Dövlət Miqrasiya Xidmətində 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir olmuşdur
Dövlət Miqrasiya Xidmətindən bildirmişlər ki, tədbirdə hər bir xalqın tarixində milli liderin, şəxsiyyətin əvəzolunmaz rolu barədə danışılmış, bunu Azərbaycan xalqının timsalında daha aydın dərk etməyin mümkünlüyü diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda baş verən hadisələr Azərbaycanı məhv olmaq, dünya siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında qoymuşdu. Məhz 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizi xilas etmişdir. 1993-cü ilin iyun günlərində ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanmış qurtuluş mübarizəsi özünün yeni - həlledici mərhələsinə qədəm qoymuş, bütün Azərbaycanın yeni tarixi başlamış və 15 iyun - əbədi olaraq dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazılmışdır.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılmışdır. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi ardıcıl inkişaf yoluna çıxarmış, ictimai-siyasi sabitlik təmin olunmuş, iqtisadi inkişafa geniş meydan açılmış, ölkəyə xarici sərmayələr cəlb edilmiş, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılmış, nizami ordu qurulmuş, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilmişdir. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulmuş, azad vətəndaş cəmiyyəti bərqərar edilmişdir.
Vurğulanmışdır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə müşahidə olunan tərəqqi, genişmiqyaslı inkişaf, həyata keçirilən əzəmətli layihələr, respublikanın hərtərəfli modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər məhz ulu öndərin müəyyənləşdirdiyi siyasi kursun layiqli davamıdır.
Tədbirdə respublikanın sürətli sosial-iqtisadi inkişafı, onun əlverişli geosiyasi mövqeyinin miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxardığı da nəzərə çatdırılmışdır.
Tədbir Qurtuluş
Gününə həsr edilmiş sənədli
filmin nümayişi
ilə davam etdirilmişdir.
Azərbaycan.- 2012.- 17 iyun.- S. 4.