Xilaskar və
qurucu rəhbər
Qədim yunan filosofu Aristotel "Politika" əsərində yazırdı ki, ictimai inam siyasətdə uğuru təmin edən ən başlıca meyardır. Həqiqətən də, fərqli ictimai-iqtisadi formasiyalarda cəmiyyətin dəstəyinə iddia edən hər bir siyasi qüvvənin cidd-cəhdlə can atdığı yeganə meyar məhz ictimai inam olmuşdur. Nə zamansa dünyanın ən böyük dövlətlərini güclü ordusu ilə diz çökdürmüş böyük fatehlər də, inqilab və çevriliş dalğaları üzərində hakimiyyəti ələ keçirmiş anarxist qüvvələr də, nəhayət, hansısa mütərəqqi ideya və proqramlarla cəlbedici görünməyə çalışan realist siyasətçilər də müəyyən mənada xalqın, toplumun inamına ehtiyac duymuşlar.
Yaşadığı zaman və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan xalqı gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəmişdir. Milli dövlətçilik idealı taleyin sərt hökmü ilə neçə əsrlər gerçəkləşməyən xalqımızın müstəqil dövlət qurmaq arzusu dərin nisgilə çevrilsə də, məhz daxili inama söykənən azərbaycanlılar qərinələr boyu milli kimliklərini qoruya, millət kimi mövcudluqlarını təsdiq edə bilmişlər. Məhz bu inamın, milli özünüdərk və özünütəsdiq istəyinin təcəssümü olaraq XX əsrin sonlarına doğru milli dövlətçiliyini bərpa edən xalqımız müstəqilliyinin ilk illərində yenidən mənəvi sarsıntılara məruz qalmış, üzləşdiyi böhran və faciələr fonunda gələcək barədə nikbin düşünə bilməmişdir.
Bu gün 1991-1993-cü illərin o böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti ələ keçirərək inanılmaz bir hərisliklə ölkənin sərvətlərini çapıb-talayan, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqda aciz olan məlum qüvvələr xalqın inamından sui-istifadə etməklə, əslində, özlərini uçuruma yuvarladılar. Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Belə acınacaqlı şəraitdə əksəriyyət yaxşı başa düşürdü ki, məhz ulu öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.
Xalqın Heydər Əliyev fenomeninə olan böyük inamı və bu inama olan yüksək ehtiram sarsılmaz vəhdət yaradaraq bütövlükdə Azərbaycan dövlətçiliyini məhv olmaq, ölkəni parçalanmaq, vətəndaşı isə qardaş qırğını təhlükəsindən hifz etmişdir. Bu mənada 1993-cü ildən Azərbaycanda əldə edilmiş milli birlik respublikanın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, Milli Qurtuluşa nail olması da onun xalqla mənəvi birliyinin nəticəsi sayılmalıdır. Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır bir yükün altına vermiş, məsuliyyətdən çəkinməmiş, əsl liderlərə məxsuz bir şəkildə dövlətinin üzləşdiyi faciələrə biganə qalmamışdır.
Ümummilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi isə respublikanın çağdaş tarixində dönüş mərhələsi kimi dəyərləndirilir. Azərbaycan Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 iyunun hər il Milli Qurtuluş Günü kimi qeyd edilməsi də obyektiv reallığa əsaslanır. Milli Məclisin qərarında vurğulanırdı ki, "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin, müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin, şərəfli missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "...ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" - deyib meydana atılan böyük ürəkli vətən oğlunun öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi".
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan xalqının demokratik hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük strateqin irəli sürdüyü demokratikləşmə konsepsiyası xalqın təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti institutlarının iqtisadi nailiyyətlərə adekvat olaraq inkişaf etməsi, insan hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılması, habelə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi məsələlərini özündə ehtiva etmişdir. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdir ki, demokratikləşmə prosesi dövlətin siyasi, iqtisadi, sosial-mədəni həyatının modernləşdirilməsi, əhalinin maarifləndirilməsi, təfəkkürünün və vərdişlərinin tədricən dəyişdirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə birlikdə həyata keçirilməlidir. 1994-cü ilin mayında cəbhə bölgəsində atəşkəsin əldə olunması, habelə bir il sonra Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanması istiqamətində real addımların atılması respublikanın hüquq-mühafizə və məhkəmə sistemində islahatların aparılmasına geniş üfüqlər açmışdır.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyanın keçid müddəalarında, Azərbaycan dövlətinin demokratik cəmiyyətə inteqrasiyası ilə əlaqədar olaraq, bir sıra demokratik hüquqi islahatların həyata keçirilməsi öhdəlik kimi qəbul edilmiş, bu öhdəliyin yerinə yetirilməsi yönündə bir sıra mühüm addımlar atılmışdır.
