Qurtuluşdan
başlanan davamlı inkişaf
Akademik Ramiz MEHDİYEV: "Məhz Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəm təməlini qoydu, bununla da milli müstəqilliyin inkişaf vektoruna dönməzlik xarakteri verdi"
Tarixin yaddaşına möhürünü vurmuş böyük şəxsiyyətlər, ilk növbədə, insanlar üçün cəlbedici və real görünən mütərəqqi ideyalarla cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşlar. Xalqların tarixən formalaşan maraq və mənafeyini maksimum dərəcədə özündə ehtiva edən bu ideyalar, eyni zamanda, onların perspektiv inkişafı üçün möhkəm iqtisadi bünövrə yaratmışdır. Həqiqi azadlığa zəmin yaradan iqtisadi müstəqillik də məhz belə fenomen şəxsiyyətlərin milli resursları nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanmışdır.
Gələcək
müstəqilliyə etibarlı zəmin
Bu gün istisnasız olaraq bu həqiqət aksiom kimi qəbul olunur ki, müstəqil Azərbaycanın 20 ilə yaxın bir müddətdə sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilən Heydər Əliyev keçmiş İttifaqın iqtisadiyyatı üçün əlverişli xammal bazasına çevrilmiş Azərbaycanın yeni inkişaf strategiyasını işləyib həyata keçirmişdir. Bunun nəticəsi kimi bir sıra əsas göstəricilər üzrə geridə qalmış Azərbaycan qısa müddətdə inkişafının yeni mərhələsinə qədəm qoyaraq tez bir zamanda keçmiş İttifaqın qabaqcıl respublikalarından birinə çevrilmiş, milli gəlir səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilmişdi.
Ümummilli lider Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri həmin illərdə məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəlmiş, müxtəlif elektrik cihazları istehsal edən zavodlar inşa olunmuşdur. Ümumilikdə, 1970-1985-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda onlarla zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən artıq sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutur, burada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi. Əgər ötən əsrin ortalarına qədər Azərbaycanda cəmi 735 böyük sənaye obyekti tikilmişdisə, 1969-1982-ci illərdə onların sayı 1048-ə çatmışdı. Bu illərdə sənaye məhsulunun orta illik artımı 7,9 faiz artmış, ümumi məcmu məhsulda sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsullarının həcmini üstələyərək 66 faizə yüksəlmişdi. 1982-ci ildə kənd təsərrüfatı məhsulları istehsalı 1969-cu illə müqayisədə 2,5 dəfə, şərabçılıq 6 dəfədən artıq çoxalmışdı.
Həyata keçirilən islahatlar sayəsində Azərbaycan həmin illərdə aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilmişdi. Ağır sənaye ilə yanaşı, yüngül sənaye müəssisələrinin də açılmasına xüsusi diqqət göstərilir, yeni-yeni tikiş və toxuculuq fabrikləri inşa olunurdu. Müdrik rəhbərin səyləri nəticəsində respublikamız eyni zamanda keçmiş İttifaq miqyasında mühüm kənd təsərrüfatı respublikası, qabaqcıl pambıqçılıq və üzümçülük diyarı kimi məşhurlaşmışdı. Həmin dövrdə keçmiş İttifaq miqyasında istehsal olunan üzümün 27, pambıq mahlıcının 9,2 faizi respublikamızın payına düşürdü. Eyni zamanda Azərbaycan neftinin mərkəzə daşınmasından daxilən narazı olan Heydər Əliyev qeyri-neft sahələrinə diqqət yetirmiş, maliyyə vəsaiti ayırmış, bununla da respublika regionlarının inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılmasına, əhalinin demoqrafik inkişafına, rayonların və kəndlərin mədəni simasının dəyişdirilməsinə dair strateji məqsədlərini ardıcıllıqla həyata keçirmişdir.
Ötən əsrin 70-ci illərində neft sənayesinin inkişafında da yüksəliş hiss olunmuş, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdır. Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı nəticəsində keçmiş SSRİ-də neft hasilatı, emalı, geologiyası, kəşfiyyatı ilə məşğul olan aparıcı ölkələrdən birinə çevrilmiş, əldə olunan uğurlar isə bilavasitə respublikamızın inkişafına yönəldilmişdir.
