Tarixin canlı şahidi

 

 Uzaqda, dağların döşündə bir qala - abidə ucalır. Üstündə üçrəngli bayrağımız dalğalanır. Ön tərəfdə yamyaşıl torpağın üzərində Azərbaycanın al-əlvan xəritəsi həkk olunub. Bu, rəmzi Gülüstan-Qələbə kompleksidir. Qurtuluş Günü ərəfəsində yaradılıb. Bölgənin müqəddəs guşəsi, and yeridir.

Biz obyektdə olarkən goranboylu gənclər, mədəniyyət işçiləri, idmançılar, ictimaiyyətin nümayəndələri ziyarətə gəlmişdilər. Müstəqilliklə bağlı kütləvi yürüş təşkil olunmuşdu. Çiyinlərində nəhəng Azərbaycan bayrağı tutmuş əsgərlər mətin addımlarla qala divarlarının önündən keçir, mədəniyyət işçiləri, idmançılar, ayrı-ayrı ifaçılar öz məharətlərini nümayiş etdirirdilər. Əsl bayram əhval-ruhiyyəsi yaşanırdı. İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev mərasim iştirakçılarını təbrik etdi. Ulu öndər Heydər Əliyevin və onun yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin müstəqil Azərbaycanın dünya səviyyəsində tanıdılması üçün gördüyü əvəzsiz işləri xüsusi vurğuladı.

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyev Qurtuluşun tarixi əhəmiyyətindən, milli müstəqilliyin bəhrələrindən danışdı.

Çıxışlar başlandı. İftixarla qeyd olundu ki, doxsanıncı illərin o gərgin günlərində elimizin mərd oğulları tarixi Gülüstan qalasını, onun yanındakı cənnətməkan Ağcakənd bölgəsini nankor düşmənlərdən əbədi olaraq azad etdilər.

Hər dəfə Gülüstan qalasının adı çəkiləndə istər-istəməz qanlı olaylar, bədnam günlər yada düşür. 1805-ci və 1813-cü il burada Rusiya-İran dövlətləri arasında Gülüstan və Kürəkçay müqavilələri imzalandı. Azərbaycan iki yerə parçalandı, səfalı yaylaqlarımıza, müqəddəs torpaqlarımıza ermənilər axışıb gəldilər. Beləcə, öz təbii gözəlliyi, füsunkar əzəməti Gülüstana bəla gətirdi.

Adı dillərdə gəzən bu qala Murovdağın ətəyində Ağdərə və Ağcakəndin sərhədində, İncəçayın qovuşduğu bir sahədə, dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşir.

Öz ilkin formasına görə gəmini xatırladır. Mənbələrdən birində göstərilir ki, bu qədimi qala hələ eramızdan əvvəl Xaldey hakimləri tərəfindən tikilib. Digər məlumatda isə deyilir ki, on ikinci əsrdə müdafiə məqsədilə ucaldılıb və sonralar Gülüstan məlikləri tərəfindən bərpa edilib.

Qala divarlarının qalınlığı ayrı-ayrı hissələrdə müxtəlifdir. Bu qalanın yerləşdiyi coğrafi relyeflə bağlıdır. Məsələn, şimal və qərb tərəfdə divarlar hündür, sərt, çıxılmaz qayalar üzərində inşa edilib. Bu tərəfdən hücum ehtimalı az olduğundan divarın qalınlığı 80-90 santimetrdir, cənub hissədə isə əksinə, divarların qalınlığı 1,5 metrə çatır. Qala divarları boyunca dörd gözətçi məntəqəsi, 12 mazqal (müşahidə gözcüyü) var idi.

Gülüstan qalası şərq-qərb və cənub-qərb tərəflərdən sıldırımlı dərə, şimaldan isə sərt enişli meşəliklə əhatə olunub. Qalaya daxil olmağın ən əlverişli yolu cənub-şərq tərəfdəndir.

Qalanın təxminən iki kilometrliyində Gülüstan kəndi yerləşir. Qalada güclü istehkamlar, uzunluğu iki yüz metrdən çox olan gizli yol var idi.

1938-ci ildə burada tədqiqat işləri aparan E.A.Paxomov yazır ki, "öz əlverişli coğrafi mövqeyinə görə qaladan həm ətrafda yaşayan əhalini qorumaq, həm dağətəyi yolları nəzarətdə saxlamaq məqsədilə, həm də təhlükə vaxtı gizli sığınacaq kimi istifadə olunurdu".

Gülüstan qalası sərhəd bölgəsində yerləşdiyi üçün ora gedib-gəlmək, bu tarixi guşəni vaxtlı-vaxtında ziyarət etmək heçasan deyildi. Ona görə də goranboylular bir qədər bəridə yamyaşıl dağların qoynunda, Qarabağın qapısında rəmzi qala ucaldıblar. Bu da bir mesajdır. Adına Qələbə qalası deyilir. Bu şərəfli ad ötən əsrin 90-cı illərində bu yerlərin namərd qonşulardan biryolluq təmizlənməsi ilə bağlıdır. Bu da qədirbilən insanların şanlı tarixə ehtiramının bir nişanəsidir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 15 iyun.- S. 7.