Moskvada Rusiya və Azərbaycan yüksəliş yolunda mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

 

Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Azərbaycanın Milli Qurtuluş Gününə və Rusiya Gününə həsr olunmuş "Rusiya və Azərbaycan yüksəliş yolunda" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) baş katibi Mikayıl Hüseynov tədbiri açaraq rəhbərlik etdiyi qurum tərəfindən təşkil olunmuş konfransın başlıca məqsədinin iki ölkənin ekspertlərinin Rusiya və Azərbaycan arasında bütün səviyyələrdə qarşılıqlı əlaqələrin müxtəlif cəhətlərini müzakirə etmək və geniş fikir mübadiləsi aparmaq olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə keçirilən konfransda aparılan müzakirələr ölkələrimizin reallıqlarını daha dərindən öyrənməyə imkan verəcəkdir. 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qurtuluş Günü - ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışı ilə bağlı olan milli bayram ərəfəsində keçirilən tədbirin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın ən yeni tarixinə nəzər salan səfir ölkəmizin qazandığı böyük uğurlardan söz açmışdır. Azərbaycanın 155 ölkənin səsini alaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bu uğurlardan biridir və ölkəmizin bütün dünyada nüfuzunun artdığını təsdiq edir.

P.Bülbüloğlu Azərbaycan-Rusiya əməkdaşlığının inkişafına toxunaraq iki ölkə arasındakı münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğulamışdır.

Milli Məclisin deputatları Rasim Musabəyov, Mixail Zabelin, Ceyhun Osmanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışlarında ölkəmizin daxilixarici siyasət sahəsində qazandığı nailiyyətlərdən danışmış, Azərbaycan-Rusiya əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsinin əhəmiyyətini bildirmişlər. Konfrans iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edən natiqlər bu problemin tezliklə ədalətli həllinə nail olmaq üçün səylərin gücləndirilməsinin vacibliyini vurğulamışlar.  

Azərbaycanın müstəqillik illərində qazandığı uğurları yüksək qiymətləndirən rusiyalı ekspertlər isə beynəlxalq aləmdə ölkəmizin nüfuzunun getdikcə möhkəmləndiyini bildirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi ölkənin nüfuzunu daha da artırmışdır.  

Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin Kulturologiya İnstitutu direktorunun müavini Yuri Reznik, Beynəlxalq Dövlət İdarəçiliyi Metodologiyası Akademiyasının rektoru Anna Komarova və digərləri humanitar əlaqələrin möhkəmlənməsinə və iki ölkənin elmi-mədəni elitaları arasında dialoqun davam etdirilməsinə dair konkret təkliflər səsləndirmişlər.

ÜAK-ın baş katibinin müavini Nemət Nağdalıyev Konqres ilə fəal əməkdaşlığa görə konfrans iştirakçılarına minnətdarlığını bildirmişdir.

Sonra ÜAK rəhbərliyi tərəfindən Konqresin fəaliyyətində yaxından iştirak edən Rusiyanın bir neçə ali məktəbinin tələbələrinə diplomlar və kompyuterlər təqdim edilmişdir.       

Konfransın işində iki ölkənin rəsmi şəxsləri, ictimai xadimləri, Azərbaycan diasporunun və gənclərinin nümayəndələri iştirak etmişlər.

 

 

Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 2.