Azərbaycanda alternativ enerjidən istifadəyə diqqət artırılır

 

Bir neçə ilin söhbətidir, Avropada İqlim Dəyişmələri üzrə Dövlətlərarası Ekspert Qrupunun toplantısında dünyada temperaturun anomal dəyişmə və istiləşmə faktı və buna səbəb olan amillər müzakirə olunurdu. Beynəlxalq mütəxəssislər qənaətə gəlmişdilər ki, qlobal temperaturun dəyişməsinə, dünyada sosial-iqtisadi itkilərin baş verməsinə səbəb atmosferə buraxılan toksik maddələrin həcminin artması, təbiətə istilaçı yanaşma, karbohidrogen ehtiyatlarından aşırı istifadə və ekoloji problemlərdir. Çıxış yolu kimi sənayeləşmənin alternativ enerji üzərində qurulması düşünüldü.

Qərara alındı ki, günəş və külək enerjisindən, biokütlədən istifadə olunarsa, paralel olaraq meşə əraziləri bərpa edilərsə və yeni meşə zolaqları salınarsa karbon qazının udulması bir qədər artar, enerji balansı müəyyən qədər sabitləşər. Yəni planetin xilası sürətlə sənayeləşmənin qarşısının alınmasında, alternativ mənbələrin axtarılıb tapılmasında görüldü. Digər tərəfdən də ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri etdi. Bu, enerjiyə qənaət və israfçılığın qarşısının alınmasına xidmət edər. Bu zaman daim baş verən proseslərdən istifadə olunur, mənbələr insan istifadəsi nəticəsində tükənmir. Bundan başqa alternativ enerji təkcə təbiəti xilas etmək, karbon qazını azaltmaq və istilik effekti yaradan qazların atmosferdəki konsentrasiyasını sabitləşdirməklə bitmir, həmçinin ölkələrin neftdən və qazdan, onların hər an qalxıb enən qiymətindən asılılığını da yumşaldar.    

Bir ara avropalı alimlər "Beynəlxalq Alternativ Ekoloji Yanacaq" layihəsi hazırladılar. Layihəyə görə böyük səhrada quraşdırılmış günəş enerjisi şəbəkəsi bütün Avropanı elektrik enerjisi ilə təmin etməliydi. Son illər dünyanın inkişaf etmiş ölkələri artıq ekoloji, təmiz enerji mənbələrindən istifadə üçün ciddi addımlar atıb. Lakin bu elə bir prosesdir ki, burada bütün ölkələrin koordinasiya olunmuş fəaliyyəti gərəkdir. Azərbaycan alternativ enerji üçün əsl mənbədir. Antik coğrafiyaşünaslar, səyyahlar bu barədə demiş, Strabon, Herodot bu ərazilərin coğrafi quruluşundan, 8 iqlim zolağından dönə-dönə yazmışlar: "Bu yerlər günəşli və küləkli günlərin miqdarına görə tükənməz enerji potensialı baxımından əlverişli imkanlara - təbii sərvətlərə malikdir".

Hesablamalar göstərir ki, Azərbaycan günəş enerjisi ehtiyatı ilə daha çox zəngindir. Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş işığının müddəti il ərzində 2500,  Naxçıvanda 2900 saata bərabərdir. Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlığını və dünya iqtisadiyyatına inteqrasiyasını nəzərə alaraq iqtisadi cəhətdən inkişaf etmiş ölkələr tərəfindən həyata keçirilən və perspektivi olan enerji siyasətindən kənarda qala bilməzdi. Eyni zamanda ölkəmiz böyük alternativ enerji mənbələrinə malik ölkə kimi həmişə dünyanın diqqətində olub. Dəfələrlə Bakıda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı beynəlxalq konfrans keçirilib, bu sahədə dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edilir. Respublikamızda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı qəbul olunub. Sənaye və Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələrindən İstifadəsi üzrə Dövlət Agentliyi yaradılıb, ayrı-ayrı ölkələrin təcrübələri öyrənilib. Xarici sərmayədarlara ölkəmizdə bu sahənin inkişafı üçün geniş imkanlar açılıb.

