Bişkekdə Türkdilli Ölkələrin Parlament
Assambleyasının üçüncü
plenar iclası keçirilmişdir
İyunun 15-də Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) üçüncü plenar iclası keçirilmişdir. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri Oqtay Əsədov, Cəmil Çiçək, Nurlan Niqmatulin, Asılbek Jeenbekov və TürkPA-nın baş katibi Ramil Həsənovun rəhbərliyi ilə nümayəndə heyətləri, həmçinin Türk Konseyi, TÜRKSOY, İslam Əməkdaşlıq Təşkilatının Parlament Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Birliyi və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
İclasda Azərbaycan tərəfdən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlar Əhliman Əmiraslanov, Sevinc Hüseynova, Çingiz Qənizadə, Ülvi Quliyev və Sədaqət Vəliyevanın daxil olduqları nümayəndə heyəti iştirak etmişdir.
Qonaqları Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri Asılbek Jeenbekov salamlamış, türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli və çoxtərəfli formatda əlaqələrin getdikcə dərinləşdiyini qeyd etmişdir. O demişdir ki, biz ümumi maraqlarımızı uzlaşdırmalı və konstruktiv dialoqu genişləndirməliyik.
Sonra Qırğızıstan Prezidenti Almazbek Atambayevin iclas iştirakçılarına təbriki oxunmuşdur.
Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov çıxış edərək bildirmişdir ki, artıq üç ilə yaxındır Türkdilli Ölkələrin Parlament Assambleyası təsis edilmişdir. Assambleya çərçivəsində işbirliyi dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da dərinləşməsinə şərait yaratmışdır.
O.Əsədov demişdir: "Ötən dövrdə TürkPA-nın beynəlxalq aləmdə tanıdılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Təşkilat dünyanın 152 ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqda və İslam Əməkdaşlığı Təşkilatının Parlament Birliyində müşahidəçi statusu almış, onun ATƏT-in Parlament Assambleyasının fəaliyyətində xüsusi qonaq kimi iştirak etməsi barədə razılıq əldə olunmuşdur".
Milli Məclisin Sədri bildirmişdir ki, indi ölkələrimizin yerləşdiyi bölgələrdə həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimal ilə Cənubu bir-birinə sıx bağlayır. Xəzər neftini və qazını dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri artıq istismara verilmişdir. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan üzərindən dünya bazarlarına nəql edilir. Digər enerji-nəqliyyat layihələrinin həyata keçirilməsinə hazırlıq görülür.
Oqtay Əsədov çıxışını bu sözlərlə bitirmişdir: "Təəssüf ki, indiyədək həll edilməyən bir sıra münaqişələr həm beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaradır, həm də inteqrasiya proseslərinin inkişafına mane olur. Biz əminik ki, bütün münaqişələr, o cümlədən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamılıqla qəbul edilmiş beynəlxalq hüququn norma və prinsipləri, xüsusən ərazi bütövlüyü prinsipi əsasında yaxın gələcəkdə həll ediləcəkdir.
TürkPA-nın baş katibi Ramil Həsənov qurumun beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermiş, qeyd etmişdir ki, ötən müddət ərzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin sədrləri, bu ölkələrin xarici işlər nazirləri ilə müxtəlif görüşlər keçirilmişdir.
İclasda quruma üzv olan dövlətlər arasında əməkdaşlığa həsr edilmiş 20-yə yaxın məsələ müzakirə olunmuşdur. Beynəlxalq əlaqələr, iqtisadiyyat, ticarət və maliyyə, sosial, mədəniyyət, humanitar və hüquq məsələləri haqqında komissiyaların hesabatları dinlənilmişdir.
Sonra Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Qırğızıstan parlamenti- Joqorku Keneşin sədri Asılbek Jeenbekov çıxış etmiş, əlaqələrin dərinləşdirilməsinin vacibliyinə toxunmuşlar.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlar Sevinc Hüseynova, Çingiz Qənizadə, Əhliman Əmiraslanov və Ülvi Quliyev çıxış edərək müzakirə edilən məsələlərə münasibətlərini bildirmişlər.
Tədbirdə Katibliyin 2013-cü il üçün büdcəsi də təsdiq edilmişdir.
Sessiyanın sonunda TürkPA-nın üçüncü plenar iclasının yekun sənədi - Bişkek Bəyannaməsi qəbul olunmuşdur.
Sonra yerli
və xarici jurnalistlər üçün
mətbuat konfransı keçirilmişdir.
Azərbaycan.- 2012.- 17 iyun.- S. 3.