Polis Akademiyasında Milli Qurtuluş Günü qeyd olunmuşdur

 

 Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdığı tarix - 15 İyun - Milli Qurtuluş Günü respublikamızın hər yerində olduğu kimi, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında da qeyd edilmişdir.

Polis Akademiyasından AzərTAc-a bildirmişlər ki, tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyulmuşdur.

Akademiyanın klubunda davam edən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev 1993-cü ilin 15 iyunu ərəfəsində respublikada baş vermiş faciəli hadisələr barədə iştirakçıları məlumatlandırmışdır.

İctimai elmlər kafedrasının rəisi, polis polkovniki Teymur Əliyev və daxili işlər orqanlarında inzibati fəaliyyət kafedrasının dosenti, polis polkovnik-leytenantı Hikmət Eyvazov 15 İyun - Milli Qurtuluş Gününün tarixi və 1993-cü ilin iyununda Azərbaycan Respublikasının və xalqımızın milli varlığının, dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zaman ulu öndər Heydər Əliyevin göstərdiyi əvəzsiz xidmətlər barədə iştirakçılara ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar.

Tədbir şəxsi heyət tərəfindən böyük maraqla qarşılanmışdır.

 

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 4.