Zəfərlərimizin banisi

 

Azərbaycan xalqının müasir dövlətçiliyinin təşəkkül tapmasında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu öndər bugünkü müstəqil dövlətçilik sistemimizin ideoloji-siyasi dayaqlarını yaratmaqla öz adını milli  tariximizdə əbədi həkk etdirmişdir. Heç də təsadüfi deyil ki, ən yeni tariximizin Heydər Əliyev dövrü dünya siyasətçiləri tərəfindən Azərbaycanın inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Heydər Əliyevin müasir dövlətçilik konsepsiyası tarixi ənənələrə və bəşəri dəyərlərə əsaslanmaqla xalqımızın dövlətçilik və azərbaycançılıq şüurunu ifadə edir. Bu nadir tarixi simanın yenilməz iradəsi, uzaqgörənliyi, tükənməz  enerjisi onu xalqının sevimlisi etmiş, fədakarlığı dillər əzbəri olmuşdur.

Heydər Əliyev siyasi fəaliyyəti dövründə həmişə xalqının mənafeyini düşünmüş, bu istiqamətdə məqsədyönlü aparmışdır. Ulu öndərin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər tariximizə tərəqqi illəri kimi daxil olmuşdur. Heydər Əliyev hələ o vaxt  Azərbaycanı  müstəqil ölkə kimi görürdü. Bu illərdə Azərbaycanda dövlət quruculuğunda, iqtisadiyyatda, elmdə, mədəniyyətdə, bir sözlə, həyatın müxtəlif sahələrində böyük nailiyyətlər qazanıldı. Məhz o dövrdə milli və mənəvi dəyərlərin qorunub  saxlanılmasında əməli addımlar atıldı, məqsədyönlü siyasət sayəsində xalqın milli oyanışı üçün əlverişli şərait formalaşdı.  Keçmiş İttifaq rəhbərliyində işlədiyi illərdə də bu uzaqgörən siyasətçi Azərbaycanın  bütün sahələrdə daha da qüdrətlənməsi üçün əlindən gələni əsirgəmirdi. İttifaq rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra da o,  həmişə Vətəni, xalqı ilə birlikdə olmuşdur.  1990-cı ilin qanlı yanvar hadisələrini kəskin tənqid edən Heydər Əliyev tezliklə Vətənə döndü. Çox tez bir zamanda o, respublika  Ali Sovetinə  və Naxçıvanın Ali qanunvericilik orqanına deputat seçildi. Blokada şəraitində olan Naxçıvana çox çətin zamanda rəhbərlik etməyə başladı.

Heydər Əliyevin sədrliyi ilə keçən muxtar respublika parlamentinin 1990-cı il 17 noyabr tarixli sessiyası muxtar respublikanın rəsmi adından "Sovet Sosialist" sözlərini çıxartdı, qanunverici hakimiyyət orqanının  adını dəyişərək Ali Məclis adlandırdı. İlk dəfə olaraq üçrəngli  bayrağımız qaldırıldı. Heydər Əliyev Naxçıvanda  dövlət  quruculuğuna, idarəetmənin təkmilləşdirilməsinə, iqtisadi  islahatların aparılmasına, xarici ölkələrlə  əlaqələrin inkişafına, müdafiə və hərbi  quruculuq  məsələlərinə  ciddi fikir verdi.  1991-ci il sentyabrın 7-də Naxçıvanın Dövlət Müdafiə Komitəsi təşkil olundu, dekabrın 16-da muxtar respublikanın Ali Məclisi dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. 1992-ci il yanvarın 13-də Ali Məclis qanlı yanvar hadisələrinə siyasi qiymət verilməsini tələb edən bəyanat verdi. Naxçıvan aeroportu yenidən quruldu. Muxtar respublika üçün həqiqətən, həyati  əhəmiyyət kəsb edən Sədərək körpüsünün  açılış mərasimi keçirildi.