Bütün bunlar bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyev o dövrün ən ağır şərtləri, məhdudiyyətləri çərçivəsində xalqının gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyəni belə reallığa çevirmiş liderdir. Xüsusi vurğulamaq istərdim ki, azərbaycanlı gənclərin, o cümlədən ali təhsildə fərqlənən tələbələrin keçmiş SSRİ-nin bir sıra qabaqcıl universitetlərinə oxumağa göndərilməsi də ulu öndərin respublikada milli kadr potensialının formalaşdırılması istiqamətində atdığı mühüm addımlardan biri kimi xatırlanır. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə əsasını qoyduğu bu ənənə milli elmi potensialın yüksəlməsinə, ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsinə hesablanmışdı. Ümumiyyətlə, o dövrdə Heydər Əliyevin qayğı və diqqəti ilə 10 minədək azərbaycanlı gənc respublikadan kənarda təhsil almağa göndərilmişdi. Həmin gənclərdən biri, o cümlədən Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının Ali Məclisinin sədri kimi deyə bilərəm ki, keçmiş İttifaqın müxtəlif yerlərində, xüsusən Moskva, Sankt-Peterburq şəhərlərində ali təhsil alaraq Bakıya dönmüş mütəxəssislər sonradan cəmiyyətin aparıcı təbəqəsinə çevrilmiş və bugünün özündə də həmin insanlar dövlət idarəçiliyində layiqli yerlərini tuturlar.
1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən Heydər Əliyev bir çox məqamlara toxunaraq deyirdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum".
Milli qurtuluşa
aparan yol
Tarixən böyük siyasi liderlər ən böhranlı, çətin anlarda məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilmişlər. Ulu öndər Heydər Əliyevin fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti heç zaman xatirələrdən silinməyəcək. Öz liderinin müdrik, uzaq hədəflərə hesablanmış, qətiyyətli və çevik addımlar atmaq əzmindən yetərincə xəbərdar olan Azərbaycan xalqı ən mürəkkəb vəziyyətlərdə belə arxayın idi. Təkcə bu səbəbdən ki, baş qaldıran təhlükələr, həyatın bu və digər mürəkkəblikləri, cılız siyasi kombinasiyalar Heydər Əliyev şəxsiyyətinin əzəməti qarşısında son dərəcə bəsit görünürdü. Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı. Əgər bu həlledici mərhələdə tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində haqlı olaraq yazır: "Xarici dövlətlərin rəhbərləri, dünyanın tanınmış analitikləri birmənalı şəkildə etiraf edirlər ki, Heydər Əliyev XX əsrin ikinci yarısının - XXI əsrin əvvəlinin siyasi tarixində görkəmli siyasi xadim və dövlət xadimi kimi qalacaqdır. Çox böyük siyasi təcrübəsi, nadir xarizması, natiqlik qabiliyyəti və yüksək nüfuzu onu müasir siyasi xadimlər arasında kəskin şəkildə fərqləndirirdi. Onun məqsədi qabaqcıl Avropa standartlarına uyğun milli dövlət yaratmaq idi. Məhz o, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini qoydu, bununla da milli müstəqilliyin inkişaf vektoruna dönməzlik xarakteri verdi. Heydər Əliyev mürəkkəb geosiyasi dövrdə ölkəni vətəndaş qarşıdurması və dərəbəylik vəziyyətindən, dərin iqtisadi və siyasi böhrandan çıxarmağa, onu sabit inkişaf səviyyəsinə qaldırmağa nail oldu. Ölkənin xarici siyasi aləmdə təcrid olunmuş vəziyyətdən çıxarılması da onun xidmətidir. O, bütün dünyaya sübut etdi ki, Azərbaycan tərəqqi edən müasir dövlətə çevrilə bilər".
1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. İctimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını ortaya qoymuşdur.
Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazaq iqtisadiyyatı və sahibkarlığın inkişafıdır" - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir.
Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlər ilə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış, 1994-cü ildən etibarən mərhələlərlə həyata keçirilmiş, ümumilikdə bu sektora 50 milyard dollar xarici sərmayə yönəldilmişdir.
