Tarixin dönüş mərhələsi

 

Azərbaycanın ən yeni tarixinin ən mühüm mərhələlərindən biri də 1993-cü il iyun hadisələri ilə bağlıdır. Məhz bu dövrdə ölkədə ictimai xaosun və siyasi hakimiyyətsizliyin geniş miqyas alması cəmiyyətin ümumi təhlükəsizliyini və dövlətin gələcəyini sual altında qoymuşdu. Hakimiyyətdəki qüvvələrin səriştəsiz və heç bir məntiqə sığmayan siyasəti nəticəsində respublikada anarxiya baş alıb gedir, milli-mənəvi dəyərlər kobud şəkildə tapdanır, qanunsuz silahlı dəstələr ölkədaxili vəziyyətə nəzarəti ələ keçirirdilər. Belə bir ağır və  mürəkkəb dövrdə Azərbaycan xalqı tarixi bir qərara imza ataraq ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi.

Əslində Heydər Əliyevin hakimiyyətə gəlişi hələ iyun hadisələrindən xeyli əvvəl aktuallıq kəsb edən məsələlərdən biri kimi qiymətləndirilirdi. Çünki 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra ictimai-siyasi sabitliyin bərqərar edilməsi, davamlı inkişaf prosesinin stimullaşdırılması, demokratikləşmənin həyata keçirilməsi və dövlət quruculuğu istiqamətində heç bir konkret addım atılmamışdı. Bu isə nəticə etibarilə idarəetmə sisteminin iflic vəziyyətinə gəlib çıxmasına, cəmiyyətdə ideoloji parçalanmalara, siyasi qütbləşmələrin dərinləşməsinə səbəb olmuşdur. 1992-ci ildə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü bu problemlərin həlli istiqamətində nəinki heç bir iş görməmişdi, əksinə, idarəetmə sahəsində yol verdiyi yanlışlıqlar vəziyyətin daha da gərginləşməsinə şərait yaratmışdı. Həmin dövrdə hakimiyytəsizlik sindromu artıq təkcə ictimai münasibətlər sistemində deyil, həm də cəmiyyətin psixologiyasında və milli şüurda özünə dərin kök salmağa başlamışdı.

Gərgin və mürəkkəb mərhələdə xalqı ümummilli mənafelər ətrafında birləşdirmək, insanları vahid bir məqsədə səfərbər etmək üçün, ilk növbədə, milli dövlətçilik ideyalarının təşəkkülünə nail olmaq tələb olunurdu. Belə bir ideoloji bütövlüyü təmin etmədən dövlət quruculuğunu uğurla həyata keçirmək, iqtisadi və siyasi inkişafın sürətləndirilməsinə əsas yaratmaq mümkün ola bilməzdi. Çünki Azərbaycan bir tərəfdən müstəqilliyini yenicə əldə etmiş ölkə idisə, digər tərəfdən onun qarşısında keçid dövrünün ağrılı problemlərini həll etmək vəzifəsi dayanırdı. Müharibə şəraiti, cəbhədə olan uğursuzluq isə daha böyük problemlərə yol açırdı.

1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni dəyərlər sisteminin və yeni ideyaların meydana çıxmasına stimul yaratmış oldu. Bu dəyərlər və ideyalar müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərini müəyyənləşdirən baxışlar sistemi kimi nəzərdən keçirilirdi. Ümummilli lider uçurumun bir addımlığında dayanan millətin öz dövlətini yaşatmasını təmin etmək üçün milli dövlətçilik ideologiyasının ictimai şüurda stereotipləşməsinə nail oldu, bununla da cəmiyyəti ümumi bir məqsəd ətrafında birləşdirdi. Ulu öndər ölkəni iflasdan, fəlakətdən qurtardı, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltdi. Bu qayıdış əsrlərin sınağından keçə-keçə min bir əziyyətlə məqsədinə doğru addımlayan bir millətin özünə qayıdışına çevrildi və Azərbaycan müstəqillik tarixinin daha şərəfli, əzəmətli mərhələsinə qədəm qoydu. Ulu öndərin müdrik fəaliyyəti ilə cəmiyyətdə özünəinam hissi bərpa edildi, sabitlik və firavanlığa ciddi təminat yaradıldı. Azərbaycanın sosial-iqtisadi və diplomatik sahədə üzləşdiyi bir çox problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələdə mümkün oldu. Ümummilli liderin irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultdu. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirdi. Ulu öndər özünəməxsus müdrikliklə bəyan etdi ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır.

Böyük strateqin müdrikliklə irəli sürdüyü yeni konsepsiya cəmiyyətin təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsini, vətəndaş cəmiyyəti institutlarının iqtisadi nailiyyətlərə adekvat inkişafını, insan hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılması məsələlərini özündə ehtiva edirdi. Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri reallaşdırdı. Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən nomativ-hüquqi baza yaradıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı.