Konstitusiyanın qəbulundan sonra Azərbaycanın 1996-cı ildən avrostrukturlara inteqrasiya prosesi sürətlənmiş, nəticədə Avropa Şurası Parlament Assambleyası Bürosunun qərarı ilə respublikamıza 1996-cı il iyunun 28-dən təşkilatda "xüsusi qonaq statusu" ilə təmsil olunmaq imkanı yaradılmışdır. Bu, milli qanunvericiliyin Avropa standartlarına yüksəlməsinə, təşkilatla əlaqə və dialoqun intensivləşməsinə daha geniş imkanlar açmışdır. Eyni zamanda, ulu öndər Heydər Əliyevin 8 iyul 1996-cı il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 20 yanvar 1998-ci il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", habelə 14 may 1999-cu il tarixli "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında" sərəncamları Avropa Şurasına üzvlük üçün tələb olunan hüquqi-siyasi prosedurların sürətlə keçilməsinin işlək mexanizmlərini hazırlamağa imkan vermişdir.
Azərbaycanın hüquqi dövlət və humanizm ideallarına sadiqliyini təsdiqləyən daha bir mühüm hadisə isə Avropa Şurasına üzvlüyə qədər ölüm hökmünün tamamilə ləğv olunmasıdır. Təşkilatın 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda da ölüm hökmünün yolverilməzliyi birmənalı əksini tapmışdır. 1996-cı ilin mayında Milli Məclis Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən yuxarı olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etmiş, eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilmişdir. Ulu öndər insanları bağışlamaqla dövlətin, onun rəhbərinin vətəndaşlara humanist münasibətini daim önə çəkmişdir. 1996-2003-cü illərdə 32 əfv fərmanının, 8 amnistiya aktının imzalanması da deyilənləri bir daha təsdiqləyir. Bəzi iddiaların əksi olaraq ölüm cəzasının ləğvi, amnistiya və əfv fərmanlarının imzalanması ciddi tərbiyəvi məzmun kəsb edərək ağır və xüsusilə ağır cinayətlərin sayının azalmasına gətirib çıxarmışdır. 1993-ci ildən ölüm cəzası üzərində moratoriumun qoyulması, 1995-ci ildə əfv komissiyasının bərpası, 1998-ci ilin 10 fevralında ölüm cəzasının tam ləğvi isə ulu öndərin daxilən yüksək humanizm, insanpərvərlik kimi keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir.
1996-2000-ci illərdə respublikamız insan hüquq və azadlıqlarının, habelə demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Bütün bunların nəticəsi kimi 1996-cı ildən Avropa Şurasında "xüsusi qonaq statusu" ilə təmsil olunan Azərbaycan 2001-ci il yanvarın 17-də qurumun Nazirlər Komitəsinin qərarı ilə Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilmişdir. 2001-ci il dekabrın 25-də respublikamızın qanunverici orqanı olan Milli Məclis "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasını ratifikasiya etməklə demokratik ənənələrə, ədalətə, yurisdiksiya altında olan insanlar üçün əsas hüquq və əsas azadlıqların təminatına yüksək sadiqlik nümayiş etdirmişdir. 15 aprel 2002-ci il tarixdə ratifikasiya sənədi depozitə edilmək üçün Avropa Şurasının Baş katibinə təqdim olunmuş, bununla da, ölkə vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanı reallaşmışdır.
Müstəqil respublikamızın 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk müstəqil Konstitusiyasında xarici siyasətin konseptual xarakterinin, məqsəd və vəzifələrinin səhih şəkildə əksini tapması da məhz ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Dövlətin idarəetmə sisteminin əsasını təşkil edən Konstitusiyanın 10-cu maddəsinə görə, Azərbaycan başqa dövlətlərlə və beynəlxalq aləmlə münasibətlərini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur. Bu prinsipi rəhdər turaraq yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən Azərbaycan nəticədə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Ulu öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir.
Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik ümummilli lider xarici siyasətdə yol verilmiş kobud səhvlərin aradan qaldırılması istiqamətində qətiyyətli addımlar ataraq birinci növbədə qonşu dövlətlərlə münasibətləri sahmana salmağa çalışmış, balanslaşdırılmış xarici siyasət yeritməklə respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməmişdir. Azərbaycan ətrafında formalaşan informasiya blokadasını aradan qaldıran ulu öndər Heydər Əliyev böyük strateq kimi aparıcı dövlətləri respublikamızın tarazlı və müstəqil siyasət yeridəcəyinə inandıra bilmişdir. "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrin həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir" - deyən ümummilli lider həmçinin əlavə etmişdir ki, müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, Avratlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin mənimsənilməsi Azərbaycanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur.
Xarici siyasət məsələlərinə xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyev bu məqsədlə diaspor quruculuğu məsələlərinə də xüsusi diqqət yetirmişdir. 2001-ci ilin ən yaddaqalan, milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyev həmin tarixi tədbirdəki çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı fikirlərini söyləmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr kimi diqqəti cəlb etmişdir.
Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə" (hazırda Diasporla İş Komitəsi adlanır) fərman imzaladı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar vermişdir. Dövlət komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur.
Ümummilli liderin Azərbaycanda milli dövlətçilik ideologiyasının yaradılması, suveren dövlət təsisatlarının formalaşdırılması və xalqımızın tarixi yaddaşının bərpası istiqamətində göstərdiyi xidmətlər indi hər bir azərbaycanlı tərəfindən etiraf olunur. Heydər Əliyev bütün dövrlərdə milli dövlət quruculuğunun, dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində əməli iş görmək və fəaliyyətini milli mənafe kontekstində qurmaq üçün var gücü ilə çalışmışdır. Heydər Əliyev idarəçilik fəlsəfəsinə görə, azərbaycançılıq və ziyalılıq məhz bu istinad nöqtəsindən başlayır. Çünki milli ruhu qorumağın, inkişaf etdirməyin və gələcək nəsillərə ötürməyin ən mükəmməl forması milli dövlətçilikdir. Milli dövlətçilik təkcə ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin, həmrəyliyin qorunmasından ibarətdir.
Böyük strateq özünün mükəmməl idarəçilik fəlsəfəsində demokratikləşmə konsepsiyasını daim önə çəkmişdir. Müstəqilliyin ilk illərində cəmiyyətdə həllini gözləyən bir sıra problemləri - yeni iqtisadi-siyasi sistemin qaçılmaz reallıqlarının ictimai rəydə hələ yaxşı "həzm olunmadığını", dövlətçilik üçün daxili və xarici təhdidlərin aradan qalxmadığını, sivil siyasi münasibətlər sisteminin formalaşmadığını nəzərə alan ulu öndər Heydər Əliyev bir müddət "dəmir əl" siyasətinə üstünlük vermək məcburiyyətində qalmış, totalitar düşüncə tərzinin ziyanlı komplekslərindən azad olmamış cəmiyyətin liberal demokratik islahatlara tədricən hazırlanmasını vacib saymışdır. Bunun üçün dövlət idarəetmə sistemində institusional xarakterli islahatların həyata keçirilməsini təmin edən, iqtisadi inkişaf üçün etibarlı zəmin hazırlayan, qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirən böyük strateq demokratiyanı üstqurum kimi dəyərləndirərək onun bazisində, ana axarında iqtisadiyyatın dayandığını böyük müdrikliklə vurğulamışdır.
Böyük strateqin demokratikləşmə konsepsiyası xalqın təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti institutlarının iqtisadi nailiyyətlərə adekvat olaraq inkişaf etməsi, insan hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılması, habelə məhkəmə-hüquq sisteminin mərhələli şəkildə müasirləşdirilməsi məsələlərini özündə ehtiva etmişdir. Heydər Əliyev cəmiyyətdə demokratiyaya münasibətdə AXC dövründə formalaşmış yanlış təsəvvürləri dəyişmək üçün ilk növdədə milli qanunvericilik sisteminin təkmilləşdirilməsini və müasirləşdirilməsini vacib saymışdır. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdir ki, demokratikləşmə prosesi dövlətin siyasi, iqtisadi, sosial-mədəni həyatının modernləşdirilməsi, əhalinin maarifləndirilməsi, təfəkkürünün və vərdişlərinin tədricən dəyişdirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə birlikdə həyata keçirilməlidir.
