Mədəniyyətin
böyük himayədarı
Xalqımız qədim xalqdır, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu nə qədər xalqımıza dərindən çatdıra bilsək, bir o qədər də xalqımızın həqiqi vətənpərvərlik hissini, azərbaycanlılıq hissini yüksəldərik".
Bu sözlər Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevə məxsusdur. Böyük dövlət xadimi, təcrübəli siyasətçi, alovlu vətənpərvər olaraq o, yaxşı anlayırdı ki, 100 illər boyu başı bəlalar çəkmiş, böyük dövlətlər tərəfindən parçalanmış, ayrı-ayrı imperiyaların işğalına məruz qalmış Azərbaycanı yaşadan vacib və zəruri amil xalqımızın mədəniyyəti, onun dili, milli-mədəni sərvətləri incəsənətidir. Heydər Əliyev istər dünyaya meydan oxuyan sovetlər birliyi dönəmində, istərsə də parçalanmaqdan və xaosdan xilas etdiyi müstəqil Azərbaycan Respublikasına başçılıq etdiyi illərdə bu prinsipə daim sadiq qalmış, onu özünün çoxtərəfli fəaliyyətinin rəhbər müddəasına çevirmişdir.
Özü böyük bir incəsənət vurğunu, mədəniyyət aşiqi olan bu böyük şəxsiyyət uzun, şərəfli, çətin həyat yolunun hər bir mərhələsində yalnız mədəniyyətlə, onun nümunələri ilə sadəcə yaxından maraqlanmamış, həm də mədəniyyətin qüdrətli hamisi və müdafiəçisi kimi çıxış etmişdir. Hələ möhtəşəm karyerasının ilk dövrlərində onun bu xüsusiyyəti, heç nədən və heç kimdən çəkinmədən, o dövr üçün dəhşətli olan "millətçi" damğasından qorxmadan xalqımızın görkəmli nümayəndələrinin müdafiəsinə qalxması yaxşı məlumdur. Rəhbərlik etdiyi və tarixi ərzində ilk azərbaycanlı sədri olduğu Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində böyük şairimiz, o zamansa ədəbiyyatda ilk addımlarını atan Bəxtiyar Vahabzadəni amansız sovet cəza maşınından qurtarması buna ən böyük örnək ola bilər. Parçalanmış Azərbaycan, ikiyə bölünmüş vətən mövzusunu əks etdirən "Gülüstan" poemasının müəllifini müdafiə etmək şübhəsiz ki, böyük bir cəsarət nümunəsi olmaqla yanaşı, eyni zamanda, vətənpərvər, böyük bir patriotun içindən gələn bir çağırış və tələbat idi. Əsassız olaraq "vətən xaini" kimi damğalanmış xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin mənəvi reabilitasiyası, onun haqqında bədii əsərlərin yaradılması, unudulmaz "Uzaq sahillərdə" filminin yaradılması da ulu öndərin həmin dövrdəki fəaliyyəti ilə bağlıdır.
1969-cu ildə Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi seçilən Heydər Əliyev SSRİ miqyasında geridə qalmış kənd təsərrüfatı respublikası olan Azərbaycanı Sovetlər İttifaqının ən uğurlu inkişaf etmiş və öndə gedən bir hissəsinə çevirməyi qarşısına məqsəd kimi qoydu. İqtisadiyyatda, sənayedə, xalq təsərrüfatının bütün sahələrində genişmiqyaslı işlər görülməyə, yeni-yeni uğurlar, böyük nailiyyətlər qazanılmağa başlanıldı. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bu illər sonradan "respublikanın qızıl dövrü" kimi qiymətləndiriləcəkdi. Qədim və zəngin tarixi olan Azərbaycanı yalnız iqtisadi uğurlarla deyil, böyük mədəniyyət və incəsənət nümunələri ilə də Sovet İttifaqına, bütün dünyaya tanıtmaq üçün bu illər ərzində ulu öndərin təşəbbüsü və birbaşa rəhbərliyi ilə çox böyük əhəmiyyətli işlər həyata keçirildi.
