Möcüzəli təranələr dünyası

 

 Bu il görkəmli sənətkarımız Habil Əliyevin 85 yaşı tamam olub. Sənətində əbədilik yaşamını qazanmış Habil Əliyev haqqında indi hansı sözü tapıb deyəsən ki, onun kamanından qopan kövrək pıçıltını, həzin nəğməni, harayı olduğu kimi ifadə edə bilsin?! Ustadın kamanda ifa etdiyi muğamlar, xalq havaları, təsniflər möcüzəli təranələr dünyasıdır. Alovu ürəkləri yandıran, adamı ağladan, düşündürən bu ovsunlu sədaların sehri təbiətin özü kimi sadə və mürəkkəbdir. Ondan ancaq ariflər baş aça bilər. Xalq şairi Bəxtiyar Vahabzadə vaxtilə ustadın sənəti haqqında belə deyirdi: "Habil əslində xalq musiqi yaradıcılığının ifaçısıdır. Lakin onun ifasında "Habil çaları" da var. Bizi valeh edən də budur. Çünki biz bu çalarları Habilə qədər heç bir kaman ifaçısında görməmişik. O, sadəcə çalmır, yaradır. Bəziləri kimi yaradıcılıqda axtarışlarını eninə-uzununa yox, dərin qatlara tuşlayan Habil düşündüyünə görə bizi də düşündürməyi bacarır. Düşündürməyən sənət sənət deyil. Buna görə də biz Habilə çalğıçı, yaxud ifaçı deyil, sənətkar deyirik".

Ürəyinin çırpıntılarını barmaqları ilə kamana yetirərək onun tellərində tufan qoparan Habil Əliyev Azərbaycan mədəniyyətində öz məktəbini, ənənəsini yaratmış görkəmli ifaçılarımızdan ən qüdrətlisidir. Çağdaş mədəniyyətimizin çox istedadlı nümayəndəsi olan bu kaman ustadı haqqında sənətşünaslıq doktoru, professor İlham Rəhimli öz fikirlərini belə ifadə edir: "Mədəniyyətimizdə möhkəm platformalı nadir şəxslər olmasa, musiqi sənətimiz əvvəl öz formasını, sonra isə məzmununu və mahiyyətini tam dəyişə bilər. Habil kamanı bu baxımdan, sözün tam mənasında, Azərbaycan xalqının mədəniyyət xadimi kimi də təhlil etmək, sənətinin mahiyyətini həmin istiqamətdə araşdırmaq təbiidir". Müəllifin fikrinə qoşulsaq, bu təbiiliyə səbəb odur ki, Habil Əliyevin kamanında yüksək sənətkarlıqla ifa olunan musiqinin dərin xəlqiliyi, tarixiliyi ön planda qalır və estetik təsir öz işini görür. Habil Əliyevin Azərbaycan mədəniyyətinə ən böyük xidmətidir ki, bu mahir ifaçı xalq musiqisinin xalqa məxsusluğunu öz istedadının gücü ilə kamanında böyük məharətlə təsdiqlədi.

Əlbəttə, kamançada çalanlarımız çox olub. Habil Əliyevdən öncə də, sonra da. Bu sənətin fədailəri sırasında Habil Əliyev fərqli olaraq qalmaqda davam edir. Bu məxsusluq o qədər qüdrətli və təsirlidir ki, orta əsrlərdən üzübəri təriflənən, klassik ədəbiyyatda adı tez-tez çəkilən kamançanın az qala yaradıcısı, məhz ilk çalanı da Habildir deyə düşünürük. Çünki ustad sənətkarımız kamançanın həyatını tamam dəyişdi. Onun avazına yeni xallar, rənglər, ovqatlar, nalələr qatdı. Bu, hər kəsə nəsib olan sənət uğuru deyil ki, çalğısının ilk təranələrindən kamanı dilləndirənin məhz Habil olduğunu dərhal hiss edirik. Böyük sənətkarımız bu möhtəşəm zirvəni fəth edərək əzablı yollar keçib. Habil müəllim deyir: "Həmişə hər yerdə çalışmışam ki, məni yalnız adi çalğıçı kimi dinləməsinlər. Muğamın xarakterinə uyğun hekayətə qulaq assınlar. Onlara elə gəlsin ki, bu musiqili ovqatı yaradan öz ürəyinin hekayətini söyləyir. Bu səbəbdən də həmişə gözümü yumub ürəyimlə tellərin ünsiyyətinə çalışıram". Elə onun sənətinin cazibəsinin də kökü buradadır. Unudulmaz Bəxtiyar Vahabzadə Habil müəllimə, onun sevimli kamanına bəlkə onlarca şeir həsr edib. Hər dəfə də öz heyrətini poetik dilə gətirib:

