Qeyri-neft sektorunda məhsul istehsalı artmaqda davam edir

 

Cari ilin 5 ayı ərzində bu artım 10,5 faiz olmuşdur

 

Dövlət Statistika Komitəsi bu ilin yanvar-may aylarında ölkənin sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəriciləri açıqlayıb. Hesabatdan məlum olur ki, sözügedən dövrdə ölkə üzrə 20,9 milyard manatlıq və ya keçən ilin müvafiq dövründəkindən 0,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir.

ÜDM-in 67,9 faizi məhsul istehsalı, 25,9 faizi xidmət sahələrində yaradılmış, 6,2 faizi məhsula və idxala xalis vergilər təşkil etmişdir. Ötən ilin 5 ayı ilə müqayisədə məhsul istehsalı qeyri-neft sektorunda 10,5 faiz artmış, neft-qaz sektorunda 6,5 faiz azalmışdır. Bu dövrdə orta hesabla ölkənin hər sakininə düşən ÜDM-in həcmi 2281,5 manata (2901,9 ABŞ dollarına) çatmışdır.

Fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla hesabat dövründə 15 milyard manatlıq, yaxud keçən ilin eyni dövrünə nisbətən 2,9 faiz az sənaye məhsulu istehsal olunmuşdur. Onun 77,5 faizi mədənçıxarma, 17,1 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür. Neft-qaz sektorunda məhsul istehsalı 5,1 faiz azalsa da qeyri-neft sektorunda 8,8 faiz artmışdır. Statistikaya görə, mədənçıxarma bölməsində ötən ilin yanvar-may ayları ilə müqayisədə məhsul istehsalı 5,4 faiz aşağı düşmüşdür. Bu dövrdə 18,5 milyon ton neft, 7,4 milyard kubmetr əmtəəlik qaz hasil edilmişdir.

Əvəzində emal bölməsində məhsul istehsalı 14,6, o cümlədən qida məhsulları istehsalı 5, içki istehsalı 14,4, tikinti materialları istehsalı 19,5, metallurgiya sənayesi məhsulları istehsalı 10,7, maşın və avadanlıqlar istehsalı 37,7, digər nəqliyyat vasitələri istehsalı 15,1 faiz, eləcə də toxuculuq sənaye məhsulları istehsalı 2, geyim istehsalı 1,8, rezin və plastmas məhsulları istehsalı 3,7, hazır metal məmulatları istehsalı 1,9, kompyuter və digər elektron avadanlıqlar istehsalı 17,5, elektrik avadanlıqları istehsalı 3,3 dəfə artmışdır. Həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulları istehsalı 3,4 faiz çoxalmışdır. Yanvar-may aylarında ölkə üzrə 9,1 milyard kilovatsaat elektrik enerjisi istehsal olunmuşdur ki, bu da keçənilki müvafiq dövrdəkindən 9,6 faiz artıqdır.

Dövlət Statistika Komitəsinin hesabatına görə, ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4,5 milyard manat (2011-ci ilin yanvar-may aylarına nisbətən 28,3 faiz çox) vəsait yönəldilmişdir. İstifadə olunan vəsaitin 2,2 milyard manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf edilmişdir. Əsas kapitala yönəldilən vəsaitin 76,5 faizini daxili investisiyalar təşkil etmiş və bu göstərici ötənilki səviyyədən 29,2 faiz yüksək olmuşdur. Eyni zamanda xarici mənbələrdən istifadə olunan investisiyaların da həcmi 25,5 faiz artmışdır. Hesabatda göstərilir ki, bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunan vəsait ötən ilin analoji dövrü ilə müqayisədə 26,6 faiz çoxalaraq 2,6 milyard manata çatmışdır.

Yanvar-may aylarında tikinti kompleksinə yönəldilən vəsait hesabına çox sayda müxtəlif təyinatlı istehsal və qeyri-istehsal obyektlər istifadəyə verilmişdir. Onların sırasında ümumi sahəsi 545,9 min kvadratmetr olan yaşayış evlərini, 15 çarpaylıq xəstəxananı, 666 nəfəri qəbul edən ambulatoriya poliklinikanı, 360 şagirdlik məktəb binasını, 140 yerlik klubu, Bakıda Heydər Əliyev Mərkəzini, "Baku Crystal Hall" idman-konsert kompleksini, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron" hotellərini, "Zirə" idman kompleksini, "Xəzri" istirahət və sağlamlıq mərkəzini, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksini, Naxçıvan şəhərindəki poliklinikanı və Naxçıvan-Culfa magistral avtomobil yolunu, Sumqayıtda "Azguntex" zavodunu və digər obyektləri göstərmək olar. Onu da qeyd edək ki, istifadəyə verilən yeni obyektlər ölkənin bütün regionlarını əhatə edir.

İqtisadiyyatın xüsusən qeyri-neft sektorundakı dinamik artım əhalinin güzəranının yaxşılaşmasına da təkan verir. Belə ki, hesabat dövründə ölkə üzrə əhalinin hər nəfərinə düşən gəlirləri 13,1 faiz çoxalaraq 1352,2 manata çatmışdır. Yanvar-aprel aylarının hesablamalarına görə, Azərbaycanda muzdla işləyənlərin orta aylıq əməkhaqqı 379 manatdan çox olmuşdur ki, bu da ötən ilin eyni dövründəkindən 8,4 faiz artıqdır. Amma elə sahələr  (sənaye, tikinti, nəqliyyat, eləcə də maliyyə vasitəçiliyi, icarə və bir sıra xidmət bölmələri) var ki, orada çalışanlar daha yüksək əməkhaqqı alırlar.

Əhalinin güzəranının yaxşılaşmasına təsir edən səbəblərdən biri də bu dövrdə inflyasiyanın aşağı səviyyədə olmasıdır. Statistiklərin hesablamalarına görə, may ayında ölkə üzrə istehlak mallarının qiymətləri və xidmət tarifləri aprel ayına nisbətən 0,9, o cümlədən ərzağın qiyməti 1,9 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri dəyişməmiş, xidmət tarifləri isə cəmi 0,2 faiz bahalaşmışdır.    

 

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 1.