Murmanskda bayram şənlikləri

 

 Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Murmansk vilayət bölməsi Milli Qurtuluş Günü münasibətilə tədbir keçirmişdir.

Murmansk vilayəti İctimai Palatasının üzvü, ÜAK regional bölməsinin sədri Afil Hüseynov bu günün tarixindən, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dirçəlişi və sürətli inkişafından danışmışdır. Azərbaycanın gələcəyi sual altında olduğu bir dövrdə respublikaya rəhbərliyi öz üzərinə götürən ulu öndər Heydər Əliyev qısa müddət ərzində vətəndaş müharibəsinə son qoymuş, ictimai-siyasi sabitliyə nail ola bilmişdir. Ümummilli liderin Azərbaycan rəhbərliyinə qayıdışından sonra müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Dahi liderin uzaqgörən siyasəti sayəsində demokratik dövlətlərin və aparıcı ictimai təşkilatların ölkəmizə münasibəti dəyişmiş, beynəlxalq aləmdə mövqeyimiz möhkəmlənmişdir.

Sonra tədbirdə ÜAK və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üzvləri Tamilla Uvuzova, Vidadi Hümbətov, Sadiq Salmanov və başqaları çıxış etmişlər. Bildirilmişdir ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Rusiya münasibətləri hazırda strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır və bu siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Murmansk vilayətinin qubernatoru Marina KaftununMurmansk vilayət dumasının sədri Vasili Şambiranın təbrik məktubları oxunmuşdur.

İştirakçılara Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşr etdirdiyi kitablar paylanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 4.