Heydər Əliyevin ölkədə günbəgün artan nüfuzundan  qorxuya düşən Xalq Cəbhəsinin  silahlı dəstələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda ilk dövlət  çevrilişinə cəhd göstərirdilər.  Belə ağır  günlərdə Heydər Əliyev özünün təcrübəli dövlət xadimi olduğunu bir daha sübut etdi. Siyasi hakimiyyət  xalq tərəfindən birmənalı şəkildə dəstək aldı.

Belə bir şəraitdə o vaxtkı  hadisələri, siyasi prosesləri diqqətlə izləyən və xalqın gələcək taleyinə biganə qala bilməyən insanlar 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdilər. Müdrik, uzaqgörən xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.

Müstəqilliyimizin bərpasının ilk illərində o dövrkü iqtidar tərəfindən buraxılan kobud səhvlər  ölkədə vəziyyəti gərginləşdirmişdi. Ümumiyyətlə, 1991-1993-cü illər müstəqillik tariximizə keşməkeşli, dövlətçiliyimiz üçün təhlükə törədən bir çox təzahürlərin baş verdiyi dövr kimi daxil oldu. Taleyin xalqımıza bəxş etdiyi imkanlardan düzgün istifadə edilməməsi nəticəsində müstəqil dövlətimiz yenidən süquta uğramaq təhlükəsi ilə üz-üzə qaldı. Hakimiyyət böhranı 1993-cü ilin əvvəllərində getdikcə daha kəskin xarakter alırdı. Həmin ilin iyununda Gəncədə qardaş qanı axıdıldı.

Azərbaycan təkcə siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi. Cəmiyyətdə ümidsizlik və inamsızlıq əhval-ruhiyyəsi yaranmışdı. Belə bir mürəkkəb şəraitdə - iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına sədr seçildi. Bu hadisə respublika həyatında keyfiyyətcə yeni dövrün başlanğıcı oldu. Bu qayıdış, sözün həqiqi mənasında, Azərbaycan millətinin və dövlətçiliyinin qurtuluşu oldu. Heç də təsadüfi deyil ki,  sonralar ölkənin Milli Məclisi 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 iyun  gününün  Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsi haqqında  qərar qəbul etdi.

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının  dövlətçiliyimiz üçün misilsiz əhəmiyyəti oldu. O, cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, bu qısa müddətdə qanunverici orqana siyasi mədəniyyət gətirdi, parlamentin ruhunu kökündən dəyişdi. Onun təşəbbüsü ilə parlamentdə müstəqil dövlətimiz üçün həyati əhəmiyyətli qanunlar qəbul olundu. Heydər Əliyev Prezident seçildikdən sonra da parlamentlə sıx əlaqə saxladı, yüksək səviyyəli Prezident-parlament münasibətlərinin dövlətçiliyimizin daha da möhkəmlənməsinə, xalqın rifah halının yaxşılaşmasına xidmət etməsi üçün səylərini əsirgəmirdi.

Heydər Əliyevin hakimiyyətə  qayıdışından sonra ölkədəki xaosanarxiya qısa zamanda aradan qaldırıldı. Separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlətçilik prinsipləri  tədricən bərpa olundu. Milli ordu quruculuğu  sahəsində  mühüm işlər görüldü.  Cəbhədə  atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror  aktlarının  qarşısı alındı. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Azaddemokratik  şəraitdə Prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı. Hüquq-mühafizə, məhkəmə sistemi yenidən quruldu.

Dünyanın tanınmış neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı. Ölkəmizə investisiya axını başlandı.  Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə bütöv bir regionun iqtisadi simasını dəyişə biləcək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neftqaz kəmərlərinin çəkilişinə start verildi. İqtisadiyyatın  dirçəldilməsi üçün konkret addımlar atıldı. Sənayedə, kənd təsərrüfatında islahatlar aparıldı, torpaq kəndliyə verildi.

