Zamanı qabaqlayan alim
Azərbaycanda aerokosmik tədqiqatlar sahəsində birinci elmlər doktoru, professor Fuad Mahmud oğlu Hacızadənin 60 yaşı tamam olur. Onun keçdiyi şərəfli ömür yolu, zəngin elmi-pedaqoji və praktiki fəaliyyəti özünün geniş intellektual imkanları, yaradıcılıq əzmi ilə vətən elminin inkişafı, o cümlədən aerokosmik tədqiqatlar, ekoloji problemlərin öyrənilməsi və həlli, gənc ekoloqloqların hazırlanması sahəsində qısa zamanda çox böyük və maraqlı işlər görmüş vətənpərvər alim-vətəndaşı göz önündə canlandırır. Nüfuzlu beynəlxalq təşkilatlardan olan Rusiya Təbiət Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi isə yubiley ərəfəsində görkəmli alimin bioqrafiyasına fərəh və qürür hissi doğuran daha bir uğur, xoş hadisə kimi yazılmışdır.
Fuad Mahmud oğlu Hacızadə 19 iyun 1952-ci ildə Siyəzən şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1974-cu illərdə Rusiyanın məşhur ali təhsil ocaqlarıdan olan Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsini biitirmişdir. Həmin ildən Azərbaycan Milli Aerokosmik Agentliyində (AMAKA) əmək fəaliyyətinə başlamış, burada adi mühəndislikdən baş direktorun birinci müavini vəzifəsinədək yüksəlmiş, uzun illər (1991-2007) agentliyin Ekologiya İnstitutunun direktoru olmuşdur. 2008-2009-cu illərdə Azərbaycan MEA-nın Geologiya İnstitutunda baş elmi işçi, 2009-2011-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında rəis müavini (prorektor) vəzifələrində çalışmışdır. Hazırda dövlət qulluğunda əmək fəaliyyətini davam etdirir.
Azərbaycanda aerokosmik tədqiqatların cığır açanı olan professor F.Hacızadə ilk elmi uğura Moskvada, keçmiş SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda apardığı araşdırmalar nəticəsində nail olmuş, 1983-cü ildə "Yerin "Meteor-28" süni peykindən alınan infraqırmızı spektrlər əsasında atmosferin kiçik qaz komponentlərinin həcminin təyini" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
Apardığı nadir aerokosmik tədqiqatlar istedadlı alimə qlobal miqyasda aktuallaşan ətraf mühit və ekologiya problemlərini daha dərindən öyrənmək, onların həlli istiqamətində səmərəli elmi-praktiki işlər görmək imkanı vermişdir. Azərbaycanda və xaricdə bu mövzulara həsr edilən seminar, konfrans və simpoziumların fəal iştirakçısı olan F.Hacızadənin elmi məruzə və çıxışları daim böyük maraqla qarşılanmış, yüksək dəyərləndirilmişdir.
O, 1994-cü ildə Bakıda keçirilən "Ekologiyanın müasir problemləri" adlı beynəlxalq konfransın təşkilatçılarından biri olmuşdur. 1998-ci ildə Avstriyanın Qrats şəhərində BMT tərəfindən "Yerin təbii ehtiyatlarının tədqiqi və müasir kosmik texnologiya" mövzusunda keçirilən beynəlxalq simpoziumda F.Hacızadənin Azərbaycanda ətraf mühitin aerokosmik üsullarla öyrənilməsi sahəsində aparılan işlər barədə məruzəsi böyük maraqla qarşılanmışdır. Tanınmış alim 2000-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində "Beynəlxalq radiasiya" simpoziumunda da geniş elmi məruzə ilə çıxış etmişdir.
Bir sıra xarici ölkələrdə, o cümlədən Almaniyada (1976-cı il), Türkiyədə (1993-cü il), Avstriyada, İranda (1997-ci il) qısamüddətli elmi ezamiyyətlərdə olan F.Hacızadə özünün parlaq istedadı, geniş erudisiyası, yaradıcılıq əzmi ilə hər yerdə, həmişə Azərbaycan elmini layiqincə təmsil etmiş, öz həmkarları arasında dərin hörmət və ehtiram qazanmışdır.
