Azərbaycanın
və Özbəkistanın Daxili
İşlər nazirlikləri arasında əməkdaşlıq
dərinləşəcəkdir
Daxili işlər naziri general-polkovnik Ramil Usubov iyunun 15-də Özbəkistanın Azərbaycana yeni təyin olunmuş səfiri Şerzod Fayziyev ilə görüşmüşdür.
Daxili İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nazir R.Usubov qonağı bu təyinat münasibətilə təbrik etmiş, fəaliyyəti müddətində Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirmişdir.
Daha sonra nazir müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilən tədbirlər, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, qəbul edilmiş yeni qanunlar barədə məlumat vermiş, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlardan, əməliyyat şəraitinin nəzarət altında olmasından danışmışdır.
Bildirilmişdir ki, kriminogen durumun nəzarətə götürülməsi, sabitliyin bərpası, ilk növbədə, vətəndaşlarımızın, həmçinin əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb işləmələrinə, Azərbaycan iqtisadiyyatına külli miqdarda xarici sərmayənin qoyulmasına əlverişli şərait yaratmışdır.
Qeyd olunmuşdur ki, dövlət başçılarının qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ötən ilin sentyabrında həmkarının dəvəti ilə Özbəkistana rəsmi səfərini xatırladan R.Usubov vaxtilə imzalanmış bir sıra sazişlərin hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq üçün yaxşı imkanlar açdığını və cinayətkarlıqla birgə uğurlu mübarizəni təmin edən səviyyəyə çatdığını vurğulamışdır.
Səfir Şerzod Fayziyev tanışlıq məqsədi daşıyan səmimi görüşə və geniş məlumata görə minnətdarlığını bildirmiş, Milli Qurtuluş Günü münasibətilə nazir Ramil Usubovu təbrik etmişdir.
Ş.Fayziyev Bakıda böyük quruculuq və abadlıq işlərinin getməsindən,
Azərbaycanın bütün sahələrdə
sürətli inkişafından məmnun
qaldığını nəzərə çatdıraraq
xalqlarımız və dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin
daha da genişləndirilməsinə
çalışacağını vurğulamışdır.
Azərbaycan.- 2012.- 17 iyun.- S. 3.