 

Bu ağac parçası yanmayır özü,

Ancaq od-ocaqsız yandırır bizi.

Onun atəşinə od şan-şan olur,

Bu səsin oduna alışır su da.

Ağac hər atəşə alışan olur,

Bəs niyə alışmır belə bir oda?

 

Habil kamanının ovsunlu ifaları Azərbaycan muğamlarına, xalq mahnılarına, bütövlükdə musiqi dünyamıza yeni bir çağlayış qüdrəti, titrəyiş, daha dəqiq desək, kaman mərhələsi gətirdi. Ötən əsrin 50-ci illərinə qədər "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Bayatı-Kürd", "Segah", "Zabul" muğamlarını çoxları ifa edib. Xalqımızın ruhunda, ürəyimizin dərinliklərində əbədiyaşarlıq tapmış bu bəşəri incilərin məhz Habil kamanında öz yozumu oldu. Sanki bu muğamlara yeni təravətli ömür, qəribə cazibə qüdrəti gəldi. Hər dəfə onları Habilin ifasında dinləyəndə ilk dəfə eşidirmiş kimi heyrətlə varlığımıza çəkirik və bizə elə gəlir ki, ustadın bundan sonra belə möcüzəli çalğısı ola bilməz. Amma sənətdə zirvə silsilə dağa bənzəyir. Habilin hər ifası möcüzədir. Maraqlısı da odur ki, bu qəribə hal davam etməkdədir. Özünün maraqlı bir fikri var: "Hər kəs öz sənətində snayper olmalıdır. Hədəfi düz seçsin, yanılmasın". Bax, elə buna görə də Habil Əliyev illər boyu əzizlədiyi kamanına qarşılıqlı etibar və vəfa göstərdi.

85 yaşlı ustadımız Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Özünün dediyinə görə, uşaqlıqda bəxti onda gətirib ki, məktəbdə oxuduğu illərdə dövrün məşhur xanəndəsi və musiqi müəllimi Əhməd Ağdamski onların evində kirayədə qalıb. Əhməd Ağdamskinin hər axşam müxtəlif qonaqları olardı. Onun yanına əsasən musiqiçilər gələr, muğamlardan, təsniflərdən, xalq mahnılarından danışar, yeri gəldikcə də onlardan parçaları ya tarda, ya da kamançada ifa edərdilər. Bütün bu baş verənlərə uşaq marağı ilə qulaq kəsilən Habilin qəlbinə sənət məhəbbəti də elə o illərdən düşmüşdür. Habil Əliyev ömrünün dünənini xatırlayanda söyləyir: "Mənim sənət aləminə gəlməyimdə iki xeyirxahım olub. Onlardan biri Əhməd Ağdamski, o birisi isə anamdır. Əhməd Ağdamski mənə sənətin nə olduğunu anlatdı, anam isə məndə sənətə məhəbbət yaratdı".