Ümummilli lider Heydər Əliyev respublika iqtisadiyyatındakı tənəzzül prosesinin və hiperinflyasiyanın qarşısını almaq, makroiqtisadi sabitliyə nail olmaq üçün ilkin mərhələdə sərt büdcə-kredit siyasətinə üstünlük vermiş, hökumətin çevikliyini, işləkliyini təmin etmək üçün yeni dövrün tələblərinə uyğun struktur islahatlarına start vermiş, habelə özəlləşdirmənin birinci mərhələsinin həyata keçirilməsi istiqamətində qətiyyətli qərarlar qəbul etmişdir. 1996-ci ildən etibarən dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi prosesinə başlanılması sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində kardinal dəyişikliklərə səbəb olmuşdur. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət etmişdir. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə, dünya təsərrüfat sisteminə inteqrasiyasına etibarlı zəmin yaratmışdır.
Nəzəriyyəni təcrübə
ilə uyğunlaşdırmaq vəzifəsi
Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2003-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda pozitiv meyillər özünü göstərməyə başlamışdır. 1996-cı ildə ümumi daxili məhsulun artım sürəti 1,3, 1997-ci ildə 5,8, 1998-2003-cü illərdə isə orta hesabla 10 faiz təşkil etmişdir.
Ulu öndər Heydər Əliyevin uzun illər diqqət yetirdiyi əsas məsələlərdən biri də neft gəlirlərindən düzgün istifadə etmək, "Holland sindromu"na imkan verməməkdən ibarət olmuşdur. "Neft təkcə indiki deyil, həm də gələcək nəsillərə mənsubdur" - deyən ümummilli lider iqtisadiyyatın birqütblü inkişafının yolverilməzliyini daim vurğulamaqla yanaşı, istehsal sahibkarlığının geniş vüsət almasına, fəaliyyətini dayandırmış bir sıra iri müəssisələrin işə salınmasına, bir sözlə, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmışdır. Neftdən qazanılan gəlirlərin indiki və gələcək nəsillərin mənafeyi naminə düzgün istifadə olunması üçün zəruri tədbirlər həyata keçirilmiş, Dövlət Neft Fondunun yaradılması bu istiqamətdə olduqca mühüm addım olmuşdur.
Aqrar islahatları daha da dərinləşdirmək, onun ikinci mərhələsinə keçidi təmin etmək, kəndli-fermer təsərrüfatlarının bazar iqtisadiyyatı prinsiplərinə cavab verən, keyfiyyətcə yeni forma, prinsiplər və qaydalara əsaslanan, müasir tipli kollektiv əməyin tətbiqi sahələrini yaratmaq məqsədilə ciddi addımlar atılmışdır. Texniki servis mərkəzləri yaratmaq, fermerlərin maliyyə problemlərinin güzəştli kreditlərlə həllinə kömək etmək, bir sözlə, iqtisadi inkişafda, ÜDM istehsalında aqrar sektorun payının artımına nail olmaq üçün zəruri tədbirlər həyata keçirilmişdir. Ulu öndər aqrar sektorda sürətli islahatların aparılmasına mühüm diqqət yetirərək torpağı əsl sahibinə - kəndlilərə qaytarmağa nail olmuş, bu sahəni bir sıra vergilərdən azad etməklə nümunəvi fermer təsərrüfatlarının formalaşmasına əsaslı dəstək vermişdir. Görülən işlərin nəticəsi kimi, özəl sektorun milli iqtisadiyyatdakı xüsusi çəkisi 1996-cı ildəki 27 faizdən 2003-cü ildə 70 faizə yüksəlmişdir.
Bütün bunlar ona gətirib çıxarmışdır ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli formalaşmışdır. Bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosialyönümlülüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil etmişdir.