Heydər Əliyev Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün yeni neft strategiyasının işlənib hazırlanmasına və uğurla həyata keçirilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. Bununla da ölkəmiz MDB məkanında Qərbin nəhəng neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açdı, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsininin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün geniş zəmin yaratdı.

Elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət bütün dövrlərdə ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir. Ümummilli lider hələ ötən əsrin 70-80-ci illərində respublikada formalaşmış zəngin elmi intellektual potensiala istinad edərək özünün təkmil təhsil konsepsiyasını irəli sürdü, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusilə diqqət mərkəzində saxladı. Elmi intellektual sferada hökm sürən tənəzzülün qarşısı alındı, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi əxlaqi mühit formalaşdı. Böyük şəxsiyyətin müstəqil Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, eyni zamanda, ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq sürətlə öz təcəssümünü tapdı. Ulu öndər Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırdı, bu sahədə mütərəqqi islahatlar ardıcıllıqla həyata keçirildi.

Ölkə rəhbərinin 1998-ci il 30 mart tarixli "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında" sərəncamı ilə müstəqil Azərbaycanın təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların aparılması, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil sahəsində islahat proqramını hazırlamaq barədə Dövlət Komissiyası yaradıldı. 1999-cu il iyunun 15-də "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" ölkə rəhbəri tərəfindən xüsusi sərəncamla təsdiqləndi. Həmin İslahat Proqramının həyata keçirilməsi nəticəsində təhsilin məzmunu yeniləşdirildi, yeni nəsil proqramlar və dərsliklər hazırlandı, bazis tədris planı əsasında işlənmiş işçi tədris planları tətbiq edilməyə başlandı, ayrı-ayrı təhsil sahələri və standartların hazırlanması məqsədilə çoxsaylı tədbirlər aparıldı. 2000-ci il iyunun 13-də ulu öndər "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" yeni bir fərman imzaladı. Həmin fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, onun beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünyaya inteqrasiyasına zəmin yaratdı. Heydər Əliyev 2002-ci ilin avqustunda ali məktəblərə yüksək balla daxil olmuş tələbələrlə görüşdü. 2002-ci il oktyabrın 4-də dövlət başçısı tərəfindən "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" yeni bir sərəncam imzalandı. Həmin sərəncam milli təhsil sisteminin inkişafında mühüm amil olan ümumtəhsil məktəblərinin genişləndirilməsinə, maddi-texniki bazanın möhkəmləndirilməsinə etibarlı zəmin yaratdı. 1993-2002-ci illər ərzində Azərbaycanda 137 məktəb binası tiiklib istifadəyə verildi.

1990-1993-cü illər respublikanın elmi mühitində də ən çətin, hətta sınaq illəri idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı bu sahədə də olan bir çox tərəddüdlərə və narahatlıqlara son qoydu. Ümummilli lider bütün regionlardan olan sağlam təfəkkürlü insanları öz ətrafında topladı, Azərbaycanın elmi potensialının dağılmasının qarşısını aldı. Elmlər Akademiyasının nüfuzunun bərpası üçün konkert tədbirlər həyata keçirildi. Bu qayıdış Azərbaycanın sovetlərdən qalmış iqtisadi və mədəni-mənəvi sərvətlərinin dağıdılması proseslərini dayandırdı və yeni quruculuq işləri varislik prinsipi əsasında, əvvəlki mərhələlərdə xalqımızın əldə etdiyi nailiyyətlərin davamı kimi həyata keçirilməyə başlandı.

1993-cü il sentyabrın 28-də ulu öndər, ilk növbədə, ölkənin intellektual elitası ilə görüşdü. Bu görüş respublikada siyasi böhranın mütləq həll ediləcəyi inamı ilə yanaşı, alimlərin, yaradıcı ziyalıların, xüsusilə elm məbədi olan Elmlər Akademiyasının nüfuzunun qaytarılması üçün də bəzi dairələrə ciddi siqnal oldu. Tezliklə akademiyanın statusu və taleyi ilə bağlı pərdəarxası diskussiyalara birmənalı şəkildə son qoyuldu. Fundamental tədqiqatların əhəmiyyəti və onların inkişafının təminatı sahəsində bir çox əməli işlər görüldü. Ulu öndərin 1997-ci il yanvarın 31-də AMEA-da alimlərlə görüşü xüsusilə unudulmaz hadisəyə çevrildi. Həmin görüşdə Heydər Əliyev Azərbaycan elminin inkişaf strategiyası ilə bağlı prioritet vəzifələrin nədən ibarət olduğunu açıqladı. Ümummilli lider ictimai və humanitar elmlər sahəsində müasir dövrün tələblərinə uyğun yeniləşməni, eləcə də sovetlər birliyi dövründən qalmış köhnəlmiş stereotiplərdən, səmərəsiz tədqiqat metodlarından uzaqlaşmağın vacibliyini diqqətə çatdırdı. Əsasən tarixçiləri Azərbaycanın keçmişi ilə bağlı həqiqətləri daha obyektiv araşdırmağa, dövlətçilik maraqları baxımından bu sahəyə xüsusi həssaslıqla yanaşmağa çağırdı.

