Heydər Əliyevin
gənclər siyasəti uğurla davam edir
Gənclərimiz Vətənin tərəqqisi naminə dövlət başçısının daxili və xarici siyasətinə tam dəstək verir
Azərbaycan gənclərinin sağlam ruhda formalaşması və layiqli vətəndaşlar kimi yetişməsi üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Ümummilli liderin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti xüsusi yer tutmuşdur. Heydər Əliyev Azərbaycan gəncliyini aydın inkişaf yoluna çıxarmış, cəmiyyətin bu əhəmiyyətli təbəqəsinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atmışdır.
1994-2003-cü illərdə gənclər siyasətinin hüquqi bazası yaradılmış, bu sahədə əsas vəzifələr və istiqamətlər müəyyənləşdirilmişdir. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin I forumu keçirilmişdir. Gənclərin həyatında çox önəmli və yaddaqalan bir hadisəyə çevrilən forumdan sonra ölkədə gənclərə yeni münasibət açıq-aydın hiss olundu. Hər il fevral ayının 2-sinin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması barədə sərəncam imzalayan böyük öndər bəyan etmişdi ki, "biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik". Bu fikir ölkə gəncləri qarşısında geniş imkanlar açdı və gənclər mühüm dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkildilər.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də respublika Prezidenti seçildikdən sonra ümummilli liderin başladığı işləri uğurla davam etdirdi. Son doqquz ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə aparılan gənclər siyasəti böyüməkdə olan nəslin hərtərəfli inkişafını, onların cəmiyyətin həyatında fəallığını təmin edir.
Dövlət başçısı müvafiq sərəncamı ilə 2007-ci ili "Gənclər ili" elan etmişdir. Həmin vaxt Prezident İlham Əliyev bu nəslin təmsilçiləri ilə görüşündə deyirdi: "Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki gələcəkdə ölkənin müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr yaşayır, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafı üçün, Azərbaycan xalqının rifah halının yüksəldilməsi üçün hər bir vətəndaş, hər bir insan öz əməyini göstərməlidir. İndiki gənclər müstəqillik dövründə formalaşırlar. Bu, böyük xoşbəxtlikdir, böyük səadətdir. Gənclərdən bir şey tələb olunur ki, onlar yaxşı oxusunlar, bilikli, savadlı olsunlar, öz Vətəninə sadiq olsunlar və özlərinin fəaliyyəti ilə bu gün və gələcəkdə ölkəmizin inkişafına xidmət göstərsinlər".
Bu sərəncam dünya azərbaycanlılarının hər birinin ailəsində böyüyən gənc üçün, ilk növbədə, cəmiyyətin inkişafı, xalqın elmi-texniki, ziyalı potensialının yüksəlməsi, tərəqqisi üçün əlverişli şərait yaratdı.
Gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək məqsədilə 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" qəbul edilmiş və mühüm tədbirlər həyata keçirilmişdir. Bu mühüm dövlət sənədini hər bir gəncə ünvanlanmış qayğı kimi də qiymətləndirmək olar. Ölkəmizin dünya birliyinə inteqrasiya etdiyi dövrdə belə bir proqramın qəbul edilməsi gənclərlə aparılan işin konseptual əsaslarının konkretləşməsinə kömək edir. Sivilizasiyanın innovativ inkişafına daha çox üstünlük verildiyi bir vaxtda gənclər siyasəti kompleks elmi-tədqiqatlar əsasında formalaşdırılır və sistemli şəkildə reallaşdırılır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti gələcəyin qurucuları olan bu nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə olunmasında müstəsna rol oynayır. Belə bir prioritet siyasət həmçinin gəncliyin Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda formalaşmasına xidmət edir. Cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi onların intellektual və yaradıcılıq potensialını ümummilli məsələlərin həllinə yönəltmək məqsədi güdür.
Gənc mütəxəssislərin işlə təmin edilməsi və onların digər sosial-iqtisadi problemlərinin həlli də dövlətin gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı gənclərə yüksək diqqət və qayğının yeni real nümunəsidir. Sərəncam gənclər siyasətinin hüquqi bazasını təkmilləşdirməklə yanaşı, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssisləri işlə təmin etmək və digər sosial-iqtisadi problemləri həll etmək kimi mühüm məqsədlərə xidmət edir. Dövlət Proqramının hazırlanaraq icraya yönləndirilməsi gənclərin üzləşdikləri problemlərin həlli ilə bərabər, onların cəmiyyətin həyatında rolunun genişlənməsinə şərait yaradır.
Dövlətimizin başçısı 2011-ci il dekabrın 19-da isə Gənclər Fondunun yaradılması ilə bağlı fərman imzalamışdır. Ötən müddət ərzində fondun əsasnaməsi hazırlanmış, fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, müxtəlif gənclər təşkilatları, Avropadakı tərəfdaşlar ilə müzakirələr aparılmışdır.
Bu günlərdə Azərbaycan Gənclər Fondunun təqdimat mərasimi keçirilmişdir. Təqdimatda çıxış edən Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Fondun yaradılması ilə bağlı təşəbbüsün ötən il Prezident İlham Əliyevin gənclərlə görüşündə irəli sürüldüyünü xatırlatmışdır. Bildirilmişdir ki, bu təşəbbüs dövlətimizin başçısı tərəfindən dərhal dəstəklənmiş və qurumun yaradılması "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nda əksini tapmışdır: "İntellektual və təşəbbüskar Azərbaycan gəncliyinin formalaşması baxımından fondun qarşısında çox mühüm vəzifələr durur. Azərbaycan Gənclər Fondu fəaliyyətini məhz bu istiqamətdə təşkil etməlidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Gənclər Fonduna 5 milyon manat vəsait ayrılmışdır ki, bu da quruma dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Ayrılacaq vəsait gələcəkdə daha da artırılacaq, yeni fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. Fondun əsas məqsədi gənclərin təqdim etdikləri təşəbbüskar layihələrin maliyyələşdirilməsini həyata keçirməkdir. Bu da Azərbaycanda təşəbbüskar, intellektual, kreativ gənclərin formalaşmasına zəmin yaradacaqdır. İstəyimiz odur ki, bu fonda təqdim olunan layihələr cəmiyyətimizin, dövlətimizin, gənclərimizin inkişafına xidmət etsin. Gənclərimiz Azərbaycan dövlətini layiqincə yaşatmalı, inkişaf etdirməlidirlər. Ümidvaram ki, yaxın gələcəkdə Azərbaycan Gənclər Fondunun yeni təşəbbüslərinin, təqdimatlarının şahidi olacağıq".
Sonda onu vurğulayaq ki, gənclər dövlətin diqqət və qayğısını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətlərini də dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, Azərbaycanın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə layiqli töhfə verməyə çalışırlar.
Elxan ŞİRİYEV,
YAP Gənclər
Birliyinin Şura üzvü
Azərbaycan.- 2012.- 17 iyun.- S. 2.