Ulu öndər ölkənin
dinamik inkişafı üçün sistemli tədbirlər həyata
keçirməklə yanaşı, iqtisadi inkişafın
elmi-nəzəri əsaslarının
formalaşdırılması, ümumilikdə iqtisadi nəzəriyyənin
real həyatla əlaqələndirilməsi məsələlərinə
də xüsusi diqqət ayırmışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin
2001-ci ildə keçirilmiş 70 illik yubileyində
çıxış edən ulu öndər iqtisadi nəzəriyyənin
inkişaf etdirilməsi zəruriliyini xüsusi önə
çəkərək demişdir: "Əgər son beş
ili götürsəniz, bizim iqtisadi sistemin əsasını təşkil
edən sənədlər, fərmanlar, qanunlar həddindən
artıq çoxdur. Bunları yaratmaq bizim vəzifəmiz idi.
Biz bunu etmişik və demək olar ki, vaxtında etmişik.
Amma bunları tətbiq etmək, bu və digər qanunun, fərmanın
müddəalarını cəmiyyət üçün,
insanın özü üçün, onun fərdi biznesi
üçün faydasını anlatmaq, insanların bunu dərk
etməsi böyük bir prosesdir. Bu proses bizdə gedir və gedəcəkdir. Bilin, biz qətiyyən dayanmayacaqıq. Çünki biz inanırıq ki, yalnız bu prosesi
ardıcıl surətdə həyata keçirərək, Azərbaycanın
iqtisadiyyatını daha çox inkişaf etdirə və
xalqımızın rifah halını
yaxşılaşdıra bilərik. Bu,
bizim əməli işimizdir. Eyni zamanda,
bu, nəzəriyyə ilə bağlıdır, dünya təcrübəsi
ilə bağlıdır. Dünya təcrübəsini
siz - sizin mütəxəssislər, alimlər, bu sahənin
müvafiq işçiləri toplamalısınız. Nəzəriyyəni - yeni nəzəriyyə icad etməyə
ehtiyac yoxdur - ümumiləşdirmək, bizim
iqtisadiyyatımıza uyğunlaşdırmaq sizin vəzifənizdir".
Yeni
inkişaf mərhələsinin uğurları
Müəyyən zaman
kəsiyində xalq və dövlət naminə həyata
keçirilən tədbirlər sisteminin ictimai mənafe
baxımından obyektiv dəyərləndirilməsi həm də
inkişafın dolğun mənzərəsini göz
önündə canlandırır. Hər zaman, hər
bir fəaliyyət sahəsində yalnız milli maraqları,
Azərbaycanın çağdaş və perspektiv mənafelərini
əsas götürərək bu istiqamətdə hərəkət
edən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə ötən 9 ildə qazanılan sosial-iqtisadi nailiyyətlər
həm də statistik rəqəmlərdə əksini
tapır. 2003-cü ildə cəmi 1,3
milyard dollar təşkil edən Azərbaycanın dövlət
büdcəsi 2012-ci ildə 17 milyard manata çatmış,
hərbi xərclər 15 dəfə artmışdır. Əgər 2003-cü ildə adambaşına
düşən milli gəlirin həcmi 888 ABŞ dolları təşkil
edirdisə, bu rəqəm 2012-ci ildə 7000 dolları
ötmüşdür.
Azərbaycanın strateji valyuta ehtiyatları hazırda 43
milyard ABŞ dollarından artıqdır və bu da 5 milyard
dollar civarında olan xarici dövlət borcunu 8 dəfədən
çox üstələyir. Mərkəzi Bank hesab
edir ki, strateji valyuta ehtiyatları respublikanın 3 illik əmtəə
və xidmət idxalının maliyyələşməsinə
kifayət edir. Respublikanın ÜDM-in 70
faizi həcmində strateji valyuta ehtiyatlarına malik olması
makroiqtisadi vəziyyətin sabitliyini şərtləndirən
əsas amillərdən sayılır.
Ötən 9 ildə iqtisadi sferada həyata keçirilən
siyasətin ən önəmli cəhətlərindən biri
də hər zaman sosialyönümlülüyün ön
plana çəkilməsidir. Bunun nəticəsidir
ki, cənab İlham Əliyevin dövlət
başçısı kimi fəaliyyətə
başladıqdan sonra imzaladığı ilk fərman və sərəncamlar
sırasında ölkəmizin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair tədbirlər
xüsusi yer tutmuşdur. İqtisadiyyatın
inkişafı obyektiv qanunauyğunluqları, mütərəqqi
dünya təcrübəsini, bazar iqtisadiyyatı prinsiplərini
tamamilə özündə ehtiva edərək irimiqyaslı
islahatlarla müşayiət olunmuş, zamanın
çağırışlarına cavab verən yeni
inkişaf mərhələsinə qədəm qoymuşdur.
