlar digər sənədlər qəbul edildi.

Bu gün inamla demək olar ki, məhkəmələrin müstəqil fəaliyyət göstərməsi üçün kifayət qədər hüquqi baza mövcuddur. Məhkəmələrin müstəqilliyinin təminatı Konstitusiyada, "Məhkəmələr hakimlər haqqında" qanunda, digər qanunvericilik aktlarında geniş şəkildə öz əksini tapmışdır. Hakimlərin müstəqilliyinin təmin edilməsi üçün dövlət tərəfindən bütün tədbirlər görülmüşdür.

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında 2002-ci il avqustun 24-də gerçəkləşən referendum respublikada həyata keçirilən məhkəmə-hüquq islahatlarına yeni bir töhfə vermişdir.

Azərbaycanın məhkəmə sistemi gündən-günə təkmilləşərək inkişaf edir. Dünya ədliyyə sisteminə inteqrasiya edən Azərbaycan özünün hüquqi bazasını daha da möhkəmləndirməklə bu sahədə uğurlarını gündən-günə artırır. Məhkəmə sistemində çalışan insanlar isə ona göstərilən etimadı doğrultmaq üçün üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyi, vətəninə, xalqına ləyaqətlə xidmət göstərməyi özünün şərəfli vəzifəsi hesab edir.

Bu gün ulu öndər Heydər Əliyevin dediyi "Hüquq-mühafizə orqanlarında işləyən, yaxud işləmək istəyən hər bir vətəndaş bilməlidir ki, ondan birinci növbədə Azərbaycan dövlətinə sədaqət tələb olunur. Mənəvi saflıq, mənəvi paklıq, mənəvi keyfiyyətlər tələb olunur" fikirləri bu strukturların hər bir əməkdaşının həyat devizinə çevrilməlidir.

 

 

Elmir ALIŞZADƏ,

Gəncə Apelyasiya Məhkəməsi

aparatının rəhbəri

 

Azərbaycan.- 2012.- 14 iyun.- S. 4.