Manas eposu və türk dastançılıq ənənəsi monoqrafiyası Bişkekdə qırğız dilində nəşr edilmişdir

 

Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun (TÖSDF) sifarişi ilə Azərbaycan şairi və alimi Adil Cəmilin "Manas eposu və türk dastançılıq ənənəsi" monoqrafiyası paytaxtdakı "Biyiktik" nəşriyyatında qırğız dilində çapdan çıxmışdır.

Monoqrafiyanı qırğız dilinə tanınmış şair və tərcüməçi Mukan Asanaliyev tərcümə etmişdir.

Kitabın rəyçiləri Qırğızıstan Milli Elmlər Akademiyası Dil və Ədəbiyyat, həmçinin Manasşünaslıq institutlarının direktoru, bir sıra beynəlxalq akademiyaların həqiqi üzvü, "Çingiz Aytmatov" Akademiyasının prezidenti, akademik Abdıldacan Akmataliyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və professor İsmayıl Vəliyevdir.

TÖSDF-nin sədri Nüsrət Məmmədov bildirmişdir ki, monoqrafiya Azərbaycan ilə Qırğızıstan arasında folklor əlaqələrinin öyrənilməsi, iki qardaş xalq arasında ədəbi, mədəni əlaqələrin daha da dərinləşdirilməsində mühüm rol oynayacaqdır.

Azərbaycanda qırğız eposu Manasın tədqiqinə həsr olunmuş bu ilk elmi-tədqiqat əsəri 2002-ci ildə Bakıda Azərbaycan, 2011-ci ildə isə rus dilində çap olunmuşdur.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 15 iyun.- S. 10.