Nəticə etibarilə aparılan sosial-iqtisadi
siyasət qazanılmış uğurların daha da möhkəmləndirilməsini,
iqtisadiyyatın şaxələnməsini təmin etmişdir.
Sosialyönümlü
tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 14 mart tarixli fərmanı ilə keçmiş
SSRİ dövründən qalmış əmanətlərin
qaytarılması prosesinə başlanılmasıdır. Ölkəmizin sosial-iqtisadi inkişafında
qazanılmış uğurlar, əldə olunmuş
makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə
imkanlarının artması bu əmanətlərin qaytarılmasına
imkan verməklə yanaşı, həm də Azərbaycan
Prezidentinin vətəndaşlara yüksək
qayğısının real təzahürüdür.
Ümumilikdə,
cənab İlham Əliyevin Azərbaycanın modernləşməsi
ilə bağlı həyata keçirdiyi tədbirlərə
ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi
və bu potensialın kompleks şəkildə səmərəli
reallaşdırılması; qeyri-neft sektorunun inkişaf
etdirilməsi; hər bir regionun malik olduğu potensialdan tam və
səmərəli istifadə olunması, onların
inkişafının tarazlaşdırılması; çoxlu
sayda yeni iş yerlərinin açılmasına şəraitin
yaradılması; sahibkarlığın inkişaf etdirilməsi;
sosial xidmətlərin həcminin, keyfiyyətinin və
ünvanlılığının əhəmiyyətli dərəcədə
artırılması; yoxsulluğun azaldılması; yüksək
elmi-mədəni tərəqqinin təmini və s.
mühüm məsələləri şamil etmək olar.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev "Müstəqil Azərbaycan milli
ideyanın təcəssümü kimi" əsərində
yazır: "Müstəqil milli dövlətçiliyin və
identikliyin qorunub saxlanmasını və eyni zamanda, dünya
birliyinə inteqrasiya strategiyasını nəzərdə
tutan milli ideyanın Prezident İlham Əliyev tərəfindən
fəlsəfi baxımdan dərk edilməsi onun bütün əməli
fəaliyyətində əksini tapır. Böyük dövlət
xadimi kimi İlham Əliyevin malik olduğu şəxsi keyfiyyətlər
onu tarixi miqyaslı siyasətçi, millətin kollektiv tarixi
təcrübəsini dövlət quruculuğu istiqamətinə
yönəldən ali idarəçilik
funksiyalarını yerinə yetirməyə sövq edir. Azərbaycan cəmiyyəti və dünya birliyi bu
fenomeni 2003-cü ildən bu günə qədər
müşahidə edə bilir. Milli və
dövlət müstəqilliyinin qorunub saxlanması, dünya
birliyinə inteqrasiya indi azərbaycanlıların milli mənlik
şüurunun tərkib hissəsinə
çevrilmişdir".
Şübhəsiz
ki, qazanılan nailiyyətlər bundan sonra da artmaqda davam edəcək,
Azərbaycan daha böyük uğurların müəllifi kimi adını dünya
tarixinə yazdıracaqdır. İlk növbədə
ona görə ki, Azərbaycan üçün əsas fərqləndirici
xüsusiyyətlərdən biri sözügedən sferada
yaşanan tərəqqinin dinamik və davamlı xarakter
daşıması, kifayət qədər möhkəm
özüllər üzərində qurulmasıdır. Bu, qarşıdakı dövr ərzində Azərbaycanın
qət edəcəyi iqtisadi tərəqqi yolunun yenə
möhtəşəm uğurlarla müşayiət
olunacağını, ölkəmizin daha böyük nailiyyətlərə
imza atacağını şərtləndirən əsas amillər
sırasında yer alır. Prezident İlham
Əliyevin bəyan etdiyi kimi, Azərbaycan bir neçə ildən
sonra inkişaf etmiş ölkələrin sırasına daxil
olmağa iddialıdır. "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının imzalanması da məhz bunun
üçün fundamental əsaslar formalaşdırmağa
xidmət edir.