Habil məktəbə gedəndə 6 yaşı vardı. Musiqi alətləri boyundan hündür idi. Əvvəllər tar sinfində oxumaq istəsə də, aləti sinəsində tuta bilmədiyindən kamançanı seçmək məcburiyyətində qalıb. Sinif yoldaşlarından fərqli olaraq bir neçə ay Habil kamançanı dizi üstündə yox, stol üstündə qoyub çalarmış. Ritmi düzgün tutması, musiqi duyumu, xüsusilə də yaddaşı onu hamıdan fərqləndirdi. Yeddinci sinfi və musiqi təhsilini bitirdikdən sonra Habil Əliyev pedaqoji məktəbə daxil olub. Bu o zaman idi ki, İkinci Dünya müharibəsinin vahiməsi ölkəmizi bürümüşdü. Ailənin bütün ağırlığı ananın və Habilin çiyinlərinə düşmüşdü. Böyük qardaşı Məhəmmədiyyənin cəbhədən qara kağızı gəlmişdi. Habil Əliyev danışırdı: "Anam nalə çəkib şivən qoparırdı. Mən ağlaya bilmirdim, ancaq çalırdım. Dərdimi kamana deyirdim. Onda elə bil bütün anaların, bacıların kədəri kamançamın simlərinə hopurdu. Sanki çəkilən ah-fəryadların əks-sədası kimi yeni bir musiqi parçası yaranırdı. İndi də kamanımda o sədalar, o fəryadlar qalmaqdadır".

İkinci Dünya müharibəsi Habilgilin ailəsinə ağır zərbə vurdu. Atanın və böyük qardaşın həlak olması onları çətin duruma saldı. Habilin böyük bacısı İmişlinin Məzrəli kəndində yaşayırdı. Habil də kamançasını qoltuğuna vuraraq onlara gedib, xalq şənliklərində, toy-büsatlarda iştirak edib. "Payıma düşən pulu anamgilə yollayırdım", - deyən Habil 1947-ci ildə Ağdaşa qayıdaraq pionerlər evində dərnək rəhbəri vəzifəsində işləyib.

Sonralar Asəf Zeynallı adına musiqi məktəbində oxumaq üçün Bakıya gələn Habilin qeyri-adi istedadı bəstəkar Süleyman Ələsgərovun diqqətini çəkib. O, həmin məktəbin direktoru vəzifəsində çalışırdı. Məşhur tarzən, muğam bilicisi Qurban Pirimovdan, xanəndə Seyid Şuşinskidən sənət sirlərini öyrənən Habil bu dəfə ifaçılığı ilə bəstəkar Soltan Hacıbəylinin diqqətini cəlb edib. Təbiətən həssas və xeyirxah olan Soltan müəllim Habilə filarmoniyada işləməyi məsləhət görüb. O vaxt filarmoniyanın direktoru Şəmsi Bədəlbəyli idi. Soltan Hacıbəyli, Niyazi, Səid Rüstəmov gənc çalğıçıya diqqətlə qulaq asmış, onun ifasındakı muğam və xalq mahnılarını məftunluqla qarşılamışlar. Beləliklə, 1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyətə başlayan Habil Əliyev öz kamançası ilə Seyid Şuşinski, Həqiqət Rzayeva, Zülfü Adıgözəlov, Xan Şuşinski, Mütəllim Mütəllimov, Fatma Mehrəliyeva, Şövkət Ələkbərova, Sara Qədimova kimi sənətkarları müşayiət edib.

Habil Əliyevin televiziyada ilk konserti 1961-ci ildə olub. İfa etdiyi "Segah" muğamı dövrün görkəmli sənətkarları tərəfindən bəyənilib. O, bir çox muğamlarımıza yeni kamança həyatı verib. Ötən əsrin 50-ci illərindən başlayaraq mahir kamança ustası kimi məşhurlaşan Habil Əliyev hələ sovet dövründə dünyanın 30-dan artıq ölkəsində konsert proqramları ilə çıxış edib. Azərbaycan muğamlarının səsi haralardan gəlmirdi: Fransa, Polşa, Misir, Bolqarıstan, Monqolustan, Hindistan, Pakistan, Türkiyə, İran, İsveç, Hollandiya, Şotlandiya, Əlcəzair, Tunis, İngiltərə, İrlandiya, Yaponiya, Suriya, Mozambik, İtaliya, Almaniya, İsveçrə, Amerika... Bu ölkələrin səhnəsində Habil Əliyev xalq mahnılarımızı səsləndirib, muğamlarımızı ifa edib.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün tanınmış ifaçılar tərəfindən sevilə-sevilə oxunur. Sənət meydanına çıxdığı gündən musiqi mədəniyyətimizin ənənəsini yaşadaraq inkişaf etdirən Habil Kaman Azərbaycan ifaçılıq sənətinə "Habil segahı" bəxş etdi. Dünya şöhrətli bəstəkar Firəngiz Əlizadənin görkəmli sənətkara həsr etdiyi "Habilsayağı" simfonik əsəri artıq dünyanın bir çox ölkəsində tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

