Svetlana Masterkova:
Bakıda “Eurovision” mahnı müsabiqəsi Avropa
vüsəti və dəbdəbə ilə təşkil edilmişdir
Olimpiya çempionu, Moskva Yüngül Atletika Federasiyasının sədri, Moskva Bələdiyyə Məclisinin deputatı Svetlana Masterkova AzərTAc-a müsahibəsində Bakıda keçirilmiş 57-ci "Eurovision-2012" mahnı müsabiqəsinin vüsətinə heyran qaldığını bildirmişdir. O demişdir: "Mən Yer üzündə müxtəlif yarışlarda çox gözəl binalar görmüşəm. Lakin Azərbaycanda gördüyüm işıq saçan möhtəşəm və nağılvari səhnə məni, sadəcə, məftun etdi. Bakının bütün dünyaya nümayiş etdirdiyi bu möhtəşəm şoudan sonra Azərbaycan paytaxtına gəlməyi planlaşdırıram".
S.Masterkova demişdir: "Hesab edirəm ki, Bakıda "Eurovision"un təşkili ən yüksək təriflərə layiqdir. Müsabiqə Avropa vüsəti ilə çox dəbdəbəli, sivil və parlaq şəkildə təşkil edilmişdir. Oradan qayıdan bir çox müğənninin rəyini bilirəm. Onların hamısı bir ağızdan deyir ki, hər şey yüksək səviyyədə və çox gözəl olmuşdur. Bir də məni əvvəlki müsabiqənin qaliblərinin - Azərbaycan aparıcılarının mərasimi yüksək səviyyədə idarə etmələri heyran qoydu. Çox xoş idi və mən, sadəcə, onların ingilis dilini bilmək səviyyələri, tələffüzləri ilə qürur duydum. Ümumən hər şey fövqəladə idi. Azərbaycan özünü elə gözəl şəkildə təqdim etmişdir ki, təəssüratlarımı sözlə ifadə etməyə acizəm. Bax, elə buna görə lazımdır ki, ölkələr qalib gəlib öz nailiyyətlərini nümayiş etdirsinlər. Axı, "Eurovision" ölkənin təqdimatıdır. Sizin uşaqların gördüyü işə, ötən il müsabiqədə qalib gəlmələrinə görə onlara halal olsun, çünki məhz onların istedadı və Azərbaycanın belə istedadlı gənclər yetişdirmək imkanları sayəsində ölkənin geniş miqyasda təqdimatı mümkün olmuşdur. Emin Ağalarovun da istedadını və yaradıcılığını xüsusi vurğulamaq istəyirəm. Mənim bu insana böyük hörmətim vardır. O, dünyanın vətəndaşıdır, ürəyinə yatan işlə məşğuldur və bu işi mükəmməl görür. O, təkcə öz ölkəsinə deyil, həm də Rusiyaya, ümumiyyətlə, bütün gənclərə müsbət ruh gətirir. Lap Olimpiya çempionları kimi. Yəni bir uğurla kifayətlənmir, yüksəlməyə davam edir. O, istedadlı insandır və mən yaradıcılığında ona müvəffəqiyyət arzulayıram".
AzərTAc
Azərbaycan.- 2012.- 14 iyun.- S. 7.