2001-ci ilin mayında ümummilli lider Heydər Əliyevin fərmanı ilə Elmlər Akademiyasının dövlət statusu möhkəmləndirildi. 2001-ci ilin iyun ayında AMEA-nın həqiqi və müxbir üzvlərinin seçkiləri keçirildi. 2002-ci il avqustun 7-də ölkə rəhbəri "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin təsis edilməsi haqqında" böyük əhəmiyyət kəsb edən yeni bir sərəncam imzaladı.

Ümummilli lider Azərbaycanın milli-mənəvi dəyərlərinə, maddi mədəniyyət abidələrinə xalqın, millətin varlığının təcəssümü kimi həmişə xüsusi diqqət və qayğı göstərirdi. AMEA-nın həyatında baş vermiş əlamətdar hadisələrdən biri də 2002-ci il oktyabrın 24-də ulu öndərin böyük Azərbaycan dramaturqu Hüseyn Cavidin ev-muzeyinin açılışında iştirak etməsi və həmin gün Əlyazmalar İnstitutuna Azərbaycanın şifahi və yazılı ədəbiyyatının şah əsəri olan "Kitabi-Dədə Qorqud"un ən qədim - Drezden əlyazmasının nəfis şəkildə hazırlanmış nüsxəsinin şəxsən hədiyyə kimi təqdim etməsi olmuşdu.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ana dili məsələsinə baxışda da müxtəlif ziddiyyətlər və fikir ayrılıqları meydana çıxmışdı. Bu, xüsusilə AXC-Müsavat iqtidarı dövründə özünü daha qabarıq şəkildə büruzə vermişdi. O zaman bəzi qüvvələr heç bir məntiqə, əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və onun "türk dili" adlandırılmasını təklif edirdilər. 1992-ci ilin dekabrında Milli Məclisdə dövlət dili haqqında qanuna baxılmış və Azərbaycanda dövlət dilinin "türk dili" olması barədə səsçoxluğu olmadan qərar qəbul edilmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən Heydər Əliyevin təşəbbüsüylə elmi ictimaiyyətin çoxsaylı xahişi nəzərə alınaraq dövlət dilinin necə adlandırılması ilə bağlı yenidən müzakirələrə başlanmış və müxtəlif təkliflər irəli sürülmüşdür. Həmin müzakirələrdə elm, təhsil ictimaiyyəti, ziyalıların böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması ideyasını dəstəkləmişdir. Müzakirələrin nəticəsi olaraq 1995-ci il Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdı.

Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına tarixin bütün dövrlərində xüsusi diqqət yetirmişdir. 2001-ci il  iyunun 18-də ümummilli lider "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır. Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. 2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman - "Azərbaycan əlifbası və Azərbaycan dili Gününün təsis edilməsi haqqında" mühüm bir sənəd imzaladı. 2003-cü il yanvarın 2-də ölkə rəhbərinin yeni bir fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi.  Həmin qanunda dövlətin ana dilinə qayğısı sayəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərildi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan hüquqi və demokratik islahatlar, ilk növbədə, qanunun aliliyinə əsaslanan ictimai münasibətlər sisteminin formalaşmasına gətirib çıxarmış, ölkədə dövlət quruculuğu prosesini uğurla həyata keçirməyə şərait yaratmışdı. Sosial həyatın ayrı-ayrı sahələrini tənzimləyən qanunların qəbulu, aparılan tədbirlər, görülən işlər cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında, Azərbaycanın modern bir dövlət olaraq beynəlxalq aləmdə tanınmasında müstəsna rol oynamışdır. Böyük rəhbərin dövlətçilik ideyaları həm də xalqımızın tarixi ənənələrinə, milli-mənəvi dəyərlərinə söykənirdi.

Ümummilli lider Heydər Əliyev Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanda iki sivilizasiyanın konseptual parametrlərini özündə təkmil bir formada birləşdirən unikal bir dövlət modeli yaratmışdı. Məhz bu model Azərbaycanın dünyanın ən inkişaf etmiş dövlətlərinin strateji tərəfdaşına çevrilməsində, Cənubi Qafqazın nüfuzlu ölkəsi kimi  tanınmasında və nəhəng uğurlara imza atmasında həlledici təsirə malik olmuşdur.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 2.