Milli Qurtuluş Günü ədliyyə orqanlarında geniş qeyd olunmuşdur
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Ədliyyə Nazirliyinin rəhbər işçiləri iyunun 14-də Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək ulu öndərin xatirəsini ehtiramla anmış, abidəsi önünə əklil qoymuşlar.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, sonra ümummilli liderin nazirliyin binasındakı büstü önünə gül dəstələri düzülmüş, əziz xatirəsi yad edilmişdir, Heydər Əliyev Muzeyində dahi öndərin zəngin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanışlıqdan sonra nazirliyin kinozalında film nümayiş etdirilmişdir.
Milli Qurtuluş Günü nazirliyin bütün struktur qurumlarında da geniş qeyd olunmuş, əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışılmış, ulu öndərin siyasi kursunu, yüksək amallarını layiqincə yaşadan və davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrdə qazandığı nailiyyətlərdən bəhs edilmişdir.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına daim sadiq qalan ədliyyə işçiləri dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin hərtərəfli inkişafı naminə bundan sonra da dövlət başçısının layiqli yardımçısı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.
AzərTAc
Azərbaycan.- 2012.- 15 iyun.- S. 6.