Azərbaycanda fikir azadlığı, plüralizm var

 

 Eymon Gilmor: "ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra tədbirlər nəzərdə tutub"

 

"ATƏT Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində atılan addımları, xüsusən də insan hüquq və azadlıqlarının qorunması ilə bağlı qəbul olunmuş Milli Fəaliyyət Planını yüksək qiymətləndirir".

Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət üzrə naziri Eymon Gilmor iyunun 14-də Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT PA-da daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə görüşdə söyləyib.

Bahar Muradova bildirib ki, rəsmi Bakı bu təşkilatla həm hökumət, həm parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində əlaqələrin inkişafına çox böyük diqqət yetirir. Bu əlaqələr isə ikitərəfli və çoxtərəfli münasibətlərin formalaşmasına öz təsirini göstərir.

Milli Məclis Sədrinin müavini diqqətə çatdırıb ki, Azərbaycan ATƏT-ə üzv olduqdan sonra vətəndaş cəmiyyətinin formalaşdırılması, şəffaf seçkilərin keçirilməsi, qanunun aliliyinin təmin olunması, təhlükəsizlik və əməkdaşlıq məsələlərində xeyli nailiyyətlər əldə edib: "İstər ölkəmizdə, istərsə də bölgədə təhlükəsizliyin daha da gücləndirilməsində bizə maneçilik törədən bir sıra səbəblər vardır və bunlardan biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bugünə qədər həll olunmamasıdır. Rəsmi Bakı ATƏT-in sammitlərində, həm də Parlament Assambleyası çərçivəsində qəbul olunan qərarları bu problemin həllinə yönəlmiş səylər kimi qəbul edir və həm də hesab edirik ki, bu qərarlar sona qədər icra olunmadığından ATƏT üzərinə düşən missiyanı tam şəkildə yerinə yetirməyib. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərinin və qurumun bəyan etdiyi prinsiplər, prezidentlərin imzaladıqları sənədlər, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə və məsələnin bunların əsasında həll olunması tələbi bizi qane edir, amma konkret nəticənin əldə olunmaması heç bir tərəfi qane etmir. Azərbaycanın BMT TŞ-nin sədri kimi fəaliyyət göstərdiyi dövrü və beynəlxalq təşkilatlarda mövcud olan imkanları nəzərə alsaq, deyə bilərik ki, bu məsələnin həlli yolları vardır. Əsas odur ki, ortaya siyasi iradə qoyulsun. Biz ATƏT-in yeni sədri kimi sizin fəaliyyətə başladığınız andan nümayiş etdirdiyiniz mövqeyi dəstəkləyirik. Ümid edirik ki, bölgəyə səfəriniz, verdiyiniz bəyanatlar sonrakı fəaliyyətinizdə özünü göstərəcəkdir".

Görüş üçün təşəkkürünü bildirən Eymon Gilmor Azərbaycana səfərindən, keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Qonaq Azərbaycanda demokratik vətəndaş cəmiyyətinin inkişafını, insan hüquq və azadlıqları sahəsində atılan addımları yüksək qiymətləndirib. Eamon Gilmor bildirib ki, Azərbaycanda fikir azadlığı, plüralizm var.

ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin pozulmasından, xüsusən də son dövrlər baş verən hadisələrdən ciddi narahatlıq keçirdiyini diqqətə çatdırıb: "İrlandiya da münaqişələrdən əziyyət çəkib. Yaxşı başa düşürük ki, bu cür problemlər tezliklə həllini tapmalıdır. ATƏT bu münaqişənin həlli ilə bağlı bir sıra tədbirlər nəzərdə tutub".

Görüşdə, eyni zamanda "Diffamasiya haqqında" qanun layihəsinin hazırlanması, qarşıdan gələn prezident seçkilərinə hazırlıq, ATƏT-in müvafiq institutları ilə əməkdaşlıq, qanun yaradıcılığında birgə fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 15 iyun.- S. 6.