Gürcüstan Azərbaycanlılarının Mədəniyyət
Mərkəzi Milli Qurtuluş
Gününü qeyd etmişdir
Marneulidə, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Mədəniyyət mərkəzinin rəhbəri Fazil Həsənov tədbiri açaraq demişdir ki, hər bir xalqın milli dövlətçilik tarixində, xüsusən də, böhranlı məqamlarda güclü şəxsiyyətlər həlledici rol oynayır və nəticədə xalqın gələcək taleyi müəyyənləşdirilir. Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Ulu öndər xalqla birlikdə Azərbaycanda hakimiyyət böhranına son qoymuş, hərc-mərclik və xaos burulğanında boğulan ölkəni qısa müddətdə sabitlik, güclü inkişaf yoluna çıxarmışdır. F.Həsənov demişdir ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə Azərbaycanda deyil, bütün bölgədə sabitliyin yaranmasına səbəb olmuşdur. O dövrdə Gürcüstanda baş verən hadisələr, qarmaqarışıqlıq bu ölkənin azərbaycanlı vətəndaşlarının durumuna da ağır təsir göstərmiş, onlarda təşviş yaratmışdır. Müdrik siyasətçinin qayıdışı gürcüstanlı soydaşlarımızı bu təhlükədən sovuşdurmuş, onlarda doğma yurda bağlılıq meyillərini gücləndirmişdir. Azərbaycan xalqı hiss etmişdir ki, onun güclü lideri, arxa-dayağı vardır. Bütün dünya azərbaycanlıları kimi, gürcüstanlı soydaşlar da Azərbaycan dövlətçiliyini özünün şah əsərinə çevirmiş Heydər Əliyevin xatirəsini həmişə əziz tutur, minnətdarlıqla xatırlayır.
Xalq Şairi Zəlimxan Yaqub Milli Qurtuluş Gününün Azərbaycan dövlətçilik tarixində mühüm inkişaf mərhələsi, quruculuğun başlanğıcı olduğunu demiş və tariximizin şanlı səhifəsi olan bu günə Heydər Əliyevin müdrikliyi, mətin iradəsi nəticəsində nail olunduğunu bildirmişdir.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, professor Mahmud Kamaloğlu və başqaları ulu öndər Heydər Əliyevin Azərbaycanın milli qurtuluşa nail olması üçün göstərdiyi əvəzsiz xidmətlərdən, ölkənin qazandığı uğurlardan söhbət açmışlar.
İslam ƏLİYEV
Azərbaycan.- 2012.- 17 iyun.- S. 4.