Həmişə sənətə ciddi münasibət bəsləyən Habil Əliyevin milli musiqi tariximizdə özünəməxsus yolu var. "Mən həmişə kamanı ürəyimlə, duyğularımla dilləndirmişəm. Kamanla ünsiyyətdə olanda mən tamaşaçını da görməmişəm. Filarmoniya bizim müqəddəs ocağımız sayılıb. Mən indi də ora gedəndə həyəcanlanıram. Görün, orada kimlər konsert verib?! Filrmoniyanın o möhtəşəm səhnəsində kimlərin ruhu dolaşır?!"

Misilsiz ifası ilə pərəstişkarlarını sehrləyən Habil Əliyev yalnız dinləyiciləri, tamaşaçıları deyil, həmkarlarını da valeh edən ustaddır. Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə 1964-cü ildə əməkdar, 1978-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. Dövlət tərəfindən müxtəlif orden və medallar alan Habil Əliyev hazırda Prezident təqaüdçüsüdür. 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən "Şöhrət", 2007-ci ildə anadan olmasının 80 illiyi ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "İstiqlal" ordenləri ilə təltif edilib. Ürəyinin səsini kamanda dilləndirən və bizi bu sədalarla ovsunlayaraq kövrəldən, düşündürən, eləcə də sabahımıza ümid dolu anlar yaşadan Habil Əliyev hazırcavab bir insandır. Onunla bağlı çoxlu lətifələr var. Bəzilərini özü, bəzilərini də xalq onun haqqında yaradıb. Ömrünün 85-ci baharını yola salan böyük sənətkarımızla elə özünün təbəssüm doğuran lətifələri ilə ayrılmaq istəyirik.

 

*  *  *

 

Bir gün Habil Əliyev səsini xoşlamadığı bir müğənni ilə üz-üzə gəlir. Onun kefsiz olduğunu görüb soruşur ki, nə olub? Müğənni gileylənir:

- Həkimdən gəlirəm. Dedi ki, məndə möhkəm duzlaşma gedir.

Habil Əliyev dərhal cavab verib:

- Həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur, fikir eləmə.

 

*  *  *

 

Habil müəllim danışır ki, qardaşım Tahir "Azərbaycan məktəbi" jurnalında işləyirdi. Ağdaşlıların bir-birini tutan olmadığını yaxşı bildiyimdən ondan soruşdum:

- Sizin jurnalda səndən başqa ağdaşlı işləyir?

- Yox, - dedi. - Tək mənəm.

Dedim:

- Onda özünü özündən qoru.

 

*  *  *

 

Bir dəfə mədəniyyət naziri Zakir Bağırovla filarmoniyanın qabağında üz-üzə gəldik. Salamlaşdıq. O, ciddi şəkildə dedi:

- Habil, tarını köklə, gedirik Bolqarıstana.

Cavab verdim:

- Zakir müəllim mən tar çalmıram, kamança çalıram.

O, təəccüblə soruşdu:

- Bahoo, Habil, sən də keçdin kamançaya?

Allah sizə ömür versin, Habil müəllim! Düşündürməkdən, güldürməkdən qalmayasınız!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 14 iyun.- S. 6.