Laymdota STRAUYUMA: Azərbaycan və onun paytaxtı regionun nüfuzlu iqtisadi və maliyyə mərkəzinə çevrilməklə yanaşı, dövlətin uğurlu inkişafının nümunəsidir

 

Bu günlərdə Latviyanın əkinçilik naziri Laymdota Strauyuma Azərbaycanda səfərdə olmuşdur. Nazir AzərTAc-ın müxbiri ilə söhbətində səfərinin yekunlarından danışmış və Azərbaycanla bağlı təəssüratlarını bölüşmüşdür.

L.Strauyuma bildirmişdir ki, səfər çərçivəsində Azərbaycanın kənd təsərrüfatı və iqtisadi inkişaf nazirləri, habelə sahibkarlarla  görüşmüşdür. Səfərin yekunları iki ölkə arasında ticarət, kənd təsərrüfatı, balıq sənayesi sahələrində əlaqələrin genişlənməsinə kömək edəcək, nazirliklər və sahibkarlar arasında səmərəli təcrübə mübadiləsinin qurulmasına şərait yaradacaqdır.

Laymdota Strauyuma Azərbaycan tərəfinin Latviya fermerləri ilə kooperasiyada maraqlı olduğunu bildirmişdir. Nazir demişdir ki,  Azərbaycan fermerləri müasir kooperativ hərəkatının təşkilində, kənd təsərrüfatında ən yeni texnologiyalardan istifadə olunmasında latviyalı həmkarlarının təcrübəsindən istifadə edə bilərlər.

L.Strauyuma iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə görüşdə iki dövlət arasında əmtəə dövriyyəsinin artırılması məsələlərinin müzakirə edildiyini diqqətə çatdırmışdır.

Əkinçilik naziri bildirmişdir ki, Azərbaycana səfəri çərçivəsində bir neçə ərzaq mağazasında və supermarketdə olmuş, Latviya istehsalı olan süd məhsullarının, balıq konservlərinin, çipslərin, mürəbbələrin, içkilərin və s. geniş çeşiddə təklif edilməsinin  şahidi olmuşdur. Nazir demişdir: "Azərbaycan bazarı böyükdür, burada əhalinin alıcılıq qabiliyyəti nisbətən genişdir. Bunu nəzərə alan Latviya ərzaq malları istehsalçıları ölkənizə məhsul ixracını artırmaq niyyətindədir".

L.Strauyuma qeyd etmişdir ki, səfər zamanı bir neçə kənd təsərrüfatı və balıq məhsulları istehsal edən müəssisədə olmuşdur. Qonaq demişdir: "Ümidvaram ki, iki ölkənin müəssisələri arasında yeni əlaqələr yaradılacaqdır".

Nazir əməkdaşlığın genişləndirilməsi məqsədi ilə kənd təsərrüfatı naziri İsmət Abasovuiqtisadi inkişaf naziri Şahin Mustafayevi Latviyaya səfərə dəvət etmişdir.

L.Strauyuma vurğulamışdır ki, Azərbaycan Respublikasının  Kənd Təsərrüfatı Nazirliyi ilə imzalanmış anlaşma memorandumu iki ölkə arasında kənd təsərrüfatı və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişafına kömək edəcəkdir.

Bakı haqqında təəssüratlarını bölüşən nazir bildirmişdir ki, Azərbaycan paytaxtının sürətli inkişafı onu heyran etmişdir. O demişdir: Azərbaycan və onun paytaxtı regionun nüfuzlu iqtisadi və maliyyə mərkəzinə çevrilməklə yanaşı, dövlətin uğurlu inkişafının nümunəsidir. Çox sayda göydələnlər, müasirliyitarixiliyi özündə birləşdirən özünəməxsus memarlıq üslubu, yaraşıqlı sahilyanı park məndə unudulmaz təəssürat yaratmışdır".

 

 

Nigar HÜSEYNOVA

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 5.