Respublikanın malik olduğu mövcud potensial Azərbaycanın
iqtisadi inkişaf statusunun dəyişməsinə və onun
inkişaf etməkdə olan ölkələr sırasından
inkişaf etmiş dövlətlər kateqoriyasına daxil
edilməsinə lazımi imkanlar verir. Bu gün Azərbaycan
iqtisadi cəhətdən özünü təmin edən
ölkələrdən biridir və ərazi
bütövlüyününün pozulmasına, təcavüzə
məruz qalmasına, 1 milyondan artıq qaçqın və məcburi
köçkününün olmasına baxmayaraq, hər
hansı xarici yardıma ehtiyac duymur. Azərbaycanın
dövlət büdcəsi kəsirinin Ümumi Daxili Məhsula
(ÜDM) nisbəti cəmi 8 faiz təşkil edir və
respublika bu göstəriciyə görə dünyada
üçüncü yeri tutur.
Ölkəmiz tədricən donor dövlətə, beynəlxalq
miqyasda aparıcı investorlardan birinə çevrilməkdədir. Azərbaycan həm
də o azsaylı ölkələrdəndir ki, enerji, nəqliyyat,
ərzaq təhlükəsizliyini uğurla təmin etməyi
bacarmışdır. Bütün bunlar fonunda ölkədə
insanların yaşayış səviyyəsinin daim yüksələn
xətt üzrə inkişafı, sosial proqramların
uğurla icra olunması, maaş və
pensiyaların vaxtaşırı artırılması, bu sahədə
görülən digər tədbirlər iqtisadi
inkişafın həm də vətəndaşların həyatında
öz təcəssümünü tapdığını
göstərir.
İqtisadi sahədə keçid dövrü
üçün zəruri qanunverici, institusional, maddi-texniki
baza formalaşsa da, etiraf etməliyik ki, prosesin elmi nəzəri-metodoloji
əsasları hələ tam ümumiləşdirilməmişdir. Belə bir mərhələdə
elmin inkişaf prioritetlərinin müasir tələblərə
uyğunlaşdırılması, mövcud problemlərin
aradan qaldırılması, elmlə idarəçiliyin səmərəli
vəhdətinin təmini, bu sahəyə yönəldilən
vəsaitlərin rentabelliliyinə nail olunması yeni mərhələdə
qarşıda ciddi vəzifələr kimi durur. Ölkənin
hazırkı və gələcək sosial-iqtisadi inkişaf
perspektivləri ilə bağlı sanballı elmi
proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin
dövrün tələbləri səviyyəsində həyata
keçirilməsi, ali təhsilin məzmunca
müasirləşdirilməsi, dünya elminə çevik
inteqrasiyanın təmin edilməsi alimlərimiz
qarşısına ciddi vəzifələr qoyur.
Akademik Ramiz Mehdiyevin bu qənaəti ilə də tam
razılaşmaq olar ki, Azərbaycanın yeni inkişaf mərhələsinin
əsas xüsusiyyəti qarşıda duran məqsədlərin
daha yüksək səviyyəli, çoxşaxəli
olması və zamanın
çağırışlarının nəzərə
alınması ilə bağlıdır. Bu mərhələnin
əsas hədəfi həm də çoxşaxəli, səmərəli
və innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması, əhalinin rifahının
layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə
çatdırılmasıdır. Ölkə
başçısının yürütdüyü siyasət
deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə
qarşıya qoyduğu bu məqsədləri uğurla
gerçəkləşdirəcək və inkişaf
etmiş ölkələr sırasına daxil olacaqdır.
Əlican BABAYEV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin "İqtisadi nəzəriyyə-1"
kafedrasının müdiri, professor,
Azərbaycandan Kənarda Təhsil
Almış Mütəxəssislər
Təşkilatın
Ali Məclisinin sədri
Azərbaycan.- 2012.- 15 iyun.- S. 4.