Pekində Azərbaycan ilə Çin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir

 

Pekində Azərbaycan ilə Çin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir.

Görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd etmişdir ki, son illər iki dövlət arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Ölkələrimizin müxtəlif səviyyələrdə sıx əlaqələr yaratdığını deyən X.Xələfov Azərbaycan ilə Çin arasında qarşılıqlı siyasi etimadın və dostluq ənənələrinin möhkəmləndiyini, işgüzar əməkdaşlığın daha da genişləndiyini demişdir. O, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının mühüm məsələlərdə bir-birlərinə dəstək vermələrinin, beynəlxalq və regional məsələlərdə birgə fəaliyyət göstərmələrinin önəmini vurğulamışdır.

Azərbaycanlı diplomat çinli həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun sülh yolu ilə həlli prosesi barədə də ətraflı məlumat vermişdir.

X.Xələfov Azərbaycanın "vahid Çin" prinsipinə dair mövqeyini bir daha bəyan etmişdir. Vurğulanmışdır ki, ölkəmiz üçün dünyada yalnız bir Çin vardır və Çin Xalq Respublikasının hökuməti Çini təmsil edən yeganə qanuni dövlətdir, Tayvan isə Çinin ayrılmaz hissəsidir.

Çin xarici işlər nazirinin müavini Çen Quopinq son 20 ildə Azərbaycanın milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulamış, ikitərəfli münasibətlərin inkişafını müsbət qiymətləndirmişdir. Çinli diplomat bildirmişdir ki, ölkəsi Azərbaycanı özünün həqiqi dostu və etibarlı tərəfdaşı hesab edir. Çen Quopinq qeyd etmişdir ki, iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 20-ci ildönümünü bir imkan kimi istifadə edərək, Çin bundan sonra da qarşılıqlı siyasi etimadı gücləndirməyə, praqmatik əməkdaşlığı dərinləşdirməyə, mədəni mübadiləni artırmağa, bərabərlik və qarşılıqlı fayda əsasında ikitərəfli münasibətlərin davamlı inkişafı naminə Azərbaycan ilə birgə səylərlə işləməyə hazırdır.

Dağlıq Qarabağ münaqişəsinə dair Çinin mövqeyinin aydın və dəyişməz olduğunu qeyd edən Çen Quopinq ölkəsinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini diqqətə çatdırmışdır. Rəsmi Pekin münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

Görüşdə ikitərəfli münasibətlər, müxtəlif sahələrdə əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Sonda çinli diplomata Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin yaradılmasının 20-ci ildönümü münasibətilə üzərində dövlət başçılarının əksi olan xüsusi gümüş xatirə sikkə, habelə xatirə nəşri təqdim edilmişdir.

 

 

Şahin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 3.