Son illər Azərbaycanın güclü iqtisadi
inkişafı ölkəyə əcnəbi
axınının artmasına səbəb olmuşdur
Azərbaycanda səfərdə olan "Cənubi Qafqaz ölkələrində inteqrasiya edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsinin Almaniya, Fransa, Latviya, Sloveniyadan olan, həmçinin Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) ekspertlərindən ibarət nümayəndə heyəti iyunun 13-də Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevlə görüşmüşlər.
Görüşdə Firudin Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə məlumat vermiş, hazırda miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirildiyini diqqətə çatdırmışdır.
MSİBM-in sərhəd idarəçiliyi üzrə proqram rəhbəri Borut Erzen bildirmişdir ki, proqramın əsas məqsədi sərhədlərin idarə olunması sahəsində qurumlararası əməkdaşlığı inkişaf etdirmək, qonşu sərhəd ölkələri, habelə Avropa İttifaqı ölkələri və müvafiq beynəlxalq təşkilatlarla ikitərəfli və regional əməkdaşlıq səviyyəsini artırmaq, Azərbaycanın Gürcüstan ilə pilot layihələrini həyata keçirmək, sərhəd təhlükəsizliyini təmin etmək, milli qanunvericiliyi təkmilləşdirmək, sərhədlərin təhlükəsizliyini qorumaqla insan və məhsulların (əmtəələrin) sərhədlərdən keçidini asanlaşdırmaqdır.
Xidmət rəisi F.Nəbiyev dövlətin təhlükəsizliyinin sərhədlərdən başlandığını, son illər Azərbaycanda güclü iqtisadi inkişaf nəticəsində ölkəyə əcnəbi axınının artmasının müşahidə olunduğunu bildirmişdir. Bu səbəbdən də sərhəd idarəçiliyi sisteminin təkmilləşdirilməsi, operativ sərhəd idarəçiliyinin yaradılmasının vacibliyini vurğulayan F.Nəbiyev xidmət əməkdaşlarının bu layihə çərçivəsində keçirilən təlimlərdə yaxından iştirak etməklə beynəlxalq təcrübəyə yiyələnmələrini müsbət dəyərləndirmişdir.
Borut Erzen layihənin gerçəkləşdirildiyi son 3 il ərzində Azərbaycanda müsbət dəyişikliklərin olduğunu, sərhəd-keçid məntəqələrində operativliyin təmin edildiyini qeyd etmişdir.
Sonda ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunmuş, ekspertləri maraqlandıran suallar cavablandırılmışdır.
Görüşdə "Cənubi Qafqaz ölkələrində inteqrasiya
edilmiş sərhəd idarəçiliyi
sistemlərinə dəstək" layihəsinin Azərbaycan
üzrə əlaqələndiricisi Məzahir Əfəndiyev
də iştirak etmişdir.
Azərbaycan.- 2012.- 14 iyun.- S. 6.