1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ölkənin neft strategiyasının reallaşmasına imkan yaratdı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması ölkənin böyük strateji uğuru oldu. Azərbaycan regionda lider dövlətə çevrildiindi regiondakı bütün beynəlxalq layihələrdə uğurla iştirak edir.

Müstəqil Azərbaycanın rəhbəri kimi onun  bilavasitə iştirakı ilə aqrar islahatları aparmaq üçün qanunvericilik bazasının yaradılması istiqamətində gərgin işlərə başlanıldı. Tezliklə "Aqrar islahatların əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" və "Torpaq islahatı haqqında" qanunlar qəbul edildi, islahatı aparmağı təmin edən digər normativ hüquqi aktlar imzalandı. Kolxozsovxozlar ləğv edilərək onların əmlakı və torpaqları kənd sakinlərinin xüsusi mülkiyyətinə verildi.Torpağın öz sahibinə qaytarılması, aqrar bölmənin dövlət himayəsi ilə əhatə olunması Heydər Əliyev siyasətinin təntənəsi oldu. Tezliklə bu məhsul istehsalında özünü aydın şəkildə büruzə verdi.

İqtisadiyyatın  kənd təsərrüfatı sahəsində istehsalın davamlığını təmin etmək məqsədilə parlamentdə bir sıra qanunlar qəbul edildi. Torpaq, Meşə və Su məcəllələri, "Seleksiya nailiyyətləri haqqında", "Toxumçuluq haqqında", "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Torpaqların münbitliyi haqqında", "Yeyinti məhsulları haqqında", "Taxıl haqqında", "Balıqçılıq haqqında", "Tütüntütün məmulatları haqqında", "Üzümçülük və şərabçılıq haqqında" və digər qanunlar bu sahənin qanunvericilik bazasını möhkəmləndirdi. 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət Prezident İlham Əliyev tərəfindən bu günçox uğurla, müasir tələblər səviyyəsində davam etdirilir. Onun prezidentliyinin ilk dövrlərində kənd təsərrüfatında idarəetmənin təkmilləşdirilməsi, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında imzaladığı sərəncamlar Heydər Əliyevin aqrar siyasətinin müasir mərhələdə davamı demək idi.

Hazırda ölkəmizdə aqrar sahədə aparılan siyasət yeni texnika və texnologiyaların tətbiqi, yüksək məhsuldar bitki sortlarının əkin sahələrini genişləndirmək, cins heyvanların sayını artırmaqla bitkiçilik və heyvandarlıqda məhsuldarlığı yüksəltmək, rəqabətə davamlı kənd təsərrüfatı məhsulları istehsalına nail olmaqdır. İndi regionlarda aqrar sahənin inkişafına yönəlmiş "Regionlarda kənd təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturun yaradılmasının və marketinq xidmətlərinin dəstəklənməsi", "Aqroemal müəssisələri şəbəkəsinin genişləndirilməsi və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqinin dəstəklənməsi", "Cins heyvandarlıq komplekslərinin inkişaf etdirilməsi", "Aqrofermaların yaradılmasının  dəstəklənməsi" və ölkə əhəmiyyətli digər layihələr həyata keçirilməkdədir.

Ölkədə müasir aqrar siyasətin əsas istiqamətlərindən biri  regionların, kənd yerlərinin inkişaf etdirilməsidir. Ölkə rəhbərinin 2004-cü il fevralın 11-də imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" uğurla yerinə yetirilməsi regionların inkişafının müasir mərhələsinin əsasını qoydu. Prezident İlham Əliyevin 2009-cu il 14 aprel tarixli fərmanla təsdiqlədiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda kənd yerlərinin və kənd təsərrüfatının inkişafı üçün iqtisadi regionlar  rayonlar üzrə konkret tədbirlər nəzərdə tutulmuşduronlar çox uğurla həyata keçirilir.

