Heydər Əliyev Fondu Pakistanın Paxtunva vilayətindəki xəstəxanaya tibbi avadanlıq və təcili yardım avtomobili hədiyyə etmişdir

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın müxtəlif əyalət və şəhərlərində silsilə humanitar tədbir həyata keçirilir. Bu tədbirlərin davamı olaraq iyunun 14-də Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Paxtunva əyalətinə səfər etmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində talassemiya, hemofiliyaqan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirən Həmzə Xeyriyyə Fonduna Heydər Əliyev Fondunun adından xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş bir təcili tibbi yardım avtomobili və 2 min qan köçürmə paketi təqdim edilmişdir. Təcili tibbi yardım avtomobili ilə əyalətin müxtəlif şəhərlərində, xüsusilə Pakistanın Əfqanıstanla sərhəddə yerləşən ucqar məntəqələrində xəstəlikdən əziyyət çəkənlərə təhlükəsiz qan köçürülmə xidmətləri göstəriləcək, həmçinin Hepatit C, Hepatit B, HİV/AİDS virusunun müəyyənləşdirilməsi üçün yerli əhali arasında pulsuz testlər təşkil olunacaqdır.

Təqdimetmə mərasimində çıxış edən Pakistan Senatının komitə sədri senator Hacı Qulam hədiyyə olunan avtomobilin və paketlərin minlərlə insanın müalicəsinə töhfə verəcəyini qeyd etmiş, bu hadisənin məhz 14 İyun - Beynəlxalq Donorlar Gününə təsadüf etməsini yüksək qiymətləndirmişdir. O, Azərbaycanın birinci xanımına, Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürünü bildirmişdir. Senator cari ilin fevral ayında Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşünü məmnunluqla yada salmış, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi faktı ilə Pakistanın heç zaman barışmayacağını vurğulamışdır.

Daha sonra azərbaycanlı diplomat Paxtunvadakı göz xəstəxanasını ziyarət etmiş, yeni korpusun tikilməsi və göz xəstəliklərindən əziyyət çəkən imkansız xəstələrin əməliyyat olunması üçün Heydər Əliyev Fondunun adından xəstəxanaya maliyyə yardımı göstərmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Paxtunva əyalətində həyata keçirilən humanitar layihələr Pakistanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 1.