Müstəqil Azərbaycana rəhbərliyi dövründə elm və təhsil siyasətində islahatları da xüsusi diqqət mərkəzində saxlayan ulu öndər ölkənin böhranlı vəziyyətdən çıxarılması prosesində cəmiyyətin üzdə olan intellektual kəsimi ilə sıx ünsiyyətə böyük üstünlük vermişdir. Ümummilli liderin 1993-cü il sentyabrın 21-də AMEA-da alimlərlə, 22-də isə gənclərlə keçirdiyi görüşləri bu mənada xüsusi xatırlatmaq lazımdır. Azərbaycanın elm məbədi olan AMEA-da keçirilən görüşə Bakı Dövlət Universitetinin də nüfuzlu alim və professorları dəvət edilmişdi. Həmin tədbirdə dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanın üzləşdiyi ağır vəziyyətin səbəblərini təhlil etmiş, vəziyyətdən çıxış yollarını göstərmiş, cəmiyyətin bütün təbəqələrini, o cümlədən intellektual potensialın daşıyıcısı olan alimləri milli problemlərin həllində fəal iştiraka çağırmışdır.
Böyük strateqin ictimaiyyətlə ilk görüş yerlərindən biri kimi akademiyanı seçməsi, alimlərlə görüşməsi həm də AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə bu elm məbədinin dağılmaq, məhv olmaq təhlükəsi ilə üzləşməsi, çətin vəziyyətə düşməsi ilə bağlı idi. 1991-1993-cü illərdə AMEA-nın nüfuzlu alimləri bir parça çörək dalınca ölkəni tərk etmək məcburiyyətində qaldıqlarından ölkənin intellektual potensialı təhlükə ilə üzləşmişdi. Həmin illərdə hətta akademiyanın elmi-tədqiqat institutlarının aspiranturasına qəbul prosesi də həyata keçirilməmişdi. Səbəb sadə idi - səbatsız AXC-Müsavat iqtidarının bir çox məmurları akademiyanı "köhnə sistemin qalığı" hesab edir, onun ləğvinə çalışırdılar. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra bu ziyanlı meyillərin qarşısını qətiyyətlə almış və akademiyanın inkişafı istiqamətində əməli tədbirlər həyata keçirməyə başlamışdır. 1993-cü il sentyabrın 21-də alimlərlə görüşündə Heydər Əliyev akademiyanın qorunub saxlanılması və inkişaf etdirilməsi vacibliyini bir daha diqqətə çəkmişdir: "Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir".
Ölkənin ağır sosial-iqtisadi, siyasi problemlərinin həlli ilə məşğul olan ulu öndər Heydər Əliyev elmin, təhsilin problemlərini də diqqət mərkəzində saxlamış, bu sahələrdə yeni dövrün tələblərinə cavab verən islahatların aparılmasını təmin etmişdir. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin sosial müdafiəsinin təşkili istiqamətində atılan addımlar, dövlət büdcəsində baş verən artımlar hesabına bu sahələrə yönələn vəsaitlərin çoxalması ölkədə tədricən elmi-intellektual intibah mərhələsinin əsasını qoymuşdur.
Ulu öndər müstəqillik illərində Azərbaycanın aparıcı elm və təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin üzləşdiyi qayğı və problemlərin həlli istiqamətində də mühüm addımlar atmış, vaxtilə məzunu olduğu bu ali təhsil ocağına xüsusi həssaslıqla yanaşmışdır. Ümumiyyətlə, universitetin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. BDU-nun 1994-cü ildə 75 illik, 1999-cu ildə isə 80 illik yubiley mərasimlərinin keçirilməsi də ümumilli liderin adı ilə bağlıdır.
Ümumiyyətlə, universitetin indiyədək
keçirilmiş beş yubiley mərasiminin dördü məhz
Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf
edir. BDU dünya şöhrətli məzununun xüsusi
qayğısını hiss etmiş, onun qarşıya
qoyduğu ali ideyalar universitetin tələbə və
professor-müəllim heyətinin əsas fəaliyyət
stimulvericisinə çevrilmişdir. Təsadüfi
deyildir ki, universitetin Böyük Elmi Şurası elmin və
təhsilin inkişafında göstərdiyi qayğıya, bu
təhsil ocağının şöhrətini yüksəklərə
qaldırdığına görə 1994-cü ildə ulu
öndər Heydər Əliyevə BDU-nun fəxri doktoru
diplomunu təqdim etmişdir. Universitetin həmin
il keçirilmiş 75 illik yubiley mərasimində iştirak
edən Heydər Əliyev keyfiyyətcə yeni mərhələdə
bu ali təhsil ocağının qarşısında duran vəzifələrdən
söz açmış, onun milli elm və təhsil sistemindəki
yerini yüksək dəyərləndirmişdir: "Azərbaycanda
ali təhsilin, ümumi təhsilin, elmin, mədəniyyətin,
iqtisadiyyatın inkişafında Bakı Dövlət
Universitetinin xidmətləri əvəzsizdir. Universitetin 75 illik tarixi Azərbaycan
Respublikasının elminin, mədəniyyətinin, təhsilinin
inkişaf tarixidir. Bakı Dövlət Universitetinin Azərbaycanda ali təhsilin inkişafı sahəsindəki
xidmətlərini xüsusi qeyd etmək lazımdır.