Respublikamızda və xaricdə 100-dən artıq dəyərli elmi məqaləsi və əsəri çapdan çıxan ekoloq alimin 1997-ci ildə nəşr etdirdiyi "Atmosferin ekoloji monitorinqi" adlı sanballı monoqrafiyası onun çoxillik gərgin zəhmətinin bəhrəsi olmuşdur. O, atmosferin ekoloji monitorinqi sahəsində apardığı dəyərli tədqiqatları və aldığı elmi nəticələri yekunlaşdıraraq, 1998-ci ildə "Atmosferin ekoloji monitorinqi üçün cihazların və üsulların işlənməsi" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Fuad Hacızadəyə 1999-cu ildə texnika elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Görkəmli alim elmi-təşkilatçılıq fəaliyyəti ilə yanaşı pedaqoji sahədə də çalışmış, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali təhsil ocaqlarında ekologiyaya və yerin aerokosmik tədqiqatına dair maraqlı mühazirələr oxumuş, gənc ekoloqların hazırlanması işinə sanballı töhfələr vermişdir.
Özünün dəyərli elmi-nəzəri fikirləri, zəngin təcrübəsi ilə həmkarları arasında böyük nüfuz qazanmış professor F.Hacızadə Rusiyanın populyar dövri elmi nəşrlərindən biri olan, Sankt-Peterburqda çap edilən "Biosfera" beynəlxalq elmi-tətbiqi jurnalının redaksiya üzvüdür. O, həmçinin 1999-cu ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir.
Professor F.Hacızadə elmi kadrların yetişməsində fəal iştirak edir. İndiyədək
onun rəhbərliyi ilə doqquz elmlər namizədi, bir
elmlər doktoru öz
araşdırmalarını uğurla
yekunlaşdırmış, müvafiq elmi dərəcə
almışlar. Görkəmli alim hazırda da bir neçə
doktorant və dissertanta elmi rəhbərlik edir.
Fuad müəllimin
çoxşaxəli fəaliyyətinin
bir istiqaməti də ölkəmizin ictimai-siyasi həyatı ilə bağlıdır. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının
(YAP) üzvü kimi
o, ulu öndər Heydər Əliyevin xalqımıza misilsiz nailiyyətlər qazandıran
siyasi-ideoloji xəttinə
sədaqətlə xitmət
edir, partiyanın cəmiyyət həyatında
rolunun daim artırılması üçün
fədakarlıqla çalışır.
F.Hacızadə 1999-cu ildə
YAP Binəqədi rayon təşkilatının
sədri, YAP-ın I və II qurultaylarında isə partiyanın siyasi şurasının üzvü seçilmişdir.
Texnika elmləri doktoru, professor Fuad Hacızadə vətənimizi, xalqımızı
ürəkdən sevən,
milli inkişafımız
üçün özünəməxsus
əzmkarlıqla çalışan təvazökar
alimlərdən, ziyalılardandır.
O, müasir düşüncəli,
yenilikçi bir elm adamı kimi zamanı qabaqlayaraq, bütün ömrünü
təkcə Azərbaycanda
deyil, dünyada nisbətən təzə
təşəkkül tapan
bir sahəyə həsr etmiş, bu sahədə böyük uğurlar qazanmışdır. Bu gün
professor Fuad Hacızadənin dünyanın
elmi ictimiyyəti tərəfindən tanınıb
qəbul edilməsi vətənimizə, xalqımıza
başucalığı gətirir.
Yaxınları, dostları, həmkarları
onun qazandığı
uğurlardan qürur və iftixar hissi duyur.
Deyirlər, 60 illik ömür
müdriklik xəzinəsidir:
Fuad müəllimin bu sərvətdən qarşıdakı uzun illər ərzində də bacarıqla istifadə edəcəyinə,
öz elmi-yaradıcı
istedadı, zəngin həyat təcrübəsi,
fenomenal işgüzarlığı
ilə xalqımıza,
vətənimizə diqqətəlayiq
xidmətlər göstərəcəyinə
əminik. Onu yubileyi münasibətilə
səmimi qəlbdən
təbrik edir, möhkəm cansağlığı,
elmi və xidməti fəaliyyətində
yeni-yeni uğurlar diləyirik.
Ramiz MƏMMƏDOV,
AMEA-nın müxbir üzvü,
texnika elmləri doktoru,
professor
Azərbaycan.- 2012.- 17 iyun.- S. 6.