Xalqın qurtuluş və özünütəsdiq tarixi
İyunun 14-də Nərimanov Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Qurtuluşdan başlanan yol" mövzusunda konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev dedi ki, 15 iyun tarixi təqvimə qızıl hərflərlə yazılmışdır. Çünki ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan ulu öndər Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə, vətəndaş qarşıdurmasını aradan qaldırmaqla, respublikanı parçalanmaq təhlükəsindən hifz etməklə, sözün əsl mənasında, milli qurtuluşu təmin etmişdir. Ulu öndərin Ali Sovetin sədri seçildiyi 15 iyun tarixinin sonradan Milli Qurtuluş Günü elan edilməsi və hər il əlamətdar gün kimi qeyd olunması da məhz bu reallığa əsaslanır.
İcra başçısı onu da bildirdi ki, belə mürəkkəb şəraitdə Heydər Əliyevin qarşısında eyni zamanda dövlətçiliyin qorunub saxlanması ilə yanaşı, cəbhə bölgəsində üzləşdiyimiz hərbi uğursuzluqları aradan qaldırmaq, düşmənə qarşı mütəşəkkil müqaviməti təşkil etmək, iqtisadi, siyasi, mənəvi və psixoloji cəhətdən ağır durumda olan bir ölkədə ordu quruculuğuna başlamaq kimi çətin vəzifə dayanırdı. Daxili sabitlik üçün potensial təhlükə mənbəyi sayılan qanunsuz silahlı qruplaşmaların - hərbi müxalifətin zərərsizləşdirilməsi ümummilli liderin üzərinə düşən məsuliyyət yükünü bir qədər də artırır, onun kifayət qədər riskli və qətiyyətli addımlar atmasını zəruri edirdi. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində bütün problemlər aradan qaldırıldı, müstəqil Azərbaycan inkişaf etdi, möhkəmləndi və demokratik, dünyəvi bir dövlətə cevrildi.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışmışlar. Əlişir Musayev, Cümşüd Nuriyev, Milli Məclisin deputatı Adil Əliyev və başqaları qeyd etdilər ki, ulu öndərin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi, Azərbaycana bəslədiyi hədsiz sevgisi sayəsində ölkəmizin gələcək tərəqqisi üçün yaradılmış etibarlı bünövrə hazırda respublikamızın sağlam təməl üzərində sürətlə inkişafına şərait yaratmışdır.
Elçin CƏFƏROV
Azərbaycan.- 2012.- 15 iyun.- S. 8.