2012-ci il yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı regionlarda sosial sahəyə diqqət yetirməyin vacibliyini vurğulayıb: "Bizim 2004-cü ildə və 2009-cu ildə qəbul etdiyimiz regionların inkişafı dövlət proqramlarında strateji istiqamətlər müəyyən edilibdir. İnvestisiya proqramı da o strateji seçim üzərində qurulub. Düzdür, həyat yerində durmur, yeni məsələlər ortaya çıxır, yeni layihələr icra edilməyə başlayır və biz təbii ki, daim dəqiqləşdirmə aparırıq, ancaq investisiya xərclərinin ümumi istiqamətləri aydındır. Deyə bilərəm ki, bütün sahələr bizim üçün prioritetdir. Ancaq bu prioritetlərin içində daha çox sosialyönümlü infrastrukturun yaradılması əlbəttə ki, əsas yer tutmalıdır."

Prezident İlham Əliyevin ayrı-ayrı rayonların sosial-iqtisadi inkişafına dair imzaladığı çoxsaylı sərəncamların həyata keçirilməsi kənd yerlərinin inkişafına böyük təkan verir, kəndlərə və kənd təsərrüfatına marağı artırır.

Hələ ulu öndər Heydər Əliyevin 2001-ci ilin mart ayında imzaladığı sərəncamla "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" təsdiq edilmişdir. Həmin proqramın uğurla yerinə yetirilməsinə baxmayaraq, respublika əhalisinin sürətlə artımı, urbanizasiya meyillərinin  güclənməsi ərzaq məhsullarına tələbatı artırmışdır. Bu reallıq nəzərə alınaraq Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" təsdiq edildi. Aparılan məqsədyönlü siyasət sayəsində artıq kəndlərdə azad sahibkarlıq mühiti formalaşıb. Aqrar sahənin tənzimlənməsi və dövlət dəstəyi sayəsində ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm nailiyyətlər qazanılıb.

 Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi qayğı və kömək bu sahənin qanunvericilik bazasının möhkəmləndirilməsini və təkmilləşdirilməsini şərtləndirdi. Parlamentdə qəbul edilmiş "Baytarlıq haqqında", "Fitosanitariya nəzarəti haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Arıçılıq haqqında", "Pambıqçılıq haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" və digər qanunlar bu məqsədə xidmət edir.

Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın əldə etdiyi uğurlar həqiqətən, heyrətamizdir. Azərbaycan artıq xarici dövlətlərdən yardım alan ölkədən onların iqtisadiyyatına sərmayələr yatıran dövlətə çevrilmişdir. Ölkəmizin haqq səsi dünyanın mötəbər kürsülərindən eşidilir. Azərbaycan dünyanın ən mötəbər təşkilatına - BMT Təhlükəsizlik Şurasına sədrlik etmək imkanı qazandı! Ölkənin paytaxtı Bakı şəhəri nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. TürkPA-nın mənzil-qərargahı da məhz burada yerləşir. Bu yaxınlarda Avronest Parlament Assambleyasının ikinci sessiyasına ev sahibliyi etmiş Bakı möhtəşəm Avropa musiqi yarışması - "Eurovision" mahnı müsabiqəsini də yüksək səviyyədə keçirdi.

Heydər Əliyevin qurucusu olduğu Azərbaycan sivilizasiyaların qovuşduğu və anlaşdığı bir məkana çevrilmişdir. Ümummilli liderin əbədiyaşar ideyaları sönməz bir mayak kimi müstəqil Azərbaycanımızı yeni-yeni zirvələrə aparır.

Qədirbilən xalqımız, bütün dünya azərbaycanlıları qəlbən inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz qarşıdakı illərdə də yeni-yeni qürurverici zəfərlərə imza atacaq, bu illər ərzində qazandığımız nailiyyətlər gələcək nəsillərin daha firavan və xoşbəxt yaşamasına xidmət edəcəkdir.

 

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət

komitəsinin sədri

 

Azərbaycan.- 2012.- 15 iyun.- S. 3.