İndi Azərbaycan böyük ali təhsil
ölkəsidir. Xalqımızın
hamısı savadlıdır. Bu 75 il
müddətində xalqımızın savadlanmasında, eyni
zamanda, təhsilin yaranmasında, inkişafında böyük
işlər görülmüşdür. Yeni-yeni təhsil
ocaqlarının - ali məktəblərin,
universitetlərin yaranması indi müstəqil Azərbaycan
Respublikasının böyük ali təhsil potensialına
malik olmasının əsasını qoymuşdur. Əgər bu 75 il ərzində həmin işlər
görülməsəydi, indi müstəqil Azərbaycan
Respublikası özünün böyük elmi, mədəni,
intellektual potensialı ilə fəxr edə bilməzdi".
Ulu
öndərin müstəqil Azərbaycana rəhbərliyi
dövründə Bakı Dövlət Universiteti
böhranlı vəziyyətdən çıxaraq maddi-texniki
bazasını və elmi potensialını, habelə beynəlxalq
əlaqələrini gücləndirmiş, flaqman ali təhsil müəssisəsi statusunu bərpa
etmiş, cəmiyyətin inkişafına öz töfhələrini
vermişdir. 2000-ci ildə ulu öndərin sərəncamı
əsasında universitetə özünüidarəetmə -
muxtariyyət statusunun verilməsi onun dinamik inkişafında
yeni mərhələ açmış, tədris prosesinin
keyfiyyətinin daha da yüksəlməsini, tədris-tərbiyə
prosesinin müasir standartlara uyğun qurulmasını təmin
etmişdir.
Ulu
öndərin əsasını qoyduğu proqressiv elm və təhsil
ənənələri indi də uğurla davam etdirilir və
yeni dövrün tələblərinə uyğun zənginləşdirilir.
Ötən müddətdə Azərbaycanda
dinamik iqtisadi inkişafın sürətləndirilməsinə,
cəmiyyət həyatının bütün sahələrində
mütərəqqi islahatların aparılmasına etibarlı
təminat yaradılıb. Elm və təhsilin
problemləri də daim diqqət mərkəzində
saxlanılır. Ulu öndərin bu sahədə
müəyyənləşdirdiyi prioritetlərin varisliyi təmin
edilmişdir. Milli təhsilin
inkişafı məsələsi öz məzmununu dəyişərək
artıq həm də Azərbaycanın gələcək
inkişaf modelinin əsasını formalaşdıran
başlıca amil kimi gündəmə gətirilmiş, insan
kapitalının formalaşmasına xidmət edən ümumtəhsil
hərəkatı başlanmışdır.
Ölkənin aparıcı elm, təhsil müəssisəsi
olan Bakı Dövlət Universiteti də bu diqqət və
qayğını dərindən hiss edir, yüksək minnətdarlıq
hissi ilə qarşılayır. Universitetin çoxsaylı
professor-müəllim heyəti əmindir ki, Azərbaycanda əsası
ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
siyasət nəticəsində respublikamız yaxın gələcəkdə
dayanıqlı iqtisadi inkişaf tempini məhz bilik, müasir
informasiya texnologiyaları, elmtutumlu sahələrin dinamik
inkişafı, güclü insan kapitalının
formalaşması sayəsində təmin edəcəkdir. Azərbaycanın
müstəqilliyinin möhkəmlənməsinə öz
sanballı töhfələrini verən universitet bundan sonra da iqtisadi, siyasi,
hüquqi, demokratik islahatların uğurla həyata
keçirilməsi prosesində yaxından iştirak etmək əzmindədir.
Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin
rektoru, akademik, Milli
Məclisin deputatı
Azərbaycan.-
2012.- 15 iyun.- S. 2.