Məhz bu dövrdə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri qayğı ilə əhatə olundu. Həmin dövr ədəbiyyatının görkəmli nümayəndələri Süleyman Rəhimov, Rəsul Rza, Süleyman Rüstəm, Mirzə İbrahimov Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər. Sübut olundu ki, Azərbaycan ədəbiyyatı Sovetlər İttifaqının qabaqcıl ədəbi proseslərindən heç də geri qalmır. Ulu öndərin ədəbiyyata qayğısı hərtərəfli xarakter daşımaqla bir tərəfdən müasir Sovet Azərbaycan ədəbiyyatını əhatə edirdisə, digər tərəfdən böyük klassiklərimiz də diqqətdən kənarda qalmırdılar. Bu dövrdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yubileyi keçirildi. Onun haqqında "Nəsimi" filmi çəkildi. Nəsimi ilə yanaşı, Cəfər Cabbarlıya, Nəriman Nərimanova və digər böyük ədiblərimizə abidələr ucaldıldı. Ümummilli liderin bu sahədə gördüyü ən mühüm və cəsarətli addımlarından biri də repressiya illərində günahsız şəkildə qurban getmiş mədəniyyət, elm, incəsənət xadimlərinin yenidən xatırlanması, onların əsərlərinin çap edilməsi idi. Sovet sisteminə və ideologiyasına zidd xarakter daşıyan, zamanında "millətçi", "türkçü" kimi adlarla günahlandırılaraq, "xalq düşməni" hesab edilərək cəzalandırılmış insanların müdafiəsi təbii ki, böyük cəsarət və bağlılıqla izah edilə bilər. Böyük şairimiz Hüseyn Cavidin nəşinin Sibirdən vətəninə gətirilməsi, Naxçıvanda torpağa tapşırılması Heydər Əliyevin ədəbiyyata qayğısının parlaq təzahürü hesab edilə bilər. 1970-1980-ci illərdə birmənalı olaraq intibah dövrünü yaşayan Azərbaycan mədəniyyətində musiqi sənətinə qayğı xüsusi vurğulanmalıdır. Həmin zaman kəsiyində böyük musiqi xadimlərimiz Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər, Maestro Niyazi bu illərdə parladı. Çoxsaylı musiqiçilərimiz SSRİ xalq artisti adına layiq görüldülər.
Azərbaycan tarixini olduğu kimi dövrünün gənclərinə, gələcək nəsillərə çatdırmaq, insanlarda vətənə, yurda, xalqa bağlılıq hisslərini gücləndirmək üçün ulu öndər incəsənət sahəsində, xüsusilə, tarixi mövzuların aktuallığını vurğulayır, öz nüfuzu sayəsində bu mövzuda o dövrün ideologiyası ilə o qədər də uyğun gəlməyən "Dədə Qorqud", "Babək", adını çəkdiyimiz "Nəsimi" filmlərinin çəkilməsini təmin edirdi. Sonralar ulu öndər bu sahədə uzaqgörən kino siyasətini izah edərkən qeyd edəcəkdir: "Bizim tarixi mövzulara aid olan filmlər çox dəyərlidir. Ola bilər ki, bədii cəhətdən birinin bir, digərinin başqa çatışmazlığı var. Bunlar o qədər əhəmiyyətli deyildir. Əhəmiyyətli cəhət ondan ibarətdir ki, biz tariximizi salnaməyə salmışıq".
Ümumiyyətlə, 1969-cu ildən başlayan bu dövr mədəniyyətin bütün sahələrində - ədəbiyyatda, teatrda, musiqidə, kinematoqrafiyada, rəssamlıq sənətində bir canlanma, inkişaf, çiçəklənmə dövrü hesab edilməlidir.
