Azərbaycan
nümayəndə heyəti Çində səfərdə olmuşdur
Səfər
çərçivəsində bir
sıra tədbirlər və görüşlər keçirilmiş, sənədlər
imzalanmışdır
İqtisadi İnkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti iyunun 11-16-da Çin Xalq Respublikasında səfərdə olmuşdur. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan İnvestisiya Şirkətinin, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin nümayəndələri, həmçinin iş adamları daxil idilər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirmişdir. Çinin kommersiya naziri Çen Deminq ilə keçirilmiş görüşdə əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilmiş, Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmış, əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulanmışdır.
Görüşün sonunda Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum, İqtisadi İnkişaf Nazirliyi və Çinin Sincan-Uyğur Muxtar Rayonu hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun yaradılması haqqında protokol, həmçinin AZPROMO ilə Çin və Avropa Arasında Texniki və İqtisadi Əməkdaşlıq üzrə Assosiasiya arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.
Azərbaycan nümayəndə heyəti ilə Çinin kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şanılla keçirilmiş görüşdə isə iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Sonra Pekində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Çin və Avropa Arasında Texniki və İqtisadi Əməkdaşlıq üzrə Assosiasiyanın təşkilatçılığı ilə Çin-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə Azərbaycan və Çin tərəfindən rəsmi şəxslərlə yanaşı, bank, sığorta, sənaye, tikinti, şərabçılıq, arıçılıq, bağçılıq və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak etmişdir.
Biznes-forumda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan və Çin arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini, rəsmi və işgüzar səfərlərin, imzalanmış sənədlərin, ölkələrimiz arasında yaradılmış möhkəm qanunvericilik bazasının, Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyətinin əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulamışdır. İkitərəfli əməkdaşlığın inkişafında ticarət əlaqələrinin əhəmiyyətini qeyd edən nazir bu ilin 4 ayı ərzində Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin 60 faiz artdığını qeyd edərək bildirmişdir ki, ticarət dövriyyəsinin daha da artırılması üçün hər iki ölkə böyük potensiala malikdir: "Bu gün Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çinli iş adamları uğurla fəaliyyət göstərirlər. 2004-2011-ci illər ərzində Çin kapitalına əsaslanan 40 şirkət qeydiyyatdan keçmişdir. 1995-2011-ci illər ərzində Çin şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 102,5 milyon, neft-qaz sektoruna isə 598 milyon dollar investisiya yatırılmışdır. Çin şirkətlərinin iştirakı ilə dövlət sifarişi əsasında həyata keçirilən layihələrin ümumi dəyəri 417 milyon avro təşkil edir. Çində Azərbaycan kapitallı 16 şirkət qeydiyyatdan keçmişdir və onlar tərəfindən bu ölkəyə təqribən 5 milyon dollar həcmində investisiya yatırılmışdır".
Çinli iş adamlarını Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, eləcə də sənaye parklarının yaradılması layihələrində fəal iştiraka dəvət edən Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat verərək bildirmişdir ki, Azərbaycan Prezidenti tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişafı təmin olunmuşdur: "Həyata keçirilən uğurlu daxili və xarici siyasət, iqtisadi sahədə reallaşdırılan ardıcıl və məqsədyönlü islahatlar, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri və yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır, Cənubi Qafqaz regionunun aparıcı ölkəsi, iqtisadi və mədəni mərkəzidir", - deyən nazir biznes-forum çərçivəsində müzakirə edilən məsələlərin və aparılan ikitərəfli danışıqların ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına öz töhfəsini verəcəyinə, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsinə şərait yaradacağına əminliyini vurğulamışdır.
Çinin kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şan Azərbaycan nümayəndə heyətinin Çinə səfərindən məmnunluğunu ifadə etmiş, biznes-forumun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında və əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulamışdır.
AZPROMO-nun nümayəndəsi Vüsal Abbasov Azərbaycanın biznes və investisiya imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat vermişlər.
Biznes-forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilmiş, ilkin razılaşmalar əldə edilmişdir.
İyunun 13-də isə Azərbaycan nümayəndə heyəti Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri ilə görüşmüşdür. Görüşdə siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanmış, iqtisadi əməkdaşlığın inkişaf etdiyi qeyd olunmuşdur.
Səfər çərçivəsində
Azərbaycan nümayəndə heyəti Çində təhsil
alan azərbaycanlı tələbələrlə
görüşmüş, eləcə də
Quançjouda keçirilən Çin-Azərbaycan
biznes-forumunda iştirak
etmiş, sənaye parklarının fəaliyyəti
ilə tanış olmuşdur.
Azərbaycan.- 2012.- 17 iyun.- S. 5.