Koişiro Matsuura: Ümummilli lider Heydər Əliyev
Azərbaycanın hərtərəfli inkişafı üçün çalışan müdrik dövlət xadimi
idi
Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edən UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura AzərTAc-ın xüsusi müxbirinə bildirmişdir ki, ümummilli lider Heydər Əliyev ölkəsinin hərtərəfli inkişafı üçün çalışan müdrik dövlət xadimi idi.
İlk dəfə Azərbaycanda 2000-ci ilin aprelində Prezident Heydər Əliyevin dəvəti ilə türkdilli ölkələrin dövlət başçılarının "Kitabi-Dədə Qorqud"un 1300 illiyinə həsr edilmiş zirvə görüşündə olduğunu xatırladan K.Matsuura demişdir ki, həmin tədbir onda böyük təəssürat doğurmuşdu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təşkil edilmiş tədbir öz yüksək səviyyəsi ilə onu heyran qoymuşdu. Maraqlı bir məqam orasında idi ki, tədbirin iştirakçısı olan müxtəlif türkdilli dövlətlərin başçıları bir-biri ilə tərcüməçi olmadan, rahat danışa bilirdilər. Bu tədbir həm də "Kitabi-Dədə Qorqud"un 1300 illiyinə həsr edilmişdi. Bu əsərin ingilis versiyası ilə tanış olduğunu bildirən K.Matsuura qeyd etmişdir ki, həmin epos ilə yaponların VIII əsrə aid "Manyoşu" dastanı arasında müəyyən oxşarlıq vardır. Bu əsərlər iki qədim və müdrik xalqın həyatından, məişətindən bəhs edir. Hər iki əsərdə sadə xalqın məişətinə, həmin dövrdəki adət-ənənələrə, həyat tərzinə geniş yer verilmişdir.
K.Matsuura vurğulamışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəsinin hərtərəfli inkişafı üçün çalışan müdrik dövlət xadimi kimi onun diqqətini çoxdan cəlb etmişdi. Dahi şəxsiyyət yalnız mədəniyyətin deyil, eyni zamanda, cəmiyyətin hərtərəfli inkişafı, müasirləşməsi üçün var gücü ilə çalışırdı. Məhz həmin vaxt Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva ilə tanış olduğunu xatırladan UNESCO-nun sabiq baş direktoru bu tanışlığın sonradan sıx dostluğa çevrildiyini bildirmişdir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətləri olduğunu vurğulayan K.Matsuura məhz bu dahi siyasətçinin gərgin əməyi sayəsində ölkəmizin yenidən müstəqil dövlət kimi formalaşdığını və bugünkü səviyyəyə çatdığını qeyd etmişdir.
Həmin görüşdən sonra Azərbaycan ilə UNESCO arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını diqqətə çatdıran K.Matsuura Azərbaycanın dünya mədəni irsinə böyük töhfələr verdiyini vurğulamışdır. Bu əməkdaşlıq Azərbaycan mədəniyyətini bütün dünyada daha geniş təbliğ etməyə imkan vermişdir. Bu sahədə onun əməyinin Azərbaycan tərəfindən həmişə yüksək qiymətləndirildiyini, 2011-ci ildə Bakıda keçirilmiş Birinci Beynəlxalq Humanitar Forumu zamanı Heydər Əliyev Fondunun xüsusi mükafatına layiq görüldüyünü xatırladan K.Matsuura bu mükafatın onda yüksək hisslər doğurduğunu vurğulamışdır. Həmin mükafatın Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən təqdim edilməsi isə onu daha çox məmnun etmişdir.
İlk səfərdən sonra Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluqla danışan UNESCO-nun sabiq baş direktoru bildirmişdir ki, məhz ümummilli lider Heydər Əliyevin böyük əməyi sayəsində bu əlaqələr möhkəm təməl üzərində qurulmuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində isə bu əlaqələr daha da möhkəmlənmişdir.
Həm UNESCO-nun baş direktoru işlədiyi dövrdə, həm də sonrakı illərdə Yaponiya ilə Azərbaycan arasında əlaqələrin inkişafına çalışdığını bildirən K.Matsuura bu gün də iki ölkə arasında dostluq münasibətlərinin inkişafına şəxsi töhfələrini verməyə hazır olduğunu demişdir. Keçən 20 ildə Yaponiya ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişafından məmnunluğunu ifadə edən K.Matsuura həmin əlaqələrin bundan sonra da sürətlə inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Mehriban xanım Əliyeva ilə birlikdə Yaponiyaya rəsmi səfərini xatırladan K.Matsuura bunun iki dost xalq arasında əlaqələrin inkişafına böyük təkan verdiyini vurğulamışdır. Həmin vaxt Azərbaycan Prezidenti ilə şəxsən görüşən K.Matsuura Yaponiya siyasətçilərinin bu səfər barəsində böyük ruhla danışdıqlarını, onun həddindən artıq məhsuldar olmasını vurğuladıqlarını bildirmişdir.
Müasir mərhələdə Azərbaycan-Yaponiya münasibətlərinin inkişafı üçün əlverişli məqamın yarandığına diqqət çəkən K.Matsuura ölkələrimiz arasında hələ də bəzi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac duyulduğunu və bu istiqamətdə böyük potensialın olduğunu qeyd etmişdir. Bu məqsədlə yüksək səviyyəli səfərlərin mütəmadiliyinin artırılmasına ehtiyac duyulur, həmin səfərlər qarşılıqlı əməkdaşlığa mühüm təsir göstərə bilər. Yaponların Azərbaycanı, azərbaycanlıların isə Yaponiyanı daha yaxından öyrənməsi istiqamətində atılacaq addımlar iki xalqı bir-birinə daha da yaxınlaşdırar. Azərbaycan səfirliyinin son aylar bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirən K.Matsuura azərbaycanlı səfirin yapon dilini, mədəniyyətini və tarixini dərindən bilməsini müsbət qiymətləndirmişdir. Yaponiyada təhsil alan azərbaycanlı tələbələrin sayının artması, mütəxəssislərin daha tez-tez Yaponiyadakı kurslarda iştirakı qarşılıqlı əlaqələrə yaxşı nümunədir. Bu insanlar Yaponiyanı Azərbaycan kimi, öz vətənləri kimi çox sevirlər.
Azərbaycanın karbohidrogen ehtiyatlarından çox səmərəli istifadə etdiyinə diqqət çəkən K.Matsuura əldə edilən kapitalın həm infrastrukturun inkişafına, həm də insanların rifah halının yaxşılaşmasına tətbiqini müsbət qiymətləndirmişdir.
Bu yaxınlarda Bakıda keçirilmiş 57-ci "Eurovision" musiqi müsabiqəsinin yüksək səviyyədə təşkilindən məmnunluqla danışan K.Matsuura Azərbaycanın son illər böyük beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildiyini qeyd etmişdir. UNESCO-nun keçmiş baş direktoru vurğulamışdır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Yalnız Avropa ölkələri deyil, bütün dünya "Eurovision-2012"nin yüksək səviyyədə təşkilini etiraf etdi.
Azərbaycan xalqına aparılan nəhəng quruculuq işlərində uğurlar arzulayan K.Matsuura oktyabrda Bakıda keçiriləcək İkinci Beynəlxalq Humanitar Forumda məmnuniyyətlə iştirak edəcəyini də vurğulamışdır.
Vüqar AĞAYEV
Azərbaycan.- 2012.- 15 iyun.- S. 7.