Titanik fəaliyyətinə, böyük uğurlarına, sürətli inkişafa nail olduğuna görə Heydər Əlirza oğlu Əliyev irəli çəkilərək Siyasi Büronun üzvü seçilir. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilir. Bu vəzifədə ulu öndər böyük bir ölkənin başqa sahələrilə yanaşı, bir sıra mədəniyyət, kinematoqrafiya məsələlərinə də nəzarət edirdi. Bu məsul vəzifədə də o, Azərbaycanı unutmur, ona bütün sahələrdə diqqət və qayğısını əsirgəmir.
1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra başı çox bəlalar çəkdi, çox tarixi sınaqlara məruz qaldı. Ölkədə hakimiyyəti siyasi cəhətdən naşı, dövlət idarəçiliyini bilməyən bacarıqsız insanlar ələ keçirdilər. Bir tərəfdən də Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi davam edir, Dağlıq Qarabağ və ətrafındakı rayonlar bir-birinin ardınca düşmən qüvvələr tərəfindən işğal edilirdi. Ölkədə hərc-mərclik, xaos, ümidsizlik hökm sürürdü. Bir çox mədəniyyət xadimləri ölkəni tərk etmək barədə düşünürdüsə, bəziləri artıq bu addımı atmışdılar. Təəssüf ki, həmin dövrdə dövlət idarəçiliyində bir-birini sürətlə əvəz edən, məsul vəzifələrdə təmsil olunan şəxslər mədəniyyət və incəsənətə, elmə lazımi diqqəti ayırmır, mədəniyyət kimi mühüm bir sahənin ədəbiyyatın, musiqinin, kinomatoqrafiyanın, teatrın insanlarda vətənə məhəbbət, mübarizlik, patriotizm kimi hisslərin yüksəldilməsindəki böyük əhəmiyyətini başa düşmürdülər. Bir sözlə, 1990-cı illərin əvvəllərində Azərbaycan mədəniyyəti qayğıdan, dövlət dəstəyindən məhrum idi desək, yanılmarıq.
1993-cü ildə xalqın təkidli tələbindən sonra hakimiyyətə qayıdan və böyük bir xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev qısa zaman ərzində ölkədə güclü dövlət aparatını formalaşdıra, xaosa son qoya, cəbhə bölgəsində atəşkəsə nail ola bildi. Böyük dövlət xadimi, mahir siyasətçi olan ulu öndər çətin iş şəraitinə, vaxtının hədsiz məhdudluğuna, gərgin iş qrafikinə baxmayaraq mədəniyyət tədbirlərinə getməyə, müxtəlif mədəniyyət və incəsənət xadimlərinin yubileylərini keçirməyə, onları dövlət qayğısı ilə əhatə etməyə başladı. Məhz ulu öndərin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra Azərbaycan mədəniyyəti canlanma və yeni inkişaf mərhələsinə qədəm qoydu.
Ulu öndərin daxili və xarici siyasətinin
layiqli davamçısı möhtərəm
Prezident İlham Əliyevin
2003-cü ildə prezident seçilməsi
sayəsində Heydər Əliyevin iqtisadi,
xarici, sosial siyasəti
ilə yanaşı, mədəniyyət siyasəti də uğurla davam etdirildi. Bununla bağlı cənab İlham Əliyev
qeyd edirdi ki, "Müasir Azərbaycan
dövlətçiliyinin banisi Heydər Əliyev
bizə azərbaycançılıq kimi
dərin bir fəlsəfi konsepsiyanı bəxş
edərək Azərbaycan dilini, Azərbaycan
tarixini, Azərbaycan mədəniyyətini
və milli-mənəvi dəyərlərimizi
qorumağı dönə-dönə tövsiyə etmişdir".
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar
2006-cı il tarixli fərmanı ilə həmin vaxta qədər
fəaliyyət göstərən Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan
Respublikasının Gənclər, İdman və Turizm
Nazirliyi ləğv edilərək Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin əsasında Mədəniyyət
və Turizm Nazirliyi yaradıldı.