Ölkə Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda bu vacib məsələyə geniş yer ayrılmışdı. Beləki regional inkişaf proqramlarında alternativ və bərpa olunan enerjilərdən istifadənin genişləndirilməsi nəzərdə tutulurdu. Günəş və külək enerjisi istehsal edən  qurğuların inşası planlaşdırıldı. Prezident bir neçə il öncə geniş toplantıların birində bu məsələni xüsusilə diqqətə çatdırdı və bəyan etdi ki, artıq bu sahə üzrə ciddi çalışmağın vaxtıdır, bizim nə külək, nə günəş, nə də hava, su qıtlığımız yoxdur: "Biz alternativ enerji mənbələrini yaratmağa çalışmalıyıq. İlk növbədə kiçik çaylarda mini su-elektrik stansiyaları tikilməlidir. Bununla yanaşı biz günəş və külək enerjisindən də səmərəli istifadə etməliyik. Günəş də, külək də bizdə kifayət qədərdir. Biz təbii imkanlarımızdan səmərəli istifadə etməliyik. Bu sahəyə həm yerli, həm də xarici özəl şirkətləri cəlb etmək olar. Biz bu sahəyə çox ciddi diqqət yetirməliyik".

Bir neçə il öncə bu sahədə təcrübəmizin yoxluğunu, peşəkarlığımızın azlığını, müasir texnologiyanın çatışmadığını, rəqabət qabiliyyətinin aşağı səviyyəsini, xaricdə istifadə olunan ən müasir avadanlıqlar haqqında informasiya qıtlığını və sistemli infrastrukturun zəifliyini düşünürdüksə indi ölkəmizdə ən müasir avadanlıq və inventarlarla təchiz olunmuş, tam kompyuterləşdirilmiş, "Wi-Fi" şəbəkəsi olan Azgüntex zavodu fəaliyyətə başlayıb.  

Bu cür sənaye müəssisələrinin yaradılması qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinə, regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar yaradır. Burada iki istehsal xətti - Günəş modulları və LED lampaları xətləri fəaliyyət göstərəcək. Bu lampalardan daha çox yaşayış binalarının, küçələrin, meydanların, müxtəlif iaşə və sosial obyektlərin işıqlandırılmasında istifadə olunacaq. Əsasən yaşayış binaları üçün nəzərdə tutulan bu layihə hər bir evin müstəqil şəkildə günəş enerjisini elektrik enerjisinə çevirən, ekoloji cəhətdən təmiz və təhlükəsiz kiçik elektrik stansiyası ilə təchizinə yönəlib. 

Günəş panelləri vasitəsilə əldə olunan sabit enerji dəyişən enerjiyə çevrilərək istehlakçıların istifadəsinə veriləcək, artıq qalan enerji şəbəkəyə ötürüləcək, gecə saatlarında isə şəbəkədən alınacaq. Müəssisədə hər birinin gücü 42 vattdan 250 vata qədər olan və 60 fotoelementlə təchiz edilən bu panellər beynəlxalq standartlar səviyyəsində hazırlanacaq və sabit enerji verəcəkdir.

Alternativ və bərpa olunan enerji sahəsində dünyanın məşhur şirkətlərinin istehsal etdikləri ən müasir texnologiyalarla təmin olunmuş zavodda ekoloji normalara da yüksək səviyyədə əməl olunur. Dövlət başçısı İlham Əliyev zavodun açılışı ilə bağlı Sumqayıtda olarkən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Sumqayıtda yaradılacaq Yüksək Texnologiyalar Parkının layihəsi ilə də tanış olmuşdur. Orada Prezidentə bildirilmişdi ki, parkın ərazisində bərpa olunan enerjidən istifadə texnologiyasına əsaslanan daha 15 zavodun inşası planlaşdırılır. Optik linzalar, şüşə və bazalt liflər, akkumulyator, həmçinin alternativ enerjinin əldə edilməsində lazım olan avadanlıqlar elə ölkəmizdə istehsal olunacaq. Yaxın gələcəkdə zavodun ərazisində lampa zavodunun inşası da nəzərdə tutulur.

Göründüyü kimi, son illər ölkəmizdə sənayenin qeyri-neft sektorunun ardıcıl inkişafı həyata keçirilir. Hesablamalar göstərir ki, ümumi daxili məhsulun tərkibində əsas yer sənaye məhsullarının payına düşür. Azərbaycan bu gün sənayenin inkişafına görə MDB dövlətləri içərisində nəhəng sənaye komplekslərinə malik Rusiya və Ukrayna ilə rəqabətə girir. Sumqayıt Texnologiyalar Parkında polimer məhsulları istehsalı, ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları açılmışdır. 17 zavoddan ibarət STR-də müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Bu cür nəhəng sənaye müəssisələrinin istifadəyə verilməsi nəticəsində yüzlərlə yeni iş yeri açılır. Zavodda dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin istehsal etdiyi 58 dəzgah quraşdırılmışdır ki, bu dəzgahlarda energetika, maşınqayırma və neft sənayesi sektoruna aid bir çox detalların emalı mümkündür. Zavod İsveç və Almaniyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir. Mütəxəssislər deyir ki, bu zavodlar daxili bazardakı tələbatı ödəyəndən sonra xarici ölkələrə də məhsul göndərəcəklər. Göründüyü kimi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, məşğulluğun səviyyəsinin, xüsusən də gənclərin faydalı əməklə məşğulluğunun artırılması istiqamətində çox mühüm addımlar atılır.

Bu günlərdə Bakıda energetika sənayesi nailiyyətlərinin nümayişi sahəsində Xəzər regionunun yeganə ixtisaslaşdırılmış tədbiri olan 2-Xəzər Beynəlxalq "Energetika və alternativ enerji" sərgisi start götürdü. Məqsəd regionda enerji sektorunun gələcək inkişafı üçün münbit şəraitin təmin olunmasına, biznes əlaqələrinin qurulmasına, satış bazarlarının genişləndirilməsinə, birgə müəssisələrin yaradılmasına və ölkə bazarında investisiya layihələrinin, o cümlədən texnologiya və avadanlıqların təşviqinə kömək etməkdir. Sərgidə əsas diqqət alternativ enerji mənbələrinə verilir. Bu mənbələrin axtarışı son illər dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da müşahidə olunur. Odur ki, beynəlxalq sərgidə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə yanaşı Azərbaycanın enerji sektorunda fəaliyyət göstərən xarici və yerli şirkətlər də öz məhsullarını təqdim edirdilər. Onların arasında "AZENCO STR" Sumqayıt Texnologiyalar Parkı, "Göknur Bakı" MMC və başqa şirkətlər də var.

Artıq iqlim şəraiti zəminində respublikada külək enerjisindən istifadənin inkişafı üzrə böyük layihələrin icrasına başlanılmışdır. Bu baxımdan "Caspian Power-2012" sərgisinin bir hissəsi regionda külək enerjisindən istifadə və bu sahənin perspektivlərinə həsr olunmuşdu. Günəş batareyalarının istehsalı Azərbaycanda günəş enerjisinin inkişafında mühüm addım kimi dəyərləndirilir və sərgidə bu batareyalar "AZENCO STR" Sumqayıt Texnologiyalar Parkı tərəfindən təqdim olunur. Azərbaycanda yeni stansiyaların yaradılması, alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, neft və qaz sektorunda həyata keçirilən layihələr, o cümlədən yeni elektrik stansiyalarının açılışı sərginin perspektivliyini göstərir.

Təşkilatçılar ümid edirlər ki, sərgidə təqdim olunan ən son avadanlıq və texnologiyalar yeni enerji layihələrində istifadə olunacaq ki, bu da ölkə sənayesinin inkişafına güclü təkan verərək beynəlxalq keyfiyyət standartlarına uyğun olan rəqabətədavamlı məhsulların istehsalını stimullaşdıracaq. Heç kimdə şübhə yoxdur ki, çox keçmədən ölkəmiz sənayenin qeyri-neft sektorunun lokomotivinə çevriləcək.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 14 iyun.- S. 6.