Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

 Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Dağlıq Qarabağ separatçıları nümayəndələrinin Britaniya parlamentində görüşlər keçirməsi barədə Ermənistan KİV-lərinin yaydığı informasiya ilə əlaqədar bu ölkənin xarici siyasət idarəsinə məktub göndərmişdir.

AzərTAc xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirmişdir.

O demişdir ki, səfirlik Böyük Britaniya XİN-ə bu məsələ ilə əlaqədar məktub göndərmiş və separatçıların nümayəndələrinin Ermənistan-Britaniya dostluq qrupunun iclasında iştirak etmələrindən narahatlıq ifadə etmişdir.

Böyük Britaniya XİN-i cavab məktubunda səfirliyi əmin etmişdir ki, Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində mövqeyi dəyişməmişdir. Məktubda deyilir ki, bu parlament qrupu qeyri-formal qurumdur və ölkə hökumətinin və parlamentinin rəsmi mövqeyini ifadə etmir.

E.Abdullayev demişdir: "Ermənistan KİV-ləri növbəti dəfə faktları təhrif etmişlər. Onların dərc etdikləri informasiyanı fitnəkarlıq kimi qiymətləndirmək olar".

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin məlumatına görə, Dağlıq Qarabağ separatçıları nümayəndələrinin Ermənistan-Britaniya dostluq qrupunun iclasında iştirak etmələri baronessa Karolayn Koksun şəxsi təşəbbüsü əsasında baş tutmuşdur.

İyunun 13-də Ermənistanın bir sıra KİV-ləri separatçı "Dağlıq Qarabağ Respublikası"nın "nümayəndə heyəti"nin Londona səfər etməsi və Böyük Britaniyanın Lordlar Palatasında görüşlər keçirməsi, Ermənistan-Britaniya dostluq qrupunun iclasında iştirak etməsi barədə informasiya yaymışlar. Bununla əlaqədar, Azərbaycan XİN-i Böyük Britaniyadakı diplomatik nümayəndəliyimizə bu məlumatı araşdırmağı tapşırmışdı.

 

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 1.