Teatr sənətinə həmişə böyük önəm verən ulu öndər kimi Prezident İlham Əliyev də peşəkar teatra qayğısını heç vaxt əsirgəməmişdir. 2007-ci ildə cənab Prezident "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncam imzaladı. Bu sərəncam bir tərəfdən milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsinə, digər tərəfdən isə teatr təhsili sferasında inkişafa nail olmağa səbəb oldu. Prezident İlham Əliyevin digər bir sərəncamı ilə çox mühüm əhəmiyyətə malik olan "Azərbaycan Teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı" təsdiq edildi. 2008-ci ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" təsdiq edildi.
Bir müddət əvvəl paytaxtımızda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi yüksək səviyyədə təşkil olunmaqla yanaşı, Azərbaycan mədəniyyətinin tanıdılması baxımından da çox əlverişli bir şans sayılırdı. Dövlətimiz bu fürsətdən gözəl istifadə edərək bir daha həm Azərbaycan mədəniyyətini dünyaya tanıtdırdı, həm də belə böyük tədbirlərin keçirilməsinin gözəl nümunəsini ortaya qoydu. Təsadüfi deyildir ki, yarışma iştirakçıları və mətbuat Bakı finalını bu müsabiqənin tarixində ən uğurlusu hesab edirlər.
Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu bu gün Azərbaycanın mədəniyyətini dünyada təbliğ edir, milli incəsənətimizin incilərinin qorunub saxlanılmasına böyük töhfələr verir. Fonda rəhbərlik edən Azərbaycanın birinci xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın tükənməz enerjisi və əzmi sayəsində dünyanın ən böyük şəhərlərindən Azərbaycan musiqisinin sədası gəlir, sərgi salonlarında milli incəsənətimizin nümunələri nümayiş olunur. 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu bu böyük dövlət adamının həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi və təbliği kimi şərəfli missiyanı həyata keçirir. Fonda rəhbərlik edən Mehriban xanım Əliyeva hələ 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu təsis etmiş və uğurla ona rəhbərlik etmişdir. Məhz Mehriban xanım Əliyevanın xidmətləri nəticəsində ölkədə beynəlxalq muğam festivallarının keçirilməsi, istedadlı gənclərin qayğı ilə əhatə olunması, Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi həyata keçirildi. Qala kəndində açıq səmada Arxeoloji-Etnoqrafik Kompleksi yaradıldı. Qobustan, İçərişəhər, Azərbaycan Muğamı, Azərbaycan Aşıq Sənəti, Azərbaycan xalçası UNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildi. Heydər Əliyev Fondunun humanitar sahədə həyata keçirdiyi proqram və layihələrin əhatə dairəsi dünyanın bir çox ölkələrini əhatə etməkdədir. Məhz fondun beynəlxalq miqyasda fəaliyyətinin nəticəsidir ki, fondun prezidenti Mehriban xanım Əliyeva Polşa Respublikasının ali mükafatı olan Böyük Komandor Xaçı ordeni, Fransa Respublikasının "Şərəf Legionu" ordeni, UNESKO-nun "Qızıl Motsart", Krans Montana Forumunun qızıl medalına layiq görülmüşdür. Fondun vitse-prezidenti, Rusiya nümayəndəliyinin başçısı Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya ədalət" kompaniyası nəticəsində Xocalı soyqırımı ilə bağlı həqiqətlər dünya ictimaiyyətinin nəzərinə çatdırılmaqla yanaşı, işğal altındakı torpaqlarımızda olan mədəniyyət abidələri haqqında informasiya da beynəlxalq müstəviyə çıxarıldı.
Bu gün mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, dövlət qayğısından bəhrələnməsin. Əminliklə demək olar ki, Azərbaycan mədəniyyəti özünün inkişaf tarixində yeni və mühüm bir dövrü yaşamaqda, beynəlxalq aləmdə tanınmaqdadır. Bu inkişafın əsasında isə dövlətin düşünülmüş, əsaslı mədəniyyət siyasəti və strategiyası durur.
Leyla ABDULLAYEVA,
Milli Məclisin deputatı
Azərbaycan.- 2012.